15 May 2026 / 19:40

İtaliya Hörmüz boğazının blokadasından narahatdır

İtaliya üçün Hörmüz boğazının blokadası sadəcə regional böhran deyil, enerji təhlükəsizliyinə, sənaye rəqabətliliyinə və beynəlxalq iqtisadi balanslara təsir göstərəcək qlobal sarsıntıdır.

Tezadlar.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayaninin Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc olunmuş məqaləsində bildirilib.

Onun sözlərinə görə, Hörmüzün blokadası həm region ölkələri, həm də İtaliya kimi ixracatçı ölkə (ixracı ÜDM-nin təxminən 40 %-nə bərabərdir – red.) üçün ciddi riskdir.

“Bildiyimiz kimi, Hörmüz boğazı dünya ticarətinin strateji qovşağıdır: qlobal neftin təxminən 20 %-i, mayeləşdirilmiş təbii qaz ixracının dörddə biri və beynəlxalq istehsal zəncirləri üçün zəruri olan xammalın mühüm hissəsi bu keçiddən keçir. Ticarət marşrutlarının təhlükəsiz olmaması və enerji qiymətlərinin artması artıq Avropa ailələri və şirkətləri üzərində təsir göstərməyə başlayıb. Qlobal ticarətin zəifləməsinə və rüsumların təsirinə baxmayaraq, 2025-ci ildə İtaliyanın ixracı yenə də 3,3 % artıb və bu, dəniz marşrutlarının sabitliyinin milli iqtisadiyyat üçün nə qədər vacib olduğunu təsdiqləyir”, – XİN rəhbəri qeyd edib.

Tayani vurğulayıb ki, dünya gübrə ixracının təxminən 30 %-i Hörmüz boğazından keçir, və onlar bir çox həssas iqtisadiyyatların ərzaq təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.

Nazir həmçinin xatırladıb ki, Yaxın Şərqdə vəziyyətin nizamlanmasına kömək etmək üçün həm ABŞ, həm də İranla əlaqələr saxlayıb.

“Diplomatik müstəvidə mən yaxın günlərdə Romada görüşdüyüm ABŞ dövlət katibi, dostum Marko Rubio ilə daimi əlaqə saxlamışam. Biz transatlantik əlaqələrin qorunmasının və sülh ilə beynəlxalq sabitlik naminə birgə işləməyin vacibliyi barədə razılığa gəldik.

Mən İranın xarici işlər naziri Abbas Əraqçi ilə də dialoqu davam etdirmişəm və Tehranın “vicdanlı şəkildə” danışıqlar aparmasının, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlığı bərpa etməsinin və eyni zamanda Körfəz ölkələri ilə müsbət münasibətləri yenidən qurmasının vacibliyini vurğulamışam. Son həftələrdə Çinə səfər edərək xarici işlər naziri Van İ ilə görüşdüm və Pekini Tehranla vasitəçilikdə daha fəal rol oynamağa çağırdım”, – o əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!