Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə illik inflyasiyanın 2026-cı ilin sonunda 6.1%, 12 ay sonra (yəni 2027-ci ilin iyun ayında) 6%, 2027-ci ilin sonunda isə 5.8% olacağı gözlənilir.
Tezadlar.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, Beləliklə, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından hədəfə qayıdacağı gözlənilir: “Qeyd edilməlidir ki, 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən (2% – 6% aralığı) kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır.
Mürəkkəbləşən qlobal geosiyasi mühitdə enerji və ərzaq qiymətlərinin yüksəlməsi və bu yolla ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi riski yüksək olaraq qalır. Tərəfdaşlardakı inflyasiyanın daxili qiymətlərə ötürülməsi manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə dinamikasından da asılı olacaq. Növbəti dövrdə Mərkəzi Bankın inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Daxili tələb amillərinin isə mövcud fiskal və pul siyasəti fonunda inflyasiya təzyiqləri yaratması ehtimalı yüksək deyil”.
İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5.8% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 3.8% olub. İllik baza inflyasiya 5.5% təşkil edib.