Məlum olduğu kimi, paytaxt Bakıda çoxlu sayda yeraltı keçidlər tikilib və vətəndaşların rahatlığını təmin etmək üçün eskalatorlar var.
Lakin onların çoxunda problemlər yaşanır – eskalatorlar işləmir. Və bu da vətəndaşların haqlı narazılığına səbəb olur.
Sosial şəbəkə istifadəçilərindən Elyar İslamoğlu öz Fb səhifəsində məsələyə toxunaraq bildirib ki, Bakının müxtəlif ərazilərində, xüsusilə Azneft dairəsi, Bayraq Meydanı və digər yeraltı keçidlərdə eskalatorların uzun müddətdir işləməməsi vətəndaşlar üçün ciddi narahatlıq yaradır.
SİTAT:“Problemi daha da ağırlaşdıran məqam odur ki, eskalatorların pilləkənləri adi pilləkənlərlə müqayisədə daha hündür və dik olduğundan yaşlı insanlar, əlilliyi olan şəxslər, uşaqlı valideynlər və ümumilikdə piyadalar üçün hərəkəti çətinləşdirir.
Digər tərəfdən isə yeraltı keçiddən istifadə etməyərək avtomobil yolundan keçən vətəndaşlar yol polisi tərəfindən cərimələnirlər.
Belə olan halda haqlı sual yaranır: vətəndaşların istifadəsinə təqdim edilməli olan infrastruktur normal vəziyyətdə deyilsə, bu problem necə tənzimlənməlidir?
Bəs aylarla, hətta illərlə eskalatorların təmirini gecikdirən, onları işlək vəziyyətə gətirməyən qurumlar üçün hansı məsuliyyət tədbirləri görülür? Vətəndaş qaydanı pozduqda cərimələnirsə, ictimai infrastrukturun yararsız vəziyyətdə qalmasına görə məsuliyyət daşıyan qurumu kim cərimələyəcək, kim cavabdehlik daşıyacaq?”.
Qeyd edək ki, ötən ay Bakı Şəhər İcra Hakimiyyəti-nin Mətbuat Xidməti bu problemin həll ediləcəyi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvanda ümumilikdə 177 eskalatorun və 2 travelatorun yenilənməsi nəzərdə tutulur. Eyni zamanda, yerüstü piyada keçidlərində quraşdırılmış bəzi liftlərin dəyişdirilməsi və əsaslı təmiri həyata keçiriləcək.
Yenilənəcək eskalatorların bir hissəsi texniki uyğunsuzluqla quraşdırılıb, digər hissəsi isə istismar müddətini başa vurub. Vətəndaşların təhlükəsizliyi və rahat hərəkəti məqsədilə həmin avadanlıqlar tamamilə yeni sistemlərlə əvəz ediləcək. Yeni eskalatorların dünyanın aparıcı istehsalçılarından biri olan Finlandiyanın KONE şirkəti tərəfindən istehsal olunacaq. Hər bir keçid üçün nəzərdə tutulan mexanizmlər fərdi ölçü və texniki göstəricilərə uyğun olaraq zavod şəraitində xüsusi sifarişlə hazırlanacaq. Bu səbəbdən istehsal və çatdırılma prosesi bir neçə ay davam edəcək və quraşdırma işlərinə cari ilin payız aylarında mərhələli şəkildə başlanması planlaşdırılır.
Demək ki, vətəndaşlar payızadək səbr etməli olacaqlar…