Gəncə Şəhər Fikrət Əmirov Parkında 12 iri gövdəli ağacların kəsilməsi qeydə alınıbdır. Gəncə Regional Ekologiya İdarəsi bilərəkdən göz yumur. Bu barədə tezadlar.az-a Gəncədən göndərilmiş şikayətdə bildirilir. Şikayətçi Ofeliya Davudqızı yazır: “Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirliyi niyə sudur? Gəncə Şəhər Fikrət Əmirov parkında müxtəlif hissələrində çoxsaylı ağacların məhv edildiyi əks olunub. İddialara görə, ağacların bir hissəsi parkın əsas giriş hissəsində, eləcə də parkın hər iki hissəsində kəsilib. Görüntülərdən məlum olur ki, parkın daxili ərazisində yerləşən ağaclar da mişarla məhv edilir. Məlumatlarda ümumilikdə 12 ağacın kəsildiyi bildirilir. Ən diqqətçəkən məqam isə ərazidə əsasən yaşıl və sağlam ağacların kəsilməsidir. Bu isə ictimaiyyətdə ciddi suallar doğurur. Ekologiyanın qorunmasının prioritet elan olunduğu bir dövrdə dövlət Gəncə Şəhərində ən böyük parkın ərazisində yaşıllıqların bu şəkildə məhv edilməsi narahatlıq doğurur. Hadisənin hansı əsasla həyata keçirildiyi, ağacların kəsilməsi üçün müvafiq icazənin olub-olmaması isə hələlik məlum deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də hadisəyə münasibət bildirməməsi diqqət çəkir”.
Xatırladaq ki, qanunvericiliyə əsasən ağacların qanunsuz kəsilməsi inzibati və bəzi hallarda cinayət məsuliyyəti yarada bilər.
Redaksiya faktı və fotogörüntüləri nazirliyin elektron poçtuna göndərdi. İnanırıq ki, araşdırılıb lazımi tədbir görüləcək. Lakin sual açıq qalır: parkın içində bu ağacları kəsməkdə məqsəd və niyyət nə olub?
SƏBUHİ









