Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyul 2026 / 22:41

Rusiyanın ən məşhur killeri: Saşa Soldatın qanlı həyatı

1990-cı illərin kriminal müharibələri Rusiyanın yaxın tarixində ən qanlı dövrlərdən biri hesab olunur. Sovet İttifaqının dağılmasından sonra yaranan xaos, böyük pullar uğrunda mübarizə və cinayətkar qruplaşmalar arasındakı qarşıdurmalar yüzlərlə insanın həyatına son qoyub. Həmin dövrün ən məşhur killerlərindən biri isə Aleksandr Pustovalov olub. Kriminal aləmdə “Saşa Soldat” kimi tanınan bu şəxs istintaq materiallarına görə, 24 nəfərin qətlində iştirak edib.

Tezadlar.az-ın xarici KİV-ə istinadən məlumatına əsasən, Pustovalov uzun illər Moskvanın ən təhlükəli cinayətkar birliklərindən sayılan Orexovo-Medvedkovo qruplaşmasının əsas killeri olub. Onun həyatı hərbi xidmətdən sifarişli qətllərə, oradan isə uzunmüddətli həbsə uzanan qanlı yol kimi yadda qalıb.

Gələcəyin killeri dəniz piyadası olub

Aleksandr Pustovalov 1973-cü il sentyabrın 25-də Moskvada doğulub. Atasının işi ilə əlaqədar uşaqlığının ilk illərini İraqda keçirib. Ailə Moskvaya qayıtdıqdan sonra Aleksandr məktəblə yanaşı, cüdo və fortepiano dərslərinə də gedib.

Səkkizinci sinifdən sonra peşə məktəbində çilingər ixtisasına yiyələnib və Xruniçev adına Dövlət Kosmik Elmi-İstehsalat Mərkəzində çalışmağa başlayıb. Lakin 18 yaşı tamam olduqda hərbi xidmətə çağırılıb və dəniz piyadaları briqadasında xidmət edib.

1992-ci ildə Dnestryanı bölgədəki döyüşlərdə iştirak edən Pustovalovun olduğu zirehli maşın mərmi ilə vurulub. Kontuziya almasına baxmayaraq, tapşırığı yerinə yetirdiyi üçün ona məzuniyyət verilib. Məhz həmin günlərdə baş verən təsadüfi hadisə onun həyatını tamamilə dəyişib.

Barda baş verən dava taleyini dəyişdi

Məzuniyyət zamanı Moskva barlarından birində böyük davaya qoşulan Pustovalovun fiziki hazırlığı və amansız davranışı kriminal qruplaşma üzvlərinin diqqətini çəkib. Onlar gənc hərbçiyə birlikdə işləməyi təklif ediblər.

Ordudan baş çavuş rütbəsi ilə tərxis olunan Aleksandr bu təklifi qəbul edib. Əvvəlcə Orexovo qruplaşmasının liderlərindən Sergey Butorinin şəxsi mühafizəçisi olub və ayda 300 dollar qazanıb. Sonradan onun gəliri beş min dollara qədər yüksəlib. Lakin aldığı tapşırıqlar artıq mühafizə işi ilə məhdudlaşmayıb.

Pustovalov istintaqa ifadəsində vəzifəsinin insanların “fiziki şəkildə aradan götürülməsi” olduğunu etiraf edib. “Saşa Soldat” ləqəbi də onun keçmiş hərbi xidməti və bütün əmrləri sorğulamadan yerinə yetirməsi ilə əlaqələndirilib.

İlk sifariş üç nəfərin qətli oldu

Pustovalovun killer kimi ilk böyük tapşırığı 1995-ci ilin yayına təsadüf edib. Ona Moskvanın məşhur restoranlarından birində Assuriya qruplaşmasının üç nümayəndəsini öldürmək tapşırılıb. O, açıq eyvanda oturan şəxslərə atəş açdıqdan sonra yaranan qarışıqlıqdan istifadə edərək hadisə yerindən uzaqlaşıb.

Bundan sonra Saşa Soldat qruplaşmanın əsas cəlladına çevrilib. Onun hədəfləri arasında rəqib cinayətkar birliklərin üzvləri ilə yanaşı, Orexovo qruplaşmasının öz adamları da olub. Rəhbərliyə xəyanət etməkdə, narkotik qəbulunda və ya qruplaşmadan ayrılmaq niyyətində şübhəli bilinən şəxslər ona həvalə edilirdi.

İstintaq materiallarında Pustovalovun qurbanların cəsədlərini gizlətmək üçün xüsusi qəddarlıq nümayiş etdirdiyi də göstərilib. Bu üsullar cinayətlərin uzun müddət açılmamasına və itkin düşən şəxslərin taleyinin naməlum qalmasına səbəb olub.

Ən məşhur qurbanı Saşa Makedonski idi

Saşa Soldatın adı ən çox digər məşhur killer Aleksandr Solonikin öldürülməsi ilə əlaqədar çəkilir. “Saşa Makedonski” ləqəbli Solonik həbsxanadan qaçdıqdan sonra Yunanıstanda gizlənmişdi. O, burada “Miss Rusiya–1996” müsabiqəsinin finalçısı Svetlana Kotova ilə birlikdə yaşayırdı.

Qruplaşma rəhbərliyi Solonikin onlara qarşı plan hazırladığından şübhələnib. Bundan sonra Pustovalovun rəhbərliyi altında bir qrup Yunanıstana göndərilib. İstintaqın versiyasına əsasən, Solonik və Kotova öldürülüb, qadının cəsədi isə sonradan müxtəlif yerlərdən tapılıb.

Anasının ad günü üçün gedərkən tutuldu

Hüquq-mühafizə orqanları Pustovalovu 1998-ci ildən axtarırdı. Onu 1999-cu ildə anasını ad günü münasibətilə təbrik etməyə gedərkən tutmaq mümkün olub. Əməliyyatçılar həmin tarixi əvvəlcədən öyrənərək qadının evinin yaxınlığında pusqu qurublar.

Dindirmə zamanı Pustovalov müqavimət göstərməyib və qruplaşmanın bir çox üzvünə qarşı ifadə verib. Onun “Mən əsgərəm, bu mənim işimdir” cavabı kriminal tarixə düşüb. İstintaqla əməkdaşlığı Pustovalovu ömürlük həbsdən xilas edib.

2004-cü ildə 19 qətldə təqsirli bilinən Saşa Soldata 22 il həbs cəzası verilib. Sonrakı araşdırmalar zamanı Solonik, Kotova və daha bir neçə şəxsin qətli də sübuta yetirilib. Nəticədə onun cəzası 24 ilə çatdırılıb.

Aleksandr Pustovalov 2023-cü ilin noyabrında azadlığa çıxıb. Həbsdə olarkən evləndiyi və ata olduğu bildirilir. Hazırda o, mediadan uzaq durur və ailəsi ilə qapalı həyat yaşayır. Bir vaxtlar Rusiyanın ən təhlükəli killerlərindən sayılan Saşa Soldatın bundan sonrakı həyatını oğlunun tərbiyəsinə həsr etmək istədiyi qeyd olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!