Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2026 / 08:02

Şəxsi Məsuliyyətsizliyə Bəraət Qazandırmaq Cəhdi-HƏKİMDƏN İNANILMAZ MÖVQE

…Gənc qızının həyatını itirməsi heç şübhəsiz ki, istənilən valideyn üçün təsəvvürolunmaz bir dərddir və bu dərdi yaşayan atanın psixoloji sarsıntısını anlamaq mümkündür. Lakin həmin ata sadəcə sıravi bir vətəndaş deyil, cəmiyyətdə qanunun aliliyini müdafiə etməli olan bir vəkildirsə və baş vermiş faciədəki öz birbaşa məsuliyyətini absurd, məntiqsiz və hüquqa zidd arqumentlərlə ört-basdır etməyə çalışırsa, cəmiyyətin də hadisəyə fərqli və tənqidi prizmadan baxmaq haqqı yaranır.
Vəkil Fərhad Mehdiyevin qızının qəzası ətrafında qurduğu müdafiə xətti məncə hüquqi bilgisizlikdən qaynaqlanır. Ortaya atılan iddiaları faktların dili ilə təhlil etdikdə, mənzərənin necə deformasiyaya uğradıldığını açıq şəkildə görmək olur. Vəkil iddia edir ki, motosikletin sağ tərəfində başqa bir avtomobil olduğu üçün qızı nəqliyyat vasitəsini kənara qaçıra bilməyib. Qəzanın kadrlarında sağ tərəfin tamamilə boş olduğu açıq-aydın görünür. Bu, hadisənin mahiyyətini bilərəkdən azdırmaq və cəmiyyəti açıq şəkildə aldatmaq cəhdidir.
Vəkil “qızım motosiklet yox, minik avtomobili sürsəydi, qəzadan sağ çıxardı” deyir. Bildiyimə görə vəkilin 17 yaşlı qızının heç sürücülük hüququ belə olmayıb, əvvələr də motoskileti ilə qəza edib və vəkil ata bu qanunsuzluğa göz yumub. İdarəetmə hüququ olmayan yeniyetmə övladına motosiklet verib yola çıxmasına şərait yaratması birbaşa cinayətə bərabər ehtiyatsızlıqdır. Onun sükanına keçdiyi nəqliyyat vasitəsinin iki və ya dörd təkərli olmasının heç bir fərqi yoxdur; hər iki halda o, qanunsuz olaraq sükan arxasında idi. Bir hüquqşünasın dilindən qanun pozuntusuna alternativ olaraq başqa bir qanun pozuntusunun təklif edilməsi absudrun zirvəsidir. Vəkil burada “nə sürsəydi sağ qalardı” sualına yox, “vəsiqəsi olmayan uşağın o sükan arxasında nə işi var idi?” sualına cavab verməlidir.
Deyir: “Qızım həmin vaxt universitetə hazırlıq üçün müəllim yanına gedirdi” – Qızın hara, hansı vacib məqsədlə getməsinin hadisənin hüquqi və faktoloji tərəfinə heç bir aidiyyəti yoxdur. Qanunvericilikdə “əgər şəxs təhsil ardınca gedirsə, vəsiqəsiz sürmək və ya sürət həddini aşmaq olar” deyə bir maddə mövcud deyil.
Vəkil deyir: “Yol qırağında dayanan nasaz maşındı günahkar”. Klassik cizgi filmindəki kimi: oğru hasardan aşıb yıxılır, məhkəmə oğrunu yox, hasarı tikəni günahkar bilir, sonda isə cəzanı dərzi çəkir. Sürücü yolun kənarında maşını saxlayıb, nasazlıqla bağlı arxasında dayanaraq gələnlərə əli ilə işarə verir. Hərəkət iştirakçısı olan istənilən şəxs bilir ki, yolda gözlənilməz maneə – nasaz maşın, heyvan və ya piyada ola bilər. Qaydalara görə, sürücü sürəti elə tənzimləməlidir ki, maneə qarşısında nəqliyyat vasitəsini tam dayandıra bilsin. Sürət həddini aşaraq idarəetməni itirib duran bir cismə çırpılmaq, o cismin yox, birbaşa hərəkətdə olan vasitəni idarə edənin günahıdır. Öz ehtiyatsızlığının və qayda pozuntusunun faturasını yolda xarab olmuş maşının sürücüsünə kəsmək ədalətdən qaçmaqdan başqa bir şey deyil.
Qanunun aliliyi hamı üçün eynidir. Nə gözyaşları, nə də hüquqi fəndlər vəsiqəsiz sürücünün, sürət həddinin aşılmasının və valideyn nəzarətsizliyinin acı reallığını dəyişə bilməz. Əsl hüquqşünaslıq və vətəndaşlıq cəsarəti belə ağır məqamlarda başqalarını ittiham etmək yox, “mənim övladımın o sükanın arxasında olmağa hüququ yox idi” deyib, başqa valideynlərə nümunə və xəbərdarlıq ola bilməkdir. Qalan hər şey sadəcə qanunun gözünə kül üfürməkdir.
Dr.Benjamin Kərimov
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!