Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığında qarşılıqlı hücumların regional müharibəyə çevriləcəyi təqdirdə İsrailin İrana qarşı tək qala biləcəyi barədə xəbərdarlıq etdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Tramp İsrailin 12-ci Kanal televiziyasına Netanyahu ilə İranla qarşılıqlı hücumlarla bağlı telefon danışığı barədə danışıb.
Netanyahudan İranın raket hücumlarına qarşı qisas almamasını istədiyini bildirən Tramp deyib: “Mən “Bibi”yə dedim ki, nə etsə, çox diqqətli olmalıdır, əks halda, çox tezliklə İrana qarşı tək qala bilər”.
ABŞ Prezidenti İsrailin İrana qarşı hücumlar barədə “son anda” məlumatlandırıldığını, lakin buna baxmayaraq, hücumun miqyasını məhdudlaşdıra bildiyini vurğulayıb.
Beş regional ölkə İsrailin hücumlarını dayandırmasını tələb etdi
Tramp ABŞ və İran arasında vasitəçilik səylərində iştirak edən beş regional ölkənin İsrailə hücumlarını dayandırması üçün təzyiq göstərdiyini bildirib və İran rəsmilərinin də bu səhər Vaşinqtonla əlaqə saxladığı barədə məlumatı paylaşıb.
Tramp həmçinin Tehran administrasiyasının İsrailə qarşı yeni bir hücum etməyəcəyini açıqladığını və qarşılıqlı hücumların dayandırılmasını tələb etdiyini iddia edib.
Bu inkişafdan sonra Tramp Netanyahu ilə daha bir telefon danışığı etdiyini və İsrailin Baş nazirini hücumları dayandırmağa razı saldığını bildirib.
Tramp İranla hərtərəfli razılaşmanın hələ də mümkün olduğunu və Tehran administrasiyasının da buna can atdığını bildirib.
İsrail mediası Baş nazir Netanyahunun Trampın xahişi ilə İrana hücumları dayandırmağa razı olduğunu, lakin Livana hücumların “tam güclə” davam edəcəyini iddia etmişdi.
Dünən atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hava hücumu təşkil edib. İran rəsmiləri bu hücuma reaksiya verərək cavab verəcəklərini bildiriblər.
Gecə ərzində İrandan atılan üç raket dalğası səbəbindən İsrailin şimalındakı bir çox şəhərdə siren səsləri eşidilib.
İsrail ordusu qərbi və mərkəzi İranı hədəf aldığını və Tehran raketlərlə cavab verdiyini bildirib.
Bundan bir müddət əvvəl İran Silahlı Qüvvələrinin müharibə aparmaqdan məsul bölməsi olan Xatəm əl-Ənbiya Qərargahı İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb.
E.ŞİRİNOV