Əsas məzmuna keç

ALLAH, BÖYÜMƏDİM, UŞAQ QOCALDIM- SÖZ İNCİLƏRİNDƏN

ALLAH, BÖYÜMƏDİM, UŞAQ QOCALDIM
Dərd öz ordusuyla doldu içəri,
Körpəydim, qapının çölündə qaldım.
Payız yarpağı tək töküldü illər,
Allah, böyümədim, uşaq qocaldım.
Neçə ulduz söndü, neçə ay doğdu,
Buludlar günəşə vermədi aman.
Ehmalca yeriyib barmağı üstdə
Ömürdən gizlicə dolandı zaman.
Tək-tək uzaqlaşdı yaxınım, yadım,
Hər yolun sonundan ayrılıq baxdı.
Sarılıb dünyanı qucaqladıqca
Dünya qollarımdan sıyrılıb çıxdı.
Boğdum ürəyimdə tanış xiffəti,
Dirildi bir qədim həsrət dərində.
Bir ağrı qol-budaq atıb böyüdü,
İçimə gömdüyüm eşqin yerində.
Dünyası öləni gendən tanıdım,
Hamının qəlbini gözündən gördüm.
Ağrıyana məlhəm olmaq istədim,
Minillik ağrımı içimə gömdüm.
Dualarım qanadından vuruldu,
Utanıb üstümə geri dönmədi.
Qürurumdan boğulduğum yerdəyəm,
Allah, sığındığım yeri görmədin.
Təranə Turan Rəhimli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…