Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə də İsrailin apardığı aqressiv siyasət, Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilir. Əgər Amerika Birləşmiş Ştatları İsrailə həm siyasi, həm də hərbi dəstək verməsəydi, İsrail Yaxın Şərqdə bu qədər aqressiv və işğalçılıq siyasəti həyata keçirə bilməzdi”. Siyasi şərhçi Azad Məsiyev bu barədə tezadlar.az- a danışıb. Siyasi şərhçi bildirib ki, İsrailin Fələstində, xüsusilə Qəzzada həyata keçirdiyi işğalçılıq siyasəti, eləcə də Suriya və Livandakı hərbi fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qınanılır. Qəzzada baş verən hadisələrlə bağlı İsrailin hazırkı baş naziri haqqında Beynəlxalq Cinayət Məhkəməsinin qərarı da məlumdur. Artıq müxtəlif dövlətlər həmin qərarın icra olunacağı ilə bağlı bəyanatlar verirlər. Hətta ABŞ-də Nyu-York meri də daxil olmaqla, bəzi rəsmilər bildiriblər ki, İsrailin baş naziri onların ölkəsinə səfər edərsə, Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi orderin icrası təmin olunacaq. Amerika Birləşmiş Ştatları da, xüsusilə Prezident Donald Trampın İsrailin baş nazirinə verdiyi dəstəyə görə, beynəlxalq aləmdə ciddi tənqid obyektinə çevrilib. Məhz buna görə də ABŞ administrasiyası İsrailə daha soyuqqanlı davranmağı və geri çəkilmə taktikasını təklif edir. Təbii ki, bu təklif İsrailin hazırkı baş naziri tərəfindən məqbul hesab edilmir. Çünki İsrailin strategiyasına görə, bölgədə böyük bir yəhudi dövləti yaradılmalıdır. İsraildə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu siyasətin müxtəlif formalarda davam etdirildiyi iddia olunur. Müxtəlif bəhanələrlə işğalçılıq siyasəti həyata keçirilir və bunun nəticəsində İsrail öz ərazilərini genişləndirməyə çalışır. İndiki İsrail dövləti Fələstin torpaqları hesabına yaradılıb. Hazırda Qəzzada aparılan siyasət də bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir. Eyni yanaşma Suriyadakı Golan yüksəklikləri və Livanın bəzi əraziləri ilə bağlı da səsləndirilir. Bu səbəbdən İsrailin hazırkı baş naziri Amerikanın irəli sürdüyü geri çəkilmə təklifini narazılıqla qarşılayır. O, işğal olunmuş ərazilərdən geri çəkilmək niyyətində olmadıqlarını və bu istiqamətdə müqavimət göstərəcəklərini bəyan edir.
Ekspertin sözlərinə görə, bu müqavimətin əsas səbəbi kimi isə ümumdünya yəhudi lobbisinin ABŞ-də böyük təsir imkanlarına malik olması göstərilir. Bildirilir ki, bu lobbi Amerika siyasətinə, o cümlədən Konqresə və Senata təsir etmək gücünə sahibdir. Bu baxımdan verilən mesaj ondan ibarətdir ki, əgər Prezident Tramp İsrailə geri çəkilmək istiqamətində ciddi təzyiq göstərərsə, ABŞ-dəki lobbi qrupları, konqresmenlər və senatorlar ona qarşı ciddi siyasi təzyiq kampaniyasına başlaya bilərlər. Hətta hesab edilir ki, belə bir vəziyyətdə Trampa qarşı impiçment məsələsi də gündəmə gətirilə bilər. Bu baxımdan İsrailin baş nazirinin sərgilədiyi mövqe işğal etdiyi ərazilərdən geri çəkilməyəcəkləri və mövcud siyasəti davam etdirəcəkləri barədə mesaj kimi qiymətləndirilir. Sitat: “Hesab edirəm ki, Amerikanın irəli sürdüyü bu geri çəkilmə təklifi sonradan geri götürülə bilər. Çünki Trampın ümumdünya yəhudi lobbisinin təzyiqləri qarşısında geri addım atmağa məcbur qalacağı, əks təqdirdə isə ona qarşı impiçment məsələsinin gündəmə gətiriləcəyi ehtimal olunur”.