Gecə yarısı Astarada yaşayan ucqar kənd sakininə zəng gəlir. Yəqin oğlumdur, deyib həyacanla telefona cavab verir:
– Alo…
– Salam, əmi.
– Vəaleykum salam.
– Mən oğlunuzun komandiriyəm.
– Lap yaxşı, komandir. Bəs bu vaxtı zəng etməyə səbəb nədir? Olmaya o dələduz nəsə edib?
– Xeyr, o…
– Komandir, o mənim ən sevdiyim oğlumdur. Buna baxmayaraq onu Vətənə qurban demişəm! Mənimlə açıq danış, gəlim yoxsa gəlişinizə hazırlaşım?!
Komandir doluxsunub susur… Onu kişinin “alo” səsi özünə gətirir. O kişiyə: -Əmi hazırlıq gör, sabah gətirəcəyik, – deyir. Ata tam təmkinlə yenidən dillənir: – Komandir, ehtiyatda olan zabitəm. Qarabağda döyüşüb yaralanmışam. Səni zabit şərəfinə and verirəm düzünü de, oğlum döyüşüb kişi kimi ölübmü?!
Komandir, hönkürtü ilə: – Tək başına düşmənin diversiya qrupunun qarşısını alıb. Onlara ağır itkilər verib. Əsl döyüşçü kimi şəhid olub.
– Aha… Bax bu ən yaxşı xəbər oldu. Sağ ol, Komandir! Sabah səni də oğlumun nəşini də gözləyirəm. Vətən sağ olsun!
Bax bizlər belə atalara görə varıq və yaşayırıq.
(c) Elgün Gəncimsoy






