22 İyul 2026 / 08:13

Prezident Bakıda baş tutmuş gizli Almaniya–Rusiya görüşünə münasibət bildirdi

Almaniyaya səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Kansler Fridrix Merts Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualları cavablandırıblar. 24News.ge xəbər verir ki, Prezident İlham Əliyev bildirib ki, Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirdiyi barədə məlumatı mətbuatdan öyrəniblər. Onun sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin məlumatı həmin şəxslərin eyni vaxtda Bakıda olduqlarını təsdiqləyib, lakin Azərbaycan tərəfi bu görüş barədə əvvəlcədən məlumatlandırılmayıb. Dövlət başçısı qeyd edib ki, əgər belə bir görüş Rusiya-Ukrayna müharibəsinin başa çatmasına xidmət edərsə, Azərbaycan bunu alqışlayacaq. Almaniya Kansleri Fridrix Merts isə Bakıda keçirildiyi iddia olunan görüş barədə məlumatı olmadığını deyib. O vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması yalnız Rusiya Prezidenti Vladimir Putinin danışıqlara başlamaq qərarından asılıdır və Almaniya Ukraynaya dəstəyini davam etdirəcək. Roman Qonçarenko (“Deutsche Welle”): Sualım Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlıdır. Cənab Federal Kansler, bir neçə gün əvvəl alman mediası yazmışdı ki, Bakıda qeyri-rəsmi alman-rus görüşü baş tutub. Həmçinin qeyd olunur ki, hökumət koalisiyasında olan partiyaların keçmiş yüksəkrütbəli siyasətçiləri görüşdə iştirak edib. Həmin görüşün nəticəsi barədə heç bir məlumat verilməyib. Bununla bağlı burada Berlində ekspertlər arasında iki rəy var. Bəziləri söyləyirlər ki, bu cür görüşlər pərdəarxası olaraq faydalıdır və heç bir ziyan vura bilməz. Digərləri onları tənqid edir və mübahisələndirirlər ki, həmin görüşlər əks nəticə verə bilər. Çünki onlar Rusiyaya zəiflik haqqında işarə göndərə bilərlər. Buna necə baxırsınız? Bir sualım da Prezidentədir. Cənab Prezident, Siz bu yaxınlarda bildirdiniz ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər yenidən tam normallaşıb. Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Siz Rusiya Prezidenti Vladimir Putinə nə tövsiyə edərdiniz? Sağ olun. Kansler Fridrix Merts: Mən buna çox sadə cavab verə bilərəm. Bu cür görüş haqqında mənim məlumatım yoxdur. Aylar ərzində biz Prezident Putini danışıqlara başlamaq üçün inandırmağa çalışdıq. Avropa səviyyəsində Ukrayna ilə birgə müzakirələr üçün təklifləri dəfələrlə irəli sürmüşük. Prezident Putin bu cür danışıqlarda iştirakdan imtina edir. Buna görə mən, əfsuslar olsun ki, son 14 ay ərzində söylədiklərimi yenə və yenə təkrar edirəm. Bu müharibəni bitirmək yalnız Rusiya hökuməti və Rusiya Prezidenti ilə bağlıdır. Danışıqlara getmək və lazım gələrsə, sülh danışıqlarına başlamaq yalnız ondan asılıdır. O, bundan imtina etməkdə davam edir. Nə qədər davam edərsə, Rusiya təcavüzü qarşısında Ukraynaya həyat uğrunda mübarizədə dəstək verməkdən başqa seçim yoxdur. Biz bunu edəcəyik. Biz bunu Avropa səviyyəsində əlaqələndirərək edəcəyik. Mən həmin müharibə, onun səbəbləri, gedişatı və mümkün sonu ilə bağlı oxşar mövqeyini bizimlə bölüşdüyünə görə Prezident Əliyevə olduqca minnətdaram. Bunu elə indicə bildirdim. Prezident İlham Əliyev: Bakıda keçirilmiş dediyiniz görüşlərlə əlaqədar deyə bilərəm ki, bu məlumatı biz “The Times” qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq və dünən mən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəmişəm ki, “The Times” qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox. Sizə onu deyə bilərəm ki, bu məlumat təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki nəfər tanınmış şəxs, – birinin xanım Merkelin administrasiyasının rəhbəri olduğu haqqında məlumat var, – cənab Pofala və cənab Platsik Bakıya gəlmişdilər və iyulun 14-də Bakıdan Berlinə geri qayıtmışdılar. Eyni zamanda, ayın 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlmişdilər və biri ayın 13-də, o biri isə ayın 14-də Bakıdan ayrılmışdılar. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil olmamışdı. Yəni sadəcə olaraq, bizim ərazimiz bizdən xəbərsiz istifadə edilmişdir. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm. Çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir. Əgər bu görüş Ukrayna-Rusiya müharibəsini sonlandıracaqsa, əlbəttə ki, biz bunu alqışlayırıq. O ki qaldı, ikinci suala, bilirsiniz, mən o vaxt məsləhət verirəm ki, bu məsləhət məndən xahiş edilir. Mən bu yaxınlarda Qarabağın Şuşa şəhərində Qlobal Media Forumunda oxşar bir sualla üzləşmişdim və demişdim ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, bu müharibə dayansın və bölgədə sülh təmin edilsin.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!