Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız qətlə yetirilib. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə məlumatı “Sapari” təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb. O bildirir ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis mənzilin qapısını sındıraraq içəri girib və orada qızın cəsədini tapıb.
Onun verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb: “Bir neçə gün əvvəl rusiyalı bir bloger (influenser) İnstaqramda mənimlə əlaqə saxladı və bu dəhşətli femisid (qadın qətli) hadisəsini araşdırmağımı, sonra isə ictimaiyyətə çatdırmağımı xahiş etdi. Hadisə belə olub: Azərbaycandan olan gənc, gözəl və yetim bir qızı sevgilisi aldadaraq Gürcüstana gətirib. Ona ‘Gürcüstanda birlikdə yaşayarıq və işləyərik’ deyib. Buna qədər isə qohumları bu qızı başqa birinə nişanlayıblarmış, həmin şəxs qızdan borc pul alıb və geri qaytarmayıb. Qısası, qız sevgiyə və yeni bir həyata inanaraq bura gəlib. Vəd olunan iş alınmayıb. Pulları bitən kimi sevgilisi olan oğlan qızın ‘iPhone’ telefonunu lombarda qoyub, bundan əvvəl isə qızı amansızcasına döyərək küçəyə atıb və özü təkbaşına Azərbaycana qayıdıb. Döyülmüş və yad bir ölkədə hər şeysiz, köməksiz qalmış azərbaycanlı qıza xeyirxah bir erməni qadın sahib çıxıb. Rahat ünsiyyət qura bilsinlər deyə öz azərbaycanlı rəfiqəsini də bura gətirib və qızın qohumları ilə zəngləşməsinə kömək edib. Qızın gənc bir kişi qohumu gəlib və “Mən onun üçün mənzil kirayələyəcəyəm, bir neçə aydan sonra vəziyyət sakitləşəndə isə onu Azərbaycana geri aparacağam” deyərək qızı aparıb. Sanki hər şey qaydasında idi, lakin qız tezliklə yoxa çıxıb. Azərbaycandakı kiçik bacısı onu axtarmağa başlayanda həmin erməni qadına zəng edib və deyib: ‘İkinci gündür onunla əlaqə saxlaya bilmirəm, bəlkə mənzilinə gedib baxasınız’. Erməni qadın mənzilə yollanıb, qapını açan olmayıb. Qonşulardan öyrənib ki, ötən gecə mənzildən güclü dava-dalaş səsi gəlirmiş. (Təbii ki, polisə heç kim zəng etməyib. Bu ölkədə bunu hələ də öyrənə bilmədik). Həmin erməni qadın polisə zəng edib, polis qapını sındırıb və mənzildə qızın cəsədini tapıb. Qatil Türkiyəyə qaçıb. Hazırda axtarış elan olunub. Bu gün səhər ‘Sapari’ prokurorluğa müraciət edib, order göndərib və işə cəlb olunmasını tələb edib. İndi prokurorun qərarından asılıdır ki, bizə bu işdə hüquqşünas kimi iştirak etməyə icazə veriləcək, ya yox. Çünki mərhumun yeganə ailə üzvü Azərbaycandadır və ilk növbədə onun hüquqi varis kimi tanınması lazımdır. Həyat yoldaşı azərbaycanlı olan rusiyalı bloger qadın qatilin cəzasız qalacağından, bu dəhşətli femisid cinayətinin isə diqqətdən kənarda qalacağından narahatdır. Çünki Azərbaycanda bu hadisəni artıq ‘namus cinayəti’ hesab ediblər.
Yəni qohumlar hər şeydə qızı günahlandırır və qatili ‘namusun təmizlənməsi’ motivi ilə haqlı çıxarırlar. Ona görə də bu işi hamımızın – gürcülərin də, azərbaycanlıların da, ermənilərin də, türklərin də bilməsi çox vacibdir. Heç bir şeyin ört-basdır olunmaması, gizlədilməməsi və qatilin cəzasız qalmaması üçün biz səsimizi ucaltmalıyıq! Gürcüstan və xarici mediaları bu işi araşdırmağa çağırıram. Prokurorluğu mərhumun bacısının adından bizi işə cəlb etməyə çağırıram ki, artıq üç ölkəyə toxunan bu femisid işinin materiallarını öyrənmək imkanımız olsun”, – deyə Baia Pataraia yazlb.