Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyul 2026 / 14:44

Bakı Ali Neft Məktəbinin Məzun Günü keçirildi-FOTOLAR

Bakının “Gülüstan” Sarayında Bakı Ali Neft Məktəbinin (BANM) 10-cu Məzun Günü keçirilib. BANM-dan tezadlar.az-a bildirilib ki, Məzun Günündə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məzunları təbrik edərək onlara uğurlar arzulayıb, tövsiyələrini verib. Rektor qeyd edib ki, BANM-də təhsil aldıqları müddətdə yüksək bilik və bacarıqlara yiyələnən məzunlar həyatlarının növbəti mərhələsinə peşəkar kadr kimi qədəm qoyurlar. Builki məzunların da artıq bir qisminin çalışdığını, bir qisminin dünyanın nüfuzlu universitetlərinə qəbul olduğunu, təqaüd qazandığını vurğulayan rektor onların gələcəkdə ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva da məzunları təbrik edərək qeyd edib ki, Ali Məktəbin məzunlarının əldə etdiyi nailiyyətlər BANM-in fəaliyyətə başladığı gündən peşəkar kadrlar hazırlamaq missiyasını uğurla həyata keçirdiyini bir daha sübut edir. Elm və təhsil nazirinin müavini İdris İsayev, Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutunun rektoru Botir Usmonov da məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.

Məzunlar adından Biznesin idarə edilməsi ixtisasının məzunu Maya Kərimova, əcnəbi tələbələr adından Özbəkistan universitetləri ilə ikili diplom proqramından məzun olan Elvira Maminova və Xilola Nurumbetova təəssüratlarını bölüşüblər. Daha sonra 2026-cı il məzun buraxılışı üzrə BANM-in birincisi – “İlin tələbəsi”, İnformasiya təhlükəsizliyi ixtisasının məzunu Gülay Nəzərova adını Fəxri kötüyə həkk edib. Tədbir məzunlara diplomların  təqdim olunması və  bədii hissə ilə davam edib.

Qeyd edək ki, bu il Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsindən 218, magistratura səviyyəsindən 189 nəfər olmaqla, ümumilikdə 407 tələbə məzun olur. Bakalavr məzunlarından 59-u, magistratura məzunlarından isə 28-I Ali məktəbi fərqlənmə diplomu ilə bitirir. Bu il Biznesin idarə edilməsi və Kompüter mühəndisliyi ixtisasları üzrə ilk məzun buraxılışı həyata keçirilir. Bu il həm də ilk dəfə olaraq Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti ilə həyata keçirilən ikili diplom proqramı çərçivəsində magistratura səviyyəsindən 16 özbəkistanlı tələbə də məzun olur. Builki BANM məzunları arasında Özbəkistan, Rusiya, Somali, Yəmən, Gürcüstan, Banqladeş və Qazaxıstandan olan 23 tələbə də yer alır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!