Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyul 2026 / 11:49

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-34-cü HİSSƏ

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda)

https://tezadlar.az/memmed-arazli-xatireler-gulxanim-feteliqizinin-omurden-yarpaqlar-kitabi-33-cu-hisse/

16-21 noyabr – Axşam mədəniyyət xəbərlərində Heydər Həsənoğlunu göstərdilər. “Məmməd Araz” mükafatı haqqında danışırdı. Bir cümləsini bura qeyd edirəm: “Məmməd Araz bizim tarixi abidəmizdir, necə o biri abidələrimizi qoruyuruq, Məmməd Arazı da qorumalıyıq”. Axşam Məmməd telefonla Heydərdən xahiş etdi:

– Heydər, mükafat bu il də qalsın, gələn il verərəsən. onsuz da vaxt keçib, il qurtarmaq üzrədir, lazım deyil.

Heydər narazılıq etdi:

– Xahiş edirəm, ssenariyə bir nəzər salasınız, sonrasını sonra danışarıq.

Heydər ssenarini göndərdi, ssenarini oxuyan Məmmədin rəyini soruşdum:

– Necədir, bir şey alınıbmı?

– Oxuyarsan, görərsən. Şeirimi oxudunmu?

– Köçürəndə oxuyaram, vaxtım olmadı.

– Oxu, yaxşı şeirdir.

Oxudum, şerin təsirindən özümə gələ bilmirdim:

Mənə gülən yanandan çox,

   Məni qanmaz qanandan çox,

                                                Məni danan ha çox…

 Mən qəribəm, vallah, qərib.

Şeiri tam oxudum, həmin vərəqin arxasında bu misralar da vardı:

                                            Qane oldum it damına,

                                            Ta hürməyə nə var ki…

və ya

                                             Axar suya dedin axma.

25 noyabr Köçmək gözümdə durub. Adam nə qədər köç gəzdirər, bilmirəm. Axşam hansı şairdənsə veriliş gedirdi.

– Məmməd, Nizami Xudiyev babat şairlərdən də veriliş təşkil edir, nə əcəb qayınatası Hikmət Ziyadan yox.

– Nizami onu yerdən çox hörmətlə götürdü. Yəqin veriliş də hazırlamış olar. Yadındadır, sənə demişdim, Hikmət Ziya mənə həmişə deyərdi ki:  “Sən təkcə oxucuların şairi deyilsən, həm də şairlərin şairisən”. Mən də onun haqqında yazmışdım ki,  “Hikmət Ziya ağır bir janrın yükünü çiynində aparan bir şairdir”.

3 dekabr – Gecə yuxumda gördüm ki, suda boğuluram. Sudan güclə canımı qurtarıram. Səhər yuxudan ustanın zənginə oyandım:

– Xala, yuxarı mərtəbədən üstümüzə su töküblər, bütün otaqlar suyun içindədi. Təmirimiz heç olub getdi.

Deyəsən, üst mərtəbədəki qonşuların üstümüzə su axıtması bizim alnımıza yazılıb.

4 dekabr – Əzizə xanım Əhmədova “Günay” qəzeti üçün belə bir sual diqtə etdi:

– “Yeni ildə Azərbaycan xalqına nə arzulardınız?”

Məmmədin cavabı: “… “Arzu edərdim ki, yeni ildə bir qarış torpağımız, bir ağacımız da, bir daşımız da tapdaq altında qalmasın…

Dünyanın dilindən eşidək: öz doğma ocağınıza xoş gəlmisiniz, insanlar!

Milli müstəqilliyimiz, milli dövlətçiliyimiz möhkəm, möhkəm, daha da möhkəm olsun.

M.Araz 4. 12. 1997”

Sabah bu sözləri Əzizə xanıma diqtə edəcəyəm.

12 dekabr – Telefona Məmməd özü cavab verdi. Soruşdum: – Kim idi?

– Azərbaycan gözəlinin əri.

– Mən o Azərbaycan gözəlini tanımadım axı?

– Vallah, mən də tanımıram, deyir ki, arvadım sizi “Bakı” metrosunun qarşısında görüb, indi mənimlə yaxından tanış olmaq arzusundadırlar.

Axşam qapını açdım, bir nəfər cavan idi:

– Mən sizə bayaq zəng edən adamam, Məmməd müəllimlə görüşüb tanış olmaq istəyirəm.

İçəri dəvət etdim, danışmağa başladı, özü də çox məntiqsiz. Guya onun arvadı vaxtilə “Azərbaycan gözəli”  prizini alıb, xanımı Məmmədi “Bakı” metrosunun qabağında görüb, o da vəd verib ki, cavan ailə olduğunuz üçün sizə kömək edərəm, hər ikimiz şeiri xoşlayırıq.

Yalan olduğunu duydum:

– Axı Məmməd işə maşınla gedir, maşınla gəlir və heç vaxt da metroya tərəf getmir. Necə oldu ki, arvadınızla ancaq və ancaq “Bakı” metrosunun qarşısında rastlaşdı və heç nədən başladı ki, ailəniz cavandı mən sizə kömək edərəm. Özün də deyirsən ki, arvadım Azərbaycan gözəlidir, necə oldu ona kömək eləyən olmadı?

Bir az sarsaqladıqdan sonra çıxıb getdi.

– Təəccüblüdür, ünvanımızı haradan bildi, telefonu kimdən alıb, görünür başdan xarabdır – əlavə etdi Məmməd.

13 dekabr – Xudu Məmmədov haqqında “Dünya, səndən kimlər getdi” adlı verilişə baxa-baxa danışdı:

– Xudu haqqında “Təzadlar” qəzetində mənim də kiçik bir yazım var. Əvəz olunmaz adam idi Xudu. Çox sakit, lakin sakitliyin altında fırtına. Mən nəşriyyatda müavin işləyəndə onun “Qoşa qanad” kitabını çap etdim. Özü təvazökarlıq edib deyirdi ki, bir şey deyil. Əksinə, kitabda çox gözəl fikirlər var. Heç bir sətrinə də toxunmadım, əslində toxunmaq olmazdı, buna mənəvi ixtiyarım da yox idi. Rəhmətlik Zeynal müəllimi Xudu ilə müqayisə etmək olar. Fərq isə bu idi ki, Zeynal müəllim bir az çılğın idi, Xudu isə sakit. Hər ikisi maraqlı adam idi.

Xudunun iş yoldaşlarından biri belə bir xatirə danışdı:

– Biz dərslikləri, proqramları müzakirə edirdik, bu haqda Xudu müəllimin fikrini öyrənmək üçün ona sual verdik.

Xudu müəllim gülə-gülə belə cavab verdi:

– Kəndimizdə mənə bir naxırçı sual verdi ki, Xudu müəllim, mənə otardığım heyvanların sayına görə pul verirlər, bəs nə üçün müəllimlərə dərs dedikləri uşaqların sayına görə pul vermirlər? Bax bu məsələni proqrammaya salarsınız.

16 dekabr – Şamil müəllim Məmmədin 15 şeirini fransız dilinə tərcümə etmişdi. Sponsor axtardığını söylədi. Bu barədə acizliyimizi bildirdik.

Sinoptiklərin bu günə olan proqnozu düz çıxdı. Hava birdən tutuldu, külək qara, qar küləyə qarışıb dənizə tərəf tələsirdilər.

– Sənə lap mat qalmışam, yaman sakitsən. – deyindi Məmməd.

– Tutalım mən də əsəbləşdim, darıxdım, məgər buna görə qar yağmayacaq, qar məndən soruşmayacaq ki, yağım-yağmayım? Təbiət öz işindədir, əzizim.

20 dekabr – Təzə evə köçdük, deyəsən, daha buradan yolumuz ancaq məzara ola bilər. Məmməd qışqırıq saldı:

– Mənim otağıma pərdə salmayın, xahiş edirəm, mənimlə günəş arasında pərdə tutmayın.

– Ağa Məmməd, yaxşı ifadədir, bu fikri şeirə çevirmək olar.

27 dekabr – Özümə inana bilmirəm, mən də dinc mənzildə, az da olsa təmir edilmiş bir yerdə yaşaya bilərəmmiş.

Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə veriliş gedirdi, eyni zamanda azərbaycanlıların mərhələlərlə deportasiyasını araşdırmaq üçün qərar qəbul edilmişdi. Sual verdim:

– Azərbaycanlıların mərhələlərlə deportasiyasını araşdırmaq haqqındakı qərar gecikmiş qərar deyilmi, indi nəyə lazımdır ki?!..

– Nəsə yəqin bir iş var ki, Əliyev bu qərarı verib. Onu da deyim ki, 60–cı illərdə ermənilər bütün dünyada genosid kimi qeyd etmək istəyirdilər ki, guya onları qırıblar. Təkcə bizim kənddən və elə rayondan 200-dən yuxarı Moskvaya teleqram vuruldu. Naxçıvandan vurulan teleqramların hesabına da ermənilər genosidi qeyd edə bilmədilər.

Nənə, –  Tuncay soruşdu,-  elə sənin gündəliyin təkcə dədəyə aiddir?

– Mənim Tuncay balam, bir vaxt gələcək ki, sən özün bu kəlmələri çıraqla yox, çıraq köhnə sözdür, projektorla axtaracaqsan. Bəlkə sizlərdən biriniz çaşıb yazıçı oldunuz, hazır materialdır, məndən sonra qalır sizə.

29-31 dekabr – Ağır, yüklü, qayğılı günlərimdən biri – köhnə ilə vida. Bu ilin qazancı yeni mənzilə köçməyimiz oldu.

 

1998

2 yanvar – Gülşən Əkbərova veriliş aparırdı. Məmməddin xatirəsi: -Məmməd  Əkbər həmişə məni görəndə əlimi sıxar eyni sualı verərdi: – “ Dəryaya daş atmaqla dərya daşmaz” – misrası kimindir?  Qəsdən sayardım, Nizami, Nəsimi, Füzuli… Deyərdi,  bilmədin, Əbülqasım Nəbatinindir. Hər  məni görəndə bu sözlər təkrar olunardı.

3 yanvar – Heydər Əliyev İlin Adamı elan olunmuşdu. Məmməd ona teleqram vurdu.

“Respublika prezidenti Heydər Əlirza oğluna!

Əziz Heydər müəllim.

Siz İlin Adamı – əslində əsrin – əsrlərin birinci adamlarındansınız. Bu yüksək ad üçün Sizi və xalqımızı ürəkdən təbrik edirəm. Ucalığa gedən yollar yorulmaz.

  1. 1. 98. Məmməd Araz”

Teleqramda işlədilən aşağıdakı ifadələr xoşuma gəldi. Məsələn, əsrin – əsrlərin birinci adamı, ucalığa gedən yollar yorulmaz; əvvəlki teleqramda isə sağlığınıza işıq badəsi qaldırıram kimi ifadələr.

6 yanvar – 47-53-cü illər azərbaycanlıların deportasiyası haqqında danışıqlara Məmməd öz fikrini belə bildirdi:

 – Bu kökləri daha dərindən araşdırıb üzə çıxarmaq lazımdır, eyni zamanda 18-20-ci illərlə bağlı materialları… Bu illərin hadisələrini Əli Vəliyev, Süleyman  Rəhimov, Əyyub Abbasov daha dəqiq işıqlandırıblar. Əyyub Abbasovun “Zəngəzur” əsərində məlumatlar çoxdur. Bu əsər əvvəl rusca çap olundu, sonra azərbaycanca. Erməni dilindən başqa, çox dillərdə çap edildi. Bu əsərə görə o yazığın başına bizimkilər nələr gətirmədilər. Hər halda yazılı abidədir, qalır. Bizim nənələrimiz bizə öyrədiblər ki, adam öldürməyin, ermənilər isə öyrədiblər ki, türkləri qırın. Mənim Zöhrə nənəm neçə əsir düşmüş ermənini buraxdırıb ki, mənim ocağımda adam öldürməyin.

– Nə qazandıq ki?

– Bilmirəm. Misal var: “Namusu itə atdılar, it də yemədi”. “Namusunu yeyənlərin qeyrətindən” demişəm.

İki qardaş adından “Arazı ayırdılar” harayını da yaratdılar. Qardaşların taleyini böyük dövlətlər iki imza aktına qurban verdi. Bu qardaşlar gərək qəflət yuxusuna getməyəydilər. Millətin vəzifəsi təkcə yer şumlamaq, toxum səpmək, ot biçmək deyil.

Zamandan qorxmaq lazımdır. Yazdığım kimi: “Zaman üzü dönüklərə  zəmanət verir”. Zamandan qorxub onun qəfil imtahanlarına ayıq, ağıllı, təmkinli cavablarımızı “həmişə hazır” saxlamalıyıq. Bunun üçün tariximiz  aydın samballı ədəbiyyatı, ədəbiyyatımız da tarixi yeri gələndə “farağat” və ya “irəli” vəziyyətinə salmağı bacarmalıdır. 

Millət özünü idarə “yüyənini” gərək özgəsinə verməsin. Bütün məqamlarda, bütün vəziyyətlərdə xalq ayıq olmalıdır.

Necə ki ermənilər mürgülü xalq deyil, amma “Zəngəzur” əsərinə görə böyüklərimiz yazıçıya nə qədər əngəl törətdilər.

Erməni şairəsi isə açıqca özlərinə dövlət yaratdıqlarına görə “ağ ayılara” əsərlərində minnətdarlıq edir.

11 yanvar – Telefonu götürdüm: – Alo

– Vay sənin gözüvü yeyim, ağsaqqallar şurasındandır, Məmməd müəllim lazımdır.

Ay aman, təzə telefon nömrəmizi hardan bilir, biz özümüz hələ yaxşı bilmirik.

Cavab verdim:

– Məmməd  yatır…

– Oyat, mənə lazımdır, – amiranə səsləndi, – vacibdir.

Çarəsiz telefonu Məmmədə verdim. Danışanın səsini eşidirdim, sözlərindən bunu seçdim ki, o evə nahaq köçmüsünüz, gərək bizdən icazə alaydınız, amma nə edək, eybi yox, xalqımızın fəxrisən, sənə halaldı.

Qəribə zəng və qəribə danışıq idi.

– Kişi, səncə, bu nə deməkdir?

– Mənə elə gəlir ki, təşkil olunmuş zəng idi, nömrəni yığıb dəlinin əlinə veriblər, danışan adam ağlı başında olana oxşamırdı.

12-20-21 yanvar – Deyəsən işləyirsən axı?

– Hə, fikirləşdiyim şeirin məzmunu belədi: – Gözümüzün qarşısında torpağımız tapdanır, insanlar qırılır, hamı bir-birinə düşmən kəsilir…  Bunların hamısı şairin,  mənim gözlərim önündə baş verir. Və əlimdən heç nə gəlmir, özümü günahkar hesab edirəm.

Bunları “görməyənlərə” daş ürəkli deyərlər.

Belə ürək üçün “ölçü-biçi”, “sənin-mənim” yoxdur. Onun, eyni zamanda, dost-düşmən anlayışı yoxdur. Əsil insan torpaq itkisini, dost badalağını özündə əridə bilmir, bunları özünə dərd edir, çaşır, yıxılır, özünü itirir, çox vaxt özü-öz qolundan tutub qalxır. Amma nə fayda, olan olub qurtarıb. Nə etsən də dünyadan qaçmaq olmur.

…Ancaq təmkinli olmağı təbiətdən öyrənməliyik.  Meşəsini doğrayır, bulağını lillədir, çayını quruduruq – dözür, amma məqamı gələndə elə intiqam alır ki…

Torpağa rəncbər əli, sənətə istedad gərəkdir…  

 

20 yanvar hadisələrinə baxır, əsəbiləşirdi:

Hələ deyirlər ki, Etibar, Nemət və başqaları onları küçəyə çağırmasaydılar, ölməzdilər. Bəs necə olmalı idi, düşmənin qabağına əliyalın da, silahlı da çıxmaq lazımdır. Ölməsən öldürərlər.

Otağından çıxıb mənə əlindəki kağızı göstərdi:

– Köçürmək lazımdır.

Şeiri bir dəfə oxumalı oldum ki, sərbəst yaza biləm, “Yadımdan çıxmaz gecə”.

– Axırıncı misralar uzlaşmır, ona necə baxırsan?

– Bu şeiri keçən gecə fikirləşdim. İndən belə qərara gəlmişəm ki, fikirləşdiyim kimi də yazım, daha fəlsəfi fikirlər axtarmayım, necə ki, elə bu şeiri. Sərbəst şeirdir.

-Yox kişi, həmişə dediyin kimi yazmaq olmaz, amma hərdənbir olar.

– Düz deyirsən, onda oxuculara xəyanət etmiş olaram. Səhər şeiri çapa verəcəyəm.

22 yanvar – Şeiri “Yeni Azərbaycan” qəzetinə verdim.

Birdən yataq otağından geri qayıtdı:

– Tez ol, bu misraları bir yerə qeyd et.

Ağaclar adamdı,

Adamlar ağac.

Ağaclar danışır

Ağıllı-başlı.

Yarpaqla yarpağın,

Qonşuluğu var.

Bilmirəm, bu misralar bitgin şeirə çevriləcəkmi.

25 yanvar – Neçə gündür gündəlikdən soyumuşam. Əlimə 23 yanvar “Təzadlar” qəzeti düşdü. Yazırdılar:

“…Şairlik yolunda geriyə dönmək yoxdur. Bu yol vətən, millət və insanlıq dərdlərini içinə yığıb Allah eşqinə dör-dör döyüşmək yoludur. Bu yolun Sabiri, Cavidi, Cavadı, Müşfiqi, Hadisi, Əli Kərimi, Şəhriyarı, Xəlili, Bəxtiyarı, Məmməd Arazı olmaq gərək. Bu bəşəri yol sürünə-sürünə gedilməz. Çünki bu yol məddahların gedəcəyi yol deyil. Və…

Bu yol uzaqdır

                                                     Mənzili çoxdur,

Keçidi yoxdur

                            Dərin sular var… (Yunis İmrə)”

Həmin abzası və bir bənd şeiri Məmmədə oxudum: – Çox yaxşı fikirlərdir, – dedi.

“Müxalifət” qəzetində də məqalənin müəllifi Elçin Məmmədli Məmmədin şeirindən misal gətirərək yazır:

                                  …Ağlım, bu eyhamı sənsiz kim anlar?

                                     Sən çaşqın qafamda bir qafa da qur.

                                      Niyə bu yıxanlar, bu yıxılanlar

                                       Gələndə mələkdir, gedəndə quldur.

Məqalədə bəzi adamları qarşılaşdırıb Məmmədin şeiri ilə bağlayıblar.

27 yanvar – İşdən qayıdanda əlində kitab gördüm. Kitabı mənə verdi:

– Bu kitabın müəllifini mən kəşf etmişəm. Bir neçə il bundan əvvəl Saleh bəy mənim yanıma bir yazı gətirdi, varaqladım, gördüm ki, tarixi bir əsərdir. “Armyanstvo” . Çap etdirməyi məsləhət gördüm. Nəşriyyatlar əlindən qapdılar, çap olundu. Onun “Dünyanın taleyi” kitabına da öz fikrimi söyləmişəm. Çox savadlı alimdir, bir neçə dil bilir, çox əla material toplayıb.

28-31 yanvar – “525” qəzetində Mürşüd Məmmədovun “Xəlil Rza Ulutürk fenomeni” məqaləsində belə bir abzas vardı…

“… Əsrin doğum çağında “millət” sözünü siyasi lirikaya, ümumiyyətlə, ədəbi-bədii leksikona gətirən Sabir oldu. Sabir korazehin, ələbaxım rəiyyəti millət mərtəbəsinə qaldırmaq istəyirdi. Ona görə də poeziyasının bütün atəş gücünü kölə zehniyyətinə tuşlamışdı. O, bilirdi ki, kölə həyatına yalnız kütlə dözür. Millət isə dözümsüzlüyü ilə seçilir. Əsrin ikinci çağlarında eyni sosial-ədəbi funksiyasını B. Vahabzadə, Məmməd Araz ilə birlikdə X. Rza yetirməyə başladı…”

– Kişi, zarafat-zarafat təzə ilin ilk ayı qurtardı.

– Sən ömrün sürətlə keçməsinə fikir vermə, şeirləri köçür.

– Yanımda otur ki, oxuya bilmədiyim sözləri səndən soruşum.

Şeirləri köçürməyə başladım. “Hasar içində evlər”, “Aramızda Xəlil vardı”, “Bələdçi xəyanət”, “Kimdi deyən, kimdi yeyən yalanları”, “İlahi, əfv elə günahlarımı”, “ İndi”, “Yadımdan çıxmaz gecə”. Həmişə məndən rəy gözlədiyi üçün dərin fikirli şeirlər olduğunu söylədim.

1-3-4 fevral – Televerilişlərdə müxtəlif adamlara qarşı ağlagəlməz ittihamlar söyləndikcə Məmməd təəssüflə başını bulayır, çıxışlara mat-mat baxır, deyinirdi:

– Bu kütləni niyə belə öyrədirlər, televiziya nəyə xidmət edir? Bu adamlar beləcə öyrənib, sabah da onların özlərinə böhtan atacaqlar, vallah mat qalmışam.

Sonra da acığını məndən çıxdı.

Televizorda nə boğuşmadı elə?

– Söyüşmələr davam edir, görürsən də.

– Özü müstəqil düşünə bilməyən xalq həmişə belə olur, kimsə onların yerinə söz danışır, kütlə də onu yerinə yetirir. Nə etməli taleyimizə bu yazılıb. Həyat bütün insanlara yer verməyə borcludur və borcunu yerinə yetirir, ancaq maddəsinin sonunda çıxış işarəsi də qoyur – yəni istədiyi vaxt istədiyi adamdan istədiyi “yeri” geri almaq hüququnu özündə saxlayır.

İçərisində yaşadığımız cəmiyyət kainatda öz orbiti, öz cazibəsi olan bir planetdir.

Bayatıda “Gündə bir kərpic düşür, Ömrümün sarayından” – deyilir. Bu saray insandır. Ömür zəlzələsi bu sarayı uçuranda boşluq qalıbsa, deməli, insan yaşamayıb.

Bir-birinə böhtan atıb pisləməkdənsə, hərəsi vicdanla işinin qulpundan yapışsa daha yaxşı olardı.  Bu gün qırmızı-qırmızı, ağzı köpüklənə-köpüklənə böhtan atan sabah vətənə xəyanət də edə bilər.  Deyərdim: qonşu qardaş, bu çəpəri ulu baban da çəkmişdi. Hünərin varsa mərdiməzarlığa, şeytançılığa, dartmalara, didişmələrə çəpər çək…

Torpaqlarımızı itirdiyimiz bir vaxtda birləşib dövlətə kömək etmək lazımdır.

Eşitdin, ermənilər Petrosyanı da belə devirdilər, getdi.

– Öz aralarında qəsdən edirlər ki, Qarabağ və o biri rayonların məsələsini uzatsınlar. Onlar ermənidirlər, özləri də min illərlə marıqda yatıb torpaq istəyənlər. Onlardan hər şey gözləmək olar. Mən erməniləri tanıdığıma görə bilirəm ki, torpaqları sözlə qaytarmayacaqlar, – deyindi Məmməd…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!