Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Cənubi Qafqaz qlobal güclərin maraqlarının toqquşduğu bir bölgədir. Cənubi Qafqaz həm Rusiyanın strateji maraq dairəsinə daxildir, həm də Qərbin, başda Amerika Birləşmiş Ştatları olmaqla, maraq dairəsindədir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda sabitliyin formalaşmasına mühüm töhfə verən dövlətlərdən birinə çevrilib. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində Cənubi Qafqazda yeni reallıqlar yaranıb”. Siyasi şərhçi Azad Məsiyev tezadlar.az-a bildirib ki, məhz bu baxımdan Azərbaycan Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın və maraqların uzlaşdırılmasının təmin olunması üçün “3+3” platformasını gündəmə gətirdi. Çünki region dövlətləri öz maraqlarını uzlaşdırmalıdırlar. Cənubi Qafqaza maraq göstərən qonşu dövlətlər bu platforma çərçivəsində iqtisadi və siyasi məsələləri müzakirə edərək həll etməyə çalışsalar, bu daha məqsədəuyğun olardı. Prezident İlham Əliyevin təklif etdiyi bu format üç Cənubi Qafqaz dövləti ilə yanaşı, qonşu ölkələrin də iştirakı ilə mövcud problemlərin aradan qaldırılmasına xidmət edir. Təəssüf ki, hazırda Gürcüstan bu platformada iştirak etmək istəmir. Bunun əsas səbəbi Gürcüstanla Rusiya arasında mövcud olan gərgin münasibətlərdir. Halbuki bu platforma Gürcüstan üçün də maraqlı ola bilərdi. Çünki Gürcüstanın Rusiya ilə münasibətlərini hərbi müstəvidə həll etmək imkanları məhduddur. Buna görə də belə bir platforma problemlərin müzakirəsi və həlli üçün münasib auditoriya rolunu oynaya bilərdi. Gürcüstan “3+3” formatı çərçivəsində istər Rusiya ilə, istərsə də digər dövlətlərlə mövcud problemlərini müzakirə edib həll edə bilər. Məsələ burasındadır ki, bu gün Cənubi Qafqazda Qərbin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının maraqları mövcuddur. ABŞ bu maraqları əsasən Ermənistan üzərindən həyata keçirməyə çalışır. 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi. Lakin Paşinyanın fəaliyyəti nəticəsində bu dəhlizin gələcək fəaliyyəti ilə bağlı müxtəlif yanaşmalar ortaya çıxıb və nəticədə burada qlobal güclərin maraqları toqquşur. Ümumiyyətlə, Paşinyanın həyata keçirdiyi siyasət bölgədə sabitlik yaratmaqdan daha çox qlobal güclərin maraqlarının qarşıdurmasına şərait yaradır. Hazırda Paşinyan açıq şəkildə Avropa İttifaqına inteqrasiya kursunu bəyan edib və Rusiya rəhbərliyində olan bir sıra platformalardan uzaqlaşmağa çalışır. Bunun nəticəsində Ermənistanın gələcəkdə NATO ilə daha sıx əməkdaşlıq qurmaq niyyətində olması ehtimal edilir. Çünki Ermənistan öz təhlükəsizliyini Qərb strukturları çərçivəsində təmin etməyə çalışır və siyasi kursu da bu istiqamətdə inkişaf edir. Bu isə Rusiyanın strateji maraqlarına uyğun deyil. Məhz buna görə də Rusiya hesab edir ki, “3+3” formatı çərçivəsində mövcud problemlərin müzakirəsi və həlli üçün şərait yaradılmalıdır. Çünki Ermənistanın Avropaya inteqrasiyası və NATO ilə yaxınlaşması təkcə Rusiyanın deyil, eyni zamanda İranın da maraqlarına zidd hesab olunur.
Ekspertin sözlərinə görə, bu baxımdan Paşinyanın həyata keçirdiyi siyasət regionda sabitliyi poza biləcək siyasət kimi qiymətləndirilir. Region dövlətləri “3+3” formatı çərçivəsində öz münasibətlərini və maraqlarını uzlaşdırmalı, problemlərin həllində maraqlı olmalıdırlar. Lakin bu gün Paşinyanın apardığı siyasət təkcə Ermənistan-Rusiya münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyə təsir göstərir. Çünki iki dövlət arasındakı əməkdaşlıq üçüncü tərəfin əleyhinə yönəlməməlidir. Bu gün Ermənistanla Avropa İttifaqı arasında inkişaf edən əməkdaşlıq Rusiyanın maraqlarına zidd istiqamətdə qiymətləndirilir. Bu isə Rusiyanın strateji maraqları ilə ziddiyyət təşkil edir. Cənubi Qafqazda sabitliyin pozulması və qlobal güclərin maraqlarının toqquşması regionun təhlükəsizliyinə mənfi təsir göstərir. Bu isə həm Azərbaycanın, həm Gürcüstanın, həm də bütövlükdə region dövlətlərinin maraqlarına uyğun deyil. Bu baxımdan “3+3” formatı regionun inkişafı və təhlükəsizliyi üçün ən optimal platformalardan biri hesab oluna bilər. Məhz buna görə də Azərbaycan Prezidenti bu təşəbbüslə çıxış edib və bu təşəbbüs Türkiyə, İran və Rusiya tərəfindən müsbət qarşılanıb. Düzdür, Gürcüstan bu platformada iştirak etməyi məqsədəuyğun hesab etmir. Bunun əsas səbəbi Rusiya ilə münasibətlərində mövcud olan problemlərdir. Lakin məsələ burasındadır ki, Gürcüstanın Rusiya ilə münasibətlərini hərbi müstəvidə həll etməsi real görünmür. Bu baxımdan “3+3” formatı Gürcüstan üçün də münasib platforma ola bilər ki, Rusiya ilə mövcud problemlərini müzakirə edib həll etməyə çalışsın.
A.Məsiyev deyir: “Cənubi Qafqaz qlobal güclərin maraqlarının toqquşduğu bölgədir. Xüsusilə də Rusiya üçün Cənubi Qafqaz strateji əhəmiyyət daşıyır. Çünki Rusiyanın Avropa ilə əlaqələri ciddi şəkildə məhdudlaşıb və ölkənin cənub istiqamətində çıxış imkanları Cənubi Qafqaz üzərindən İrana, oradan isə Hind okeanına çıxış əldə etməsinə şərait yaradır. Şimal-Cənub nəqliyyat dəhlizinin tam işlək vəziyyətə gətirilməsi Rusiyanın strateji maraqlarına cavab verir. Bu baxımdan “3+3” formatı çərçivəsində region ölkələrinin əməkdaşlığı həmin dəhlizin daha sürətli inkişafına kömək edə bilər. Çünki Rusiyanın cənub istiqamətindəki imkanlarının məhdudlaşdırılması Qərbin strateji maraqları sırasında qiymətləndirilir. Bu məqsədlə Ermənistan üzərindən Cənubi Qafqazda gərginlik yaratmağa çalışıldığı barədə fikirlər də səsləndirilir. Məqsəd Rusiyanın cənub cinahında əlavə problemlər formalaşdırmaqdır. Rusiya siyasi elitası da bunu nəzərə alaraq hesab edir ki, “3+3” formatı çərçivəsində mövcud problemlər həll edilməlidir. Çünki Cənubi Qafqazda sabitliyin pozulması təkcə Ermənistan və ya Rusiya üçün deyil, bütövlükdə region üçün ciddi nəticələr yarada bilər. Xüsusilə də Cənubi Qafqaz respublikaları üçün sabitlik mühüm əhəmiyyət daşıyır. Ermənistanın hazırkı siyasəti isə bəzi ekspertlər tərəfindən regiondakı sabitliyə risk yaradan siyasət kimi qiymətləndirilir. Hesab edirəm ki, “3+3″ formatı Azərbaycan Prezidentinin irəli sürdüyü və regionun inkişafı, əməkdaşlığı və təhlükəsizliyi baxımından ən optimal platformalardan biri olan təşəbbüslərdən biridir”.
Sitatın sonu.