30 il mümkünsüz görünən layihə 7 ildə gerçəkləşdi…
***
Xəzər dənizinin dibi ilə Aktau və Sumqayıt şəhərləri arasında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi uğurla başa çatıb. Bu, “Rəqəmsal İpək Yolu” layihəsinin ən mürəkkəb və ən strateji mərhələsi idi.
Bu gün bunu adi bir texniki xəbər kimi qəbul edənlər çox ola bilər. Amma 2019-cu ildə bu nəhəng layihə AzerTelecom tərəfindən gündəmə gətiriləndə vəziyyət tam fərqli idi.
Bu barədə Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
“Yaxşı xatırlayıram, o dövrdə bu sahənin ən ciddi mütəxəssislərindən bəziləri belə layihənin reallaşma ehtimalını demək olar ki, sıfıra bərabər qiymətləndirirdilər.
Çünki son 30 ildə Xəzərin dibi ilə belə bir rəqəmsal dəhlizin yaradılmasına bir neçə dəfə cəhd göstərilsə də, müxtəlif səbəblərdən, xüsusilə də geosiyasi maraqlara görə bu təşəbbüslər baş tutmamışdı. TAE zamanı də bunu reallaşdırmaq mümkün olmamaışdı.
Bu layihənin uzun illər əngəllənməsində Rusiyanın regiondakı maraqları böyük rol oynayıb. Məhz buna görə bu layihə texniki olduğu qədər geosiyasi baxımdan da son dərəcə mürəkkəb hesab edilirdi.
Üstəlik, sonrakı illərdə Qazaxıstan tərəfdə tərəfdaş şirkətin dəyişməsi də layihənin icrasını xeyli ləngitdi.
Bu baxımdan, bu gün Xəzərin dibi ilə kabelin çəkilişinin başa çatması sadəcə mühəndislik uğuru deyil. Bu, uzun illər mümkünsüz hesab olunan strateji layihənin qarşısındakı ən böyük maneənin aradan qaldırılması deməkdir.
Xatırlayıram ki, Prezident İlham Əliyevin bu layihə ilə bağlı həm Qazaxıstan, həm də Türkmənistan rəhbərləri ilə çoxsaylı müzakirələri olmuşdu.
Hesab edirəm ki, Prezidentin siyasi iradəsi də bir zamanlar mümkünsüz görünən bu layihənin reallaşmasında mühüm rol oynayıb.
Burada diqqət çəkən digər mühüm məqam isə layihənin texniki mürəkkəbliyidir. Xəzər dənizinin dibi ilə 380 kilometrlik zirehli fiber-optik kabelin xüsusi gəmilər və xüsusi texnologiyalar vasitəsilə çəkilməsi region üçün ilk belə layihədir və olduqca yüksək mühəndislik dəqiqliyi tələb edir.
Digər diqqətçəkən məqam isə odur ki, belə strateji və kapitalltutumlu layihənin dövlət büdcəsi hesabına deyil, Azerconnect Group daxilində olan AzerTelecom kimi özəl şirkətin, NEQSOL Holding-in investisiyası hesabına reallaşdırılmasıdır.
Region üçün strateji əhəmiyyət daşıyan belə bir infrastruktur layihəsinin özəl sektor tərəfindən həyata keçirilməsi təqdirəlayiqdir.
İndi qarşıda sahilyanı və yerüstü infrastrukturun tamamlanması və xəttin istismara verilməsi qalır. Bundan sonra Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhliz formalaşacaq, Azərbaycan isə regionun ən mühüm rəqəmsal tranzit və bağlantı mərkəzlərindən birinə çevrilmək istiqamətində ciddi üstünlük qazanacaq.
Düşünürəm ki, bu layihənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan ilk dəfə olaraq təkcə enerji və nəqliyyat dəhlizlərinin deyil, qlobal rəqəmsal infrastrukturun da əsas qovşaqlarından birinə çevrilmək imkanı qazanır.
Bunun iqtisadi, texnoloji və geosiyasi təsirləri yaxın illərdə daha aydın görünəcək”, – deyə qeyd edib.
Y.Məmmədli