Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyul 2026 / 13:49

Hökumətin analitik qurumundan gözlənti tamam fərqliydi-OSMAN GÜNDÜZ YAZIR

 …Ötən gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda dəyirmi masa keçirilib.
Düşündüm ki, 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Fəaliyyət Planının indiyədək icra vəziyyəti ilə bağlı monitorinq nəticələri açıqlanacaq. Çünki Prezidentin Sərəncamına əsasən, məhz İİTKM bu Planın icrasının monitorinqi və qiymətləndirilməsini həyata keçirən qurumdur.
Amma rəsmi məlumatla tanış olanda, toplantının formatına göz gəzdirəndə fərqli mənzərə görürük. Görünən odur ki, İİTKM fəaliyyət planının icra vəziyyəti ilə bağlı analitik hesabat təqdim etmək əvəzinə, müxtəlif qurumların təqdimatlarını dinləməyi üstün tutub.
Həmin məşhur “rəqəmsal müavinlər” və digər rəsmilər çıxış ediblər, ümumi müzakirələr aparılıb.
Halbuki bu gün cəmiyyətin İİTKM-dən gözləntisi başqadır.
Prezidentin Sərəncamı ilə dövlət qurumları hər ay görülən işlər barədə həm RİNN-ə, həm də İİTKM-ə hesabat təqdim edirlər.
Son zamanlar, xüsusən Şuranın iclasından sonra RİNN və Katiblik tərəfindən atılan addımlar da xeyli intensivləşib.
Artıq iyul ayıdır, il yarı olub.
İyun ayında tamamlanmalı tədbirlər var, ilin sonunadək isə onlarla mühüm hədəf nəzərdə tutulub. Belə bir mərhələdə ictimaiyyət üçün ən qiymətli məlumat ümumi çıxışlar deyil, Planın real icra vəziyyətidir.
Görəsən hansı tədbirlər yerinə yetirilib? Hansılar gecikir? Hansı qurumlar qrafikdən geri qalır? Risklər nələrdir? Bu sualların cavabı həm ictimai nəzarət, həm də dövlət idarəçiliyinin səmərəliliyi baxımından böyük əhəmiyyət daşıyır.
İİTKM-də kifayət qədər peşəkar analitiklər və tədqiqatçılar çalışır. Məhz buna görə də bu qurumdan faktlara, göstəricilərə və müqayisəli təhlillərə əsaslanan monitorinq hesabatları gözlənilir.
Qarşıda çox böyük hədəflər var.
Dünyada və regionda, qonşu ölkələrdə rəqəmsal transformasiya sürətlə gedir. Bu hədəflərə təqdimatlarla deyil, ölçülə bilən nəticələr, açıq monitorinq və ictimai hesabatlılıqla çatmaq mümkündür.
Məhz bunu da İİTKM kimi analitik bir qurumdan gözləyirik.
P.S. Maraqlıdır ki, belə koordinasiya xarakterli müzakirəni təşkil etməli olan Rəqəmsal İnkişaf Şurasının Katibliyinin rəhbərliyi də adı çəkilən tədbirdə təşkilatçı olaraq deyil, məruzəçi olaraq iştirak edirdi.
Osman Gündüz,
Multi-Media Mərkəzinin rəhbəri
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!