Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2026 / 22:43

Tarix canlandı: “Tağıyev: Neft” filminin ilk premyerası baş tutdu

İtaliyanın paytaxtı Romada, Borghese bağlarında yerləşən Casa del Cinema açıq kinoteatrında Azərbaycan kinematoqrafiyasının yeni ekran əsəri – “Tağıyev: Neft” tammetrajlı bədii filminin premyera nümayişi keçirilib.

 

Təzadlar.az xəbər verir ki, tədbirdə İtaliyanın mədəniyyət və kino ictimaiyyətinin nümayəndələri, diplomatik korpusun üzvləri, diaspor təmsilçiləri, eləcə də çoxsaylı sənətsevərlər iştirak ediblər.

 

Nümayişdən əvvəl çıxış edənlər XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın iqtisadi, ictimai və mədəni həyatında mühüm rol oynamış görkəmli xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyevin zəngin irsindən bəhs edərək, filmin bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

 

Bildirilib ki, ekran əsəri Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub və çoxseriyalı “Tağıyev” layihəsinin ilk hissəsidir.

 

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır. Filmdə Hacı Zeynalabdin Tağıyev obrazını Xalq artisti Pərviz Məmmədrzayev canlandırıb.

 

XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində baş verən mühüm tarixi və mədəni prosesləri əks etdirən film Roma tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Premyera Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrin inkişafına, milli kino irsinin və görkəmli tarixi şəxsiyyətlərimizin beynəlxalq auditoriyaya tanıdılmasına xidmət etməklə yanaşı, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında müəyyən edilmiş mədəni diplomatiyanın gücləndirilməsi, milli mədəniyyətin qlobal miqyasda təşviqi və Azərbaycan haqqında müasir mədəni imicin formalaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!