13 İyun 2026 / 17:57

“Əminəm ki, Turan birliyinin möhkəmləndirilməsinə öz töhfələrinizi verəcəksiniz!” – Almaz Həsrət məzunları uğurladı

Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə 2025-2026-cı tədris ilinin möhtəşəm “Son zəng” tədbiri keçirilib.

ALMAZ

Tezadlar.az  xəbər verir ki, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, məktəbin direktoru Almaz Həsrət məzun günündə həmişə olduğu kimi fərqli çıxışı ilə yadda qalıb:
“Hörmətli qonaqlar, dəyərli müəllimlər, əziz məzunlar.
Daha bir tədris ilinin sonuna gəldik. Daha 155 gəncimizi müstəqil həyata yola salırıq. Onlar düz 11 il məktəb həyatını yaşadılar. Xoş günlər, bəzən də çətin günləri oldu. Bu gün məzun olan şagirdlərimiz Ermənistanın işğalı altındakı torpaqlarımızın işğaldan azad edilməsinin sevincini uşaqkən yaşayanlardan oldular. Bu şagirdlər Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyimizin bərpa olunduğu günlərdə – illərdə məktəb partası arxasında oturub gələcəyimiz üçün özlərini daha yaxşı yetişdirməyə çalışdılar. Çünki Azərbaycanın sabahının təminatı bizim məzunlar da daxil olmaqla bu gün yetişməkdə olan gənc nəsildir.
Əziz məzunlar, 2020-ci ilin sentyabrından başlayaraq mən hazırda məzunu olduğunuz 3 nömrəli tam orta ümümtəhsil məktəbin direktoruyam. Bu müddət ərzində hamının bildiyi, hamımızı gözdən salan neqativ hallarla bütün varlığımla mübarizə apardım. Əlimdən gələni etdim ki, təhsilin, müəllimin, eləcə də şagirdlərin nüfuzu ayaqlar altına atılmasın. Bu yolda qarşımı kəsən, əngəl törətmək istəyənlər də az olmadı. Bu hallar məni yolumdan döndərmədi, bütün varlığımla çalışdım ki, daha yaxşı oxuyasınız, siz məzun olduqdan sonra da üz-üzə gələcəyimiz zaman bir-birimizin gözünün içinə qürurla baxa bilək.
Yeri gəlmişkən? hamımızı sevindirəcək bir məlumatı da bu gün sizinlə paylaşmaq istəyirəm. Məktəbimizin əksər məzunları artıq tələbə adını qazanıblar. Bu uğurda hər kəsin, o cümlədən bu gün məzun olan 155 şagirdimizin də rolu danılmazdır. Demək ki, istəsək daha irəli çıxa, daha yüksək zirvələr fəth edə bilərik. Edəcəyik də!
Əzizlərim, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən mühüm işlər qurulmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə vermişdir. Ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradılmışdır. Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil almışdır.
Bu gün də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilmişdir.
Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020–2025-ci illərdə – dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür.
Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir.
1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan düz 31 il keçir. Eyni zamanda Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa edilib.
Əlbəttə, bu qədər gözəl bir günlərdə məzun olmağın qüruru tam başqadır.
Sonda bir əminliyimi də sizinlə paylaşmaq istərdim. 2020-ci ilin 44 günlük savaşındakı möhtəşəm Zəfərə qədər hamımızın bir sözü vardı. Deyirdik ki, hamımız Qarabağlıyıq! Bu inanc bizi Qarabağdakı o böyük Zəfərə daşıdı. Azərbaycan xalqının Qarabağ kimi daha bir böyük həsrəti isə hələ də qalmaqdadır. Bu da Ermənistan və onun havadarlarının ötən 100 il ərzində mərhələ-mərhələ öz doğma yurdlarından qovduğu Qərbi Azərbaycanlı soydaşlarımızın doğma evlərinə qayıtmasıdır. Necə ki, bir vaxtlar “hamımız Qarabağlıyıq” deyib doğma Qarabağımıza qovuşduq, indi də “hamımız Qərbi Azərbaycanlıyıq” deyib Qərbi Azərbaycana qovuşacağımıza əminliklə siz məzunları yola salırıq.
Əminik ki, siz bundan sonrakı həyat yolunda Azərbaycanın milli davasını heç vaxt yaddan çıxarmayacaq, nəinki Qərbi Azərbaycan, Güney Azərbaycan davasına, ümumiyyətlə Azərbaycanın da önünü çəkdiyi türk birliyinə – Turan birliyinin möhkəmləndirilməsinə öz töhfələrinizi verəcəksiniz!
Bu yolda uca Tanrı hər birinizin yardımçısı olsun!.”
Son zəng – gününüz mübarək olsun, əziz məzunlar”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!