Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şuşada aparılan bərpa işləri yalnız tikinti və abadlıq layihələri ilə məhdudlaşmır, eyni zamanda milli yaddaşımızın və mədəni irsimizin qorunmasına xidmət edən strateji bir missiyadır.
Tezadlar.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fatma Yıldırım deyib.
Deputat bildirib ki, qanun layihəsi ilk baxışdan texniki xarakter daşısa da, əslində çox mühüm bir məsələyə – tarixi və mədəni irsimizin qorunmasına xidmət edir: “Bu gün işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşada geniş quruculuq və bərpa işləri aparılır. Uzun illər işğal altında qalmış şəhərimiz öz tarixi görkəminə qaytarılır, həyat yenidən canlanır. Bu prosesdə ən vacib məsələlərdən biri də Şuşanın tarixi simasının, mədəni irsinin və əsrlər boyu formalaşmış dəyərlərinin qorunub saxlanılmasıdır. Şuşa şəhəri Azərbaycan xalqının mədəniyyət tarixində xüsusi yer tutur. Məhz buna görə də burada yerləşən tarixi və mədəniyyət abidələrinin qorunması məsələsi daim diqqət mərkəzində olmalıdır. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən şəhərin tarixi-memarlıq irsinin qorunması, abidələrin bərpası, tarixi mühitin saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülür. Şuşanın yenidən qurulması zamanı tarixi irsə və şəhərin özünəməxsus memarlıq üslubuna göstərilən həssas yanaşma təqdirəlayiqdir. Bu fəaliyyət göstərir ki, Şuşada aparılan bərpa işləri yalnız tikinti və abadlıq layihələri ilə məhdudlaşmır, eyni zamanda milli yaddaşımızın və mədəni irsimizin qorunmasına xidmət edən strateji bir missiyadır. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı kimi inkişaf etdirilməsi, burada beynəlxalq tədbirlərin keçirilməsi və tarixi irsin qorunmasına göstərilən diqqət dövlətimizin bu sahəyə verdiyi yüksək önəmin bariz nümunəsidir”.