15 İyul 2026 / 19:42

Ankarada Türk dünyasının ortaq mediasiya əməkdaşlığını genişləndirmək üçün konfrans keçirlib 

Ankarada Türkiyənin Ədliyyə Nazirliyi və Türk Dünyası Mediasiya Birliyi (Türk Dünyası Arabulucular Birliyi – TDAB) ilə əməkdaşlıq çərçivəsində “Mediasiyanın Gələcəyi, Türk Dünyasında Əməkdaşlığın İnstitusionallaşması və Türk Dünyası Mediasiya Konvensiyası” mövzusunda konfrans təşkil edilib.
Ankara Hakimlər Evində keçirilən proqramda Ədliyyə Nazirliyinin Mediasiya Şöbəsinin müdiri Umut İlhan Durmuşoğlu, TDAB-nin sədri Yakup Erikel, hüquq mütəxəssisləri və türk dövlətlərindən, o cümlədən Azərbaycandan nümayəndələr iştirak ediblər.
Açılış nitqində Durmuşoğlu bildirib ki, onlar təkcə mediatorluğun bu günü və gələcəyini müzakirə etmək üçün deyil, həm də türk dünyası adından mediatorluq üçün ortaq bir vizyon inkişaf etdirmək üçün bir araya gəliblər: “Mediasiya  mübahisələrin həlli üçün yeni bir üsul kimi tanınır. Barışıq mədəniyyətinin sivilizasiyamızda çox dərin tarixi kökləri var”.
2013-cü ildə Türkiyədə könüllü olaraq başlayan vasitəçiliyin tədricən məhkəmə prosesləri üçün bir şərtə çevrildiyini xatırladan Durmuşoğlu bildirib ki, mediasiya yalnız məhkəmələrin iş yükünü azaldan bir mexanizm deyil, həm də ədalətə çıxışı asanlaşdıran, tərəflərin maraqlarını qoruyan, kommersiya əlaqələrinin davam etdirilməsini təmin edən, mübahisəli tərəflərin gələcəyini quran və sosial barışıq mədəniyyətini gücləndirən mühüm bir hüquqi qurumdur.
TDAB sədri Yakup Erikel də ortaq hüquqi vizyon və ortaq gələcək qurmaq inanclarına uyğun olaraq bir araya gəldiklərini vurğulayıb. Yakup Erikel rəhbərlik etdiyi qurumun 2035-ci il strategiyasını  və türk dünyası ortaq hüquqi gələcək üçün yeni bir yol xəritəsi açıqlayıb.
Erikel, Türk dünyasının insanlar və qurumlar arasında hüquqi mübahisələrin həllində öz vəkillərinə, mediatorlarına və institusional potensialına daha çox güvənməsinin vaxtı olduğunu vurğulayaraq, “Bizim təlim keçmiş, mütəxəssisləşmiş insan resurslarımızla beynəlxalq hüquq prinsipləri çərçivəsində öz məsələlərimizi həll etmək üçün bilik, təcrübə və institusional potensialımız var. İndi bunu daha güclü əməkdaşlıq yolu ilə institusionallaşdırmağın vaxtıdır”-deyib.
O, həmçinin Türk dünyasına yönəlmiş rəqəmsal hüquqi və vasitəçilik infrastrukturu yaratmaq üçün səylər göstərdiklərini bildirib: “Bu platforma sayəsində dünyanın hər yerində fərdlər, şirkətlər və qurumlar mübahisələrini təhlükəsiz rəqəmsal mühit vasitəsilə sistemə gətirə və ekspertlərimiz vasitəsilə sürətli, etibarlı və effektiv həllərə çata biləcəklər”.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızstan, Kosova, Şimali Kiprdən hüquqşünas və mütəxəssislər də iştirak edib.
Azərbaycanı Mediasiya Şurası İdarə Heyətinin və Vəkillər Kollegiyasının üzvü Sima Yaqubova təmsil edib. Sima Yaqubova Azərbaycanda mediasiyanın keçdiyi inkişaf yolu, əldə olunmuş praktiki uğurlar və Türk dünyası miqyasında əməkdaşlıq üçün gələcək hədəflərlə bağlı danışıb.  O, deyib ki, Azərbaycanda qısa müddət ərzində 75 mediasiya təşkilatı və 450 peşəkar mediatorun fəaliyyətə başlaması ilə inqilabi xidmət şəbəkəsi qurulub.

IMG

Kommersiya mübahisələrində İlkin Mediasiya Sessiyası (İMS) məcburiyyətinin qaldırılmasına baxmayaraq, sahibkarların mediasiyaya olan etibarı sayəsində sağlam könüllü mediasiya vərdişi formalaşıb.
Probasiya sahəsində humanist addımlardan danışan mediator deyib ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə birgə həyata keçirilən pro bono (ödənişsiz) pilot layihə çərçivəsində probasiya nəzarətində olan şəxslərlə 20-yə yaxın uğurlu barışıq sazişi imzalanıb. O, bu fəaliyyətin türk dünyasında Orta Dəhliz və iqtisadi inteqrasiyaya təsiri məsələlərinə də toxunub: “Türk dövlətləri arasında ticarət və investisiya axınında mediasiya həm iqtisadi təhlükəsizlik, həm də cəmiyyətlərdə sosial sülhün təminatçısı rolunu oynayır”.
 Azərbaycan təmsilçisi 3 Strateji təklif də irəli sürüb: “Biznesdə könüllü mediasiya üçün ortaq standartlarımız: TDAB çərçivəsində mediatorların fəaliyyətini tənzimləyən Türk Dünyası Vahid Mediasiya Standartlarının və Etik Kodeksinin yaradılması ola bilər.
Mübahisələrin onlayn və süni intellekt dəstəyi ilə məsafədən sürətli həlli üçün rəqəmsal platformanın qurulması, üzv ölkələrdə əldə edilən barışıq sazişlərinin bürokratik əngəllər olmadan digər qardaş dövlətlərdə də asanlıqla icrasını təmin edəcək Çərçivə Sazişinin (Konvensiyasının) hazırlanmasını təklif edirik”.
Beynəlxalq tədbirə Türkiyənin müxtəlif universitetlərindən və araşdırma mərkəzlərindən mütəxəssislər, o cümlədən türk dünyasından 40-dan çox mediator onlayn olaraq qatılıb.
Səriyyə MÜSLÜMQIZI
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!