Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 May 2026 / 11:00

Saray sakinləri fəryad edir – VIDEO

Küçələri çirkab sular basıb

Abşeron rayonunun Saray qəsəbəsində yaranmış kanalizasiya problemi sakinlərin gündəlik həyatını dözülməz vəziyyətə salıb. Qəsəbənin Arif Heydərov küçəsi 45 ünvanında mərkəzi kanalizasiya xəttinin çökməsi nəticəsində çirkab sular ətrafa yayılaraq küçələri və yaşayış evlərinin həyətlərini basıb.

Ərazidə yaranan ağır vəziyyət sakinlərin ciddi narahatlığına səbəb olub. Günlərdir küçələrdən axan çirkab sular həm güclü antisanitariya yaradır, həm də ərazidə epidemiya təhlükəsini artırır. Yay mövsümünün yaxınlaşması isə vəziyyəti daha da ağırlaşdırır. Sakinlərin sözlərinə görə, ətrafa yayılan üfunət iyi artıq normal yaşayışı mümkünsüz edib. Uşaqlar həyətə çıxa bilmir, insanlar pəncərə açmaqdan belə çəkinirlər.

Saray qəsəbə sakinləri bildirirlər ki, problem yeni yaranmayıb. Onların sözlərinə görə, mərkəzi kanalizasiya xəttindəki nasazlıq uzun müddətdir davam edir və dəfələrlə aidiyyəti qurumlara müraciət olunmasına baxmayaraq, problem hələ də həllini tapmayıb.

Sakinlər xüsusilə qeyd edirlər ki, əraziyə kanalizasiya xəttini təmizləyən xüsusi texnikanın cəlb olunmasına ehtiyac var. Lakin müraciətlərə baxmayaraq, indiyədək konkret tədbir görülməyib.

Həmin küçədə yaşayan Atəş Əliyev vəziyyətin artıq dözülməz həddə çatdığını deyir. Onun sözlərinə görə, “Azərsu”ya dəfələrlə zəng etsələr də, nəticə əldə olunmayıb:

“Azərsuya dəfələrlə zəng etmişik, gələn yoxdur ki, yoxdur. Pul yığmaq məsələsi olanda dərhal gəlirlər. Amma qəza baş verəndə heç kim gəlib kömək etmir. Gəlsələr də, elə-belə baxıb gedirlər. Cavabları da bu olur ki, buna texnika lazımdır. Mən bilmirəm, əgər texnikanı da sakinlər tapıb gətirəcəksə, onda bu qurum niyə mövcuddur axı? Bir sözlə, zibilin içində qalmışıq. Dərdimizi kimə deyək?”

Ərazidə yaranan vəziyyət sakinləri, xüsusən də azyaşlı uşaqlarla bağlı ciddi narahat edir. Çirkab suların küçələrə yayılması uşaqlar üçün böyük təhlükəyə çevrilib. Ərazi sakinləri deyirlər ki, vəziyyət artıq o həddə çatıb ki, hər an xoşagəlməz hadisənin baş verməsi mümkündür.

Problemin fəsadları bununla yekunlaşmır. Kanalizasiya sularının küçələrə axması təkcə yaşayış üçün problem yaratmır, eyni zamanda insanların sağlamlığı üçün də ciddi risk formalaşdırır. Ərazidə ağcaqanad və müxtəlif həşəratların artdığı, üfunət iyinin isə xüsusilə axşam saatlarında daha da kəskin hiss olunduğu bildirilir.

Saray sakinləri aidiyyəti qurumlardan, xüsusilə “Azərsu” ASC və Abşeron Rayon Sukanal İdarəsindən əraziyə xüsusi texnikanın göndərilməsini və kanalizasiya probleminin təcili şəkildə aradan qaldırılmasını tələb edirlər. Onlar bildirirlər ki, vəziyyət bu şəkildə davam edərsə, ərazidə sanitar vəziyyət daha da ağırlaşacaq və bunun nəticələri daha ciddi problemlərə yol aça bilər.

Elşad FƏRMANOĞLU

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!