“Real TV”nin baş direktoru Mir Şahin Ağayev sosial media hesabında APA-nın əməkdaşının peşə borcunu yerinə yetirən zaman şiddətə məruz qalması ilə bağlı mövqeyini açıqlayıb.
“MÖVQE: Real TV-nin əməkdaşlarının hadisə rayonunda bir qrup tərəfindən amansızlıqla döyülməsinin ardınca APA-dan olan həmkarlarımın öz peşə borcunu yerinə yetirərkən şiddətə məruz qalması faktına münasibətimlə maraqlananlar var. Hər kəsə ayrılıqda cavab verməməkdən ötrü buradan-sosial hesabımdan paylaşım edirəm: Hər iki fakt üzrə Qanunun yol verdiyi ən sərt tədbirlər görülməlidir.
Heç kim cəzadan kənarda qalmamalıdır. Cəzalar, onların verilmə və niyə xüsusilə sərt olma səbəbləri mediada geniş işıqlandırılmalıdır. Bir sözlə, hər şey elə edilməlidir ki, bir də heç kim media təmsilçisinin qanuni tələblərinə zorakılıqla cavab vermək fikrinə düşməsin! Bu tövsiyəm isə KİV rəhbərlərinə, hadisədə zərər çəkənlərədir. Əgər zorakılığa yol verənlər və ya onların “elçiləri” barış üçün, “aranı düzəltmək” məqsədilə qapınıza gəlsələr, dərhal geri qaytarın. Dinləmədən. Qətiyyətli və barışmaz olun! Budur mənim mövqeyim! Azərbaycan Polisinə isə həm Real TV, həm də APA-nın əməkdaşları ilə baş verən zorakılıqla bağlı operativ hərəkət etdiyinə, Qanuna uyğun davrandığına görə fürsətdən istifadə edərək bir daha təşəkkürümü bildirirəm!”, – deyə Mir Şahin qeyd edib.
JASMİN







