Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Magna Trans” MMC-nin təsisçisi, sahibkar Ağasəf İsmayılov Azərbaycanın Baş Prokuroru cənab Kamran Əliyevə Sabunçu rayon Prokurorluğunda hüquqlarının kobud surətdə pozulması, eləcə də Dövlət adından qəbul edilmiş məhkəmə qərarlarının hüquqi nəticəsiz qalması ilə əlaqədar müraciət edib. A.İsmayılovun “Təzadlar” qəzeti redaksiyasına göndərilmiş müraciətində deyilir:
“Çox hörmətli cənab Baş prokuror,
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yüksək etimad göstərərək Sizi Baş prokuror vəzifəsinə təyin etməsi ölkədə qanunun aliliyinin təmin olunmasına, vətəndaşların hüquqlarının qorunmasına və cinayət təqibinin qanuna uyğun həyata keçirilməsinə olan etimadın ifadəsidir. Məhz bu etimada inanaraq Sizə müraciət edirəm. Müraciətimin əsas səbəbi ondan ibarətdir ki, dörd ildən artıq müddətdə aparılan (daha doğrusu süründürməçiliyə məruz qoyulmuş) istintaq zamanı, zərərçəkmiş şəxs olduğum 210050957 saylı cinayət işi üzrə Azərbaycan Respublikası adından 30 məhkəmə qərarı qəbul edilməsinə baxmayaraq, həmin qərarlarda göstərilən qanun pozuntuları bu günə qədər aradan qaldırılmamışdır.
Təsisçisi olduğum “Magna Trans” MMC-nin əmlakını mənimsəmələrinə dair CM-nin 179.3.2. maddəsi ilə istintaq davam etdirilməsi üçün 29.03.2022-ci il tarixdə Sabunçu rayon prokurorluğunun icraatına verilmiş və təkcə mənim zərərçəkmiş şəxs olduğum bu cinayət işinin istintaqını ötən 4 il ərzində müstəntiqlər əsassız və qanunsuz olaraq 6 dəfə eyni əsaslarla xitama vermişlər, aidiyyəti prokurorlar isə apellyasiya protesti ilə müraciətlər etmiş olsalar da, məhkəmələr birmənalı olaraq, əsassız və qanunsuz olmaları səbəbinə müstəntiqlərin bütün qərarlarını ləğv etmiş və prokurorların protestlərini təmin etməmişlər. Təəccüb və təəssüf yaradan odur ki, bütün bu kobud qanun pozuntularının hər birinin nəticəsi illər ərzində Baş Prokurorluğun Kollegiyasının müzakirəsinə nədənsə düşməmişdir.
Cəmisi bir maddə (mənimsəmə) ilə istintaq hərəkətlərinin aparılması tələb olunan və cəmi bir nəfər zərərçəkmiş şəxs olan bu cinayət işinin istintaqının aparılmaması ilə bağlı, xüsusən də əsassız və qanunsuz olaraq icraatın dayandırılması, yaxud xitama verilməsi ilə bağlı çoxsaylı məhkəmə qərarları movcud olsa da, göstərdiyim kimi, cinayət işinə qarşı məmur zorakılığı illərdir ki, davam etdirilir.
İş icraatında olan müstəntiqlər həqiqətə uyğun olmayan, hətta baxılan işə aidiyyəti olmayan başqa bir sənəddən sözbəsöz köçürülmüş qərarları ilə (müstəntiq Orxan Səmədovun 20.06.2025-ci il tarixli), aidiyyəti prokurorlar isə əhəmiyyətsiz apellyasiya protestləri ilə, bu cinayət işini dəfələrlə “zərərsizləşdirməyə” cəhd etmiş olsalar da, şikayətlərimə əsasən birinci və apellyasiya məhkəmələrinin qərarları ilə haqq-ədalət bərpa olunmuşdur.
Lakin həmin müstəntiqlər və prokurorlar hələ ki, özlərinin qaunazidd əməllərini davam etdirirlər. Sonuncu dəfə, Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin 11.06.2026-cı il tarixli, “cinayət hadisəsi olmadığından cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarı şikayətimə əsasən, Sabunçu rayon Məhkəməsinin 10.07.2026-cı il tarixli, 6(5-101)-83/2026 saylı qərarı ilə “qanunsuz və əsassız olması” səbəbinə ləğv edilmiş və “göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın, qərarın icrasına nəzarət Sabunçu rayon prokuroruna tapşırılsın” göstərişi ilə məhkəmə tərəfindən istintaqa qaytarılmışdır. Cinayət işinə xitam verilməsi barədə müstəntiqlərin altı qərarının məhkəmələr tərəfindən ləğv olunması onu da göstərir ki, səbəb bir dəfə yol verilmiş təsadüfi prosessual səhv deyildir.
Eyni kobud prosessual qanun pozuntularının müxtəlif tarixlərdə və müxtəlif prosessual qərarlarda təkrar olunması, məhkəmə qərarlarında göstərilmiş həmin kobud prosessual pozuntuların aradan qaldırılmaması heç də sıradan sadə bir məsələ kimi baxıla bilməz. Lakin, göstərdiyim kimi, müstəntiq Fuad Babayev və onun fəaliyyətinə prokuror nəzarəti vəzifəsini yerinə yetirməli olan Murad Dadaşov Azərbaycan Respublikası adından verilmiş məhkəmə aktının tələblərini yerinə yetirməkdən qəti olaraq imtina etmişlər.
Bundan əlavə, “Magna Trans” MMC-nin 34 avtobusun oğurlanmasına dair 30 oktyabr 2022-ci il tarixli şikayətim üzrə heç bir tədbir görülmədiyi üçün Xətai və Sabunçu rayonlarının, habelə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qəbul etmiş olduqları qərarlar da icra edilmədən qalmaqdadır. Bu işlə bağlı sonuncu dəfə, Baş Prokurorluğun Qanunların icrasına nəzarət idarəsinin rəis müavini Günay Məmmədlinin mənə ünvanladığı 29 iyun 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 25 iyun 2026-cı ildə ləğv edilmiş və “hazırda material üzrə araşdırma davam etdirilir.”
Baş Prokurorluğun Qanunların icrasına nəzarət idarəsinin rəis müavinin bu məktubu ilə bağlı təkcə onu demək yetər ki, ərizə verdiyim gündən 45 ay keçməsinə baxmayaraq izahatım alınmadığı halda və “yoxa çıxmış” 34 avtobusun “izi-tozu” müəyyən edilmədiyi halda “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” necə verilə bilərdi ki, 44 ay keçdikdən sonra, rəis müavini bildiri ki, “25 iyun 2026-cı ildə ləğv edilmiş və hazırda material üzrə araşdırma davam etdirilir.”
Cənab Baş prokuror,
Bütün bu göstərdiklərimə istinadən sual yaranır ki, daha nə və necə olmalıdır ki, müstəntiqlər və onlara nəzarət etməli olan prokurorlar öz vəzifə borclarını layiqincə yerinə yetirsinlər? Dörd ildən artıq müddətdə eyni cinayət işi üzrə müstəntiqlərin qanunsuz qərarlarının məhkəmələr tərəfindən ardıcıl olaraq ləğv edilməsinə, prokurorların qanunsuz protestlərinin isə təmin olunmamasına baxmayaraq, həmin qanun pozuntularının davam etdirilməsinin səbəblərinin araşdırılmasının, hüquqi qiymət verilməsinin və qanunun aliliyinin bərpa olunmasının vaxtı deyilmi?
Bu müraciətimdə istinad etdiyim prokurorlar və müstəntiqlər Azərbaycan Respublikasının adından verilmiş 30 sayda məhkəmə qərarlarını icra etməkdən imtina etmişlərsə və ölkə vətəndaşının əmlakını mənimsəməklə bərabər, dövlət büdcəsinə ödənilməli olan külli məbləğdə pul vəsaitini də mənimsəmiş mütəşəkkil bir dəstəyə himayədarlıq edilirsə, bu qanunazidd əməllərin qarşısının alınmasını kim təmin etməlidir?
Dərin hörmətlə:
Ağasəf İsmayılov,
iş adamı-sahibkar, 210050957 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs”.
“Təzadlar”