16 İyun 2026 / 15:05

Frank Jaffé SITA-nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

Aviasiya texnologiyaları sahəsində fəaliyyət göstərən SITA şirkəti Frank Jaffénin SITA Global Services (SGS) bölməsinin baş vitse-prezidenti vəzifəsinə təyin olunduğunu elan edib. F. Jaffé yeni vəzifəsinin icrasına bu il iyunun 1-dən başlayıb. Şirkətdən tezadlar.az-a bildirilib ki, SGS bölməsi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 2 500-dən çox aviaşirkət, hava limanı, dövlət qurumu və səyahət sənayesi tərəfdaşları üçün SITA-nın texnoloji həllərinin fasiləsizliyini təmin edir. Həm hava limanlarında, həm də regional ofislərdə fəaliyyət göstərən komandaların işi Monreal, Sinqapur və Qahirədə yerləşən 24/7 xidmət idarəetmə mərkəzləri tərəfindən koordinasiya olunur.
Beynəlxalq tədbirlərdə böyük təcrübə 

SGS son illərdə irimiqyaslı beynəlxalq tədbirlərin texnoloji əməliyyatlarının idarə edilməsində mühüm rol oynayıb. Bölmə 2024-cü il Paris Olimpiadası, eləcə də dünyanın ən böyük insan axınlarından biri hesab olunan Həcc ziyarəti zamanı müştərilərinə fasiləsiz dəstək göstərib. Şirkətdən bildirilib ki, qazanılan bu təcrübə 2026-cı ilin Həcc mövsümündə və FIFA Dünya Çempionatı zamanı da tətbiq ediləcək.

SITA-nın baş icraçı direktoru David Lavorel qeyd edib ki, şirkətin əsas üstünlüyü standart həllər deyil, müştərilərin əməliyyatlarını dərindən anlayan və problemləri sərnişinlərə təsir etmədən öncə aradan qaldıra bilən mütəxəssislər komandasıdır. O, Frank Jaffénin bu yanaşmanı daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

25 illik qlobal təcrübə

Frank Jaffé qlobal xidmətlər, mühəndislik və əməliyyatların idarə olunması sahəsində 25 ildən artıq beynəlxalq təcrübəyə malikdir. O, SITA komandasına müştəri xidmətləri texnologiyaları sahəsində ixtisaslaşan “Odigo” şirkətindən qoşulub. F. Jaffé orada baş əməliyyat direktoru kimi çoxsaylı xidmət mərkəzlərinin fəaliyyətinə rəhbərlik edib və xidmət strategiyasının formalaşdırılmasında yaxından iştirak edib.

Yeni təyinatı barədə danışan F. Jaffé texnologiyanın əsl dəyərinin onun fasiləsizliyində olduğunu vurğulayıb: “Texnologiya yalnız işlədiyi zaman əhəmiyyət kəsb edir. Bunun üçün isə təkcə uğurlu proqram təminatı kifayət deyil. Həm yerində, həm də arxa planda fəaliyyət göstərən peşəkar komandalar, süni intellekt dəstəkli mərkəzləşdirilmiş əməliyyat sistemləri və problemləri sərnişinlərə təsir etmədən həll etmək bacarığı şərtdir”.

Onun sözlərinə görə, SITA Global Services hazırda 100-dən çox ölkədə yerləşən 300-dən artıq hava limanında bu xidmətləri uğurla təqdim edir.

F. Jaffé daha əvvəl “Amadeus” şirkətində də müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, qlobal çatdırılma xidmətləri üzrə vitse-prezident kimi 55 fərqli məkanda fəaliyyət göstərən 900-dən çox əməkdaşdan ibarət komandaya rəhbərlik edib. Onun peşəkar təcrübəsinə, həmçinin bulud texnologiyaları, SaaS transformasiyası və genişmiqyaslı beynəlxalq dəyişiklik proqramlarının idarə olunması daxildir. Yeni vəzifəsində Frank Jaffé 1 700-dən çox xidmət mütəxəssisi və sahə mühəndisindən ibarət böyük bir komandaya rəhbərlik edəcək. Cenevrə ofisində fəaliyyət göstərəcək yeni rəhbər əsas diqqətini xidmət keyfiyyətinin artırılmasına, proseslərin sadələşdirilməsinə və müştərilərin inkişafına daha effektiv dəstək göstərilməsinə yönəldəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!