Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Avqust 2026 / 09:39

Üzeyir bəyin pişiyi və…

…Üzeyir Hacıbəyov 1908-ci ildə “Biz nə tövr iş görürük?” adlı felyetonunda cəmiyyətimizin qəribə bir xüsusiyyətini təsvir edirdi. Onun obrazı çox sadə idi: nərdivan.
Başqaları siçan boyda iş görəndə biz yatırıq.
İşləri keçi boyda olur — yatırıq.
Eşşək boyda olur — yatırıq.
Camışa çatırlar — yatırıq.
Dəvə boyda iş görürlər — yenə yatırıq.
Nəhayət, onların işi fil boyda olanda oyanıb deyirik:
Biz də fil boyda iş görəcəyik!
Başlayırıq. Fil alınmır.
Deyirik, onda dəvə düzəldək.
Dəvə alınmır, camışa keçirik. Camışdan eşşəyə, eşşəkdən keçiyə, axırda siçana qədər enirik.
Siçanı düzəltməyə başlayanda isə Üzeyir bəyin öldürücü istehzası gəlir:
“İçimizdən bir pişik çıxdı və siçanı yedi!”
Və yekun:
“Biz belə iş görürük.”
Bu, 1908-ci ildə yazılıb.
118 il keçib.
Amma adam bu gün oxuyanda istər-istəməz ətrafımıza — Gürcüstana, Ermənistana baxır.
Söhbət bu ölkələri ideallaşdırmaqdan getmir. Onların da kifayət qədər siyasi, iqtisadi, demoqrafik və təhlükəsizlik problemləri var.
Məsələ tamam başqadır.
Onlar bəzi sahələrdə siçan boyda işi görməyə başlayanda biz həmin işi kiçik hesab edib əhəmiyyət vermirik.
Gürcüstan illər əvvəl dövlət xidmətlərini sadələşdirməyə, bürokratiyanı azaltmağa, biznes mühitini dəyişməyə başladı.
Ermənistanda texnologiya və İT sektoru illərlə addım-addım formalaşdı. Startaplar yarandı, mühəndislik və texnologiya təhsili inkişaf etdi, xarici texnologiya şirkətləri gəldi.
Bunların heç biri bir səhər oyanıb “fil düzəldək” qərarı ilə yaranmadı.
Əvvəl siçan vardı.
Sonra keçi.
Sonra eşşək.
Sonra dəvə…
Bu gün Ermənistan böyük süni intellekt və hesablama infrastrukturu layihələrindən danışanda təəccüblənirik:
Balaca Ermənistan bunu necə etdi?
Bəlkə cavabı Üzeyir bəy 118 il əvvəl verib:
Nərdivan.
İnkişaf pillə-pillə baş verir.
Biz isə çox vaxt qonşunun siçanını görmürük.
Keçisini də görmürük.
Eşşəyinə bir az istehza edirik.
Dəvəsi ortaya çıxanda narahat oluruq.
Fil görünəndə isə müşavirə keçirib qərar veririk ki, bizə də fil lazımdır.
Sonra böyük hədəflər elan olunur:
Azərbaycan texnologiya mərkəzinə çevriləcək.
Süni intellekt inkişaf etdiriləcək.
Qeyri-neft iqtisadiyyatı qurulacaq.
Dünya səviyyəli universitetlər yaradılacaq.
İnnovasiya iqtisadiyyatı formalaşdırılacaq.
Bunların hamısı gözəl məqsədlərdir.
Amma Üzeyir bəyin sualı qalır:
Nərdivan hanı?
Birinci pillə nədir?
İkinci pillə nədir?
Bu işi görəcək insanları necə yetişdiririk?
Yeni ideyaların meydana çıxması üçün hansı mühiti yaradırıq?
Və ən əsası:
Siçan boyda yaxşı bir təşəbbüs yarananda içimizdən çıxıb onu yeyən pişiklərin qarşısını necə alırıq?
Üzeyir bəyin 118 il əvvəl gördüyü problem, məncə, məhz budur:
Biz inkişafın nəticəsini istəyirik, prosesini yox.
Fil istəyirik, amma siçandan başlamaq istəmirik.
Dünya səviyyəli universitet istəyirik, amma məktəbdən başlamırıq.
Süni intellekt istəyirik, amma fundamental elmə illərlə sərmayə qoymuruq.
İnnovasiya istəyirik, amma sərbəst düşünən insandan ehtiyat edirik.
Güclü iqtisadiyyat istəyirik, amma onu yaradan institutların qurulması uzun və darıxdırıcı görünür.
Gürcüstan və Ermənistanla müqayisənin ağrılı tərəfi də budur.
Məsələ artıq Almaniya, İsveçrə və ya Yaponiya ilə müqayisədə geri qalmağımız deyil.
Bəzi sahələrdə vaxtilə özümüzdən xeyli zəif hesab etdiyimiz ən yaxın qonşularımızın atdığı addımlara baxıb “biz bunu niyə etmədik?” sualını verməyə başlamışıq.
Bəlkə Üzeyir Hacıbəyovun 118 il əvvəlki felyetonu buna görə bu gün daha ağır səslənir.
Dünya dəyişib.
Texnologiyalar dəyişib.
Dövlətlər dəyişib.
Amma nərdivan dəyişməyib.
İnkişaf hələ də pillə-pillə baş verir.
Üzeyir bəyin 1908-ci ildə verdiyi sual isə hələ də cavab gözləyir:
“Biz nə tövr iş görürük?”
Elbəyi HƏSƏNLİ,
İsveçrə
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!