Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Azərbaycan və gürcü milli rəqsləri üzrə dərnək fəaliyyətə başlayıb. Tezadlar.az xəbər erir ki, dərnəyin yaradılmasında əsas məqsəd hər iki xalqın zəngin mədəni irsini, incəsənətini və rəqs ənənələrini gənclər arasında təbliğ etmək, eyni zamanda azərbaycanlı və gürcü gənclər arasında mədəni inteqrasiyanı və dostluq əlaqələrini gücləndirməkdir. Mərkəzin rəhbəri Rəna Hüseynova bildirib ki, dərslər peşəkar təlimçilər tərəfindən keçirilir və proqram çərçivəsində həm Azərbaycan, həm də gürcü milli rəqsləri öyrədilir. Dərnəyin bədii rəhbəri Ceyran Qurbanovanın sözlərinə görə, iştirakçılara “Yallı”, “Tərəkəmə”, “Qaytağı” kimi Azərbaycan, eləcə də “Kartuli”, “Açaruli”, “Xorumi” kimi gürcü milli rəqslərinin ifa texnikası tədris olunur. Bununla yanaşı, repertuarda Qafqaz və türk xalqlarının rəqsləri də yer alır. Qeyd olunub ki, dərslərdə yaş məhdudiyyəti yoxdur və məktəblilər, yeniyetmələr, eləcə də gənclər dərnəyə qoşula bilərlər. Məşğələlərin gənclərin fiziki inkişafına, düzgün qamətin formalaşmasına və yaradıcılıq potensialının üzə çıxarılmasına töhfə verdiyi vurğulanır. Bildirilib ki, dərnək iştirakçılarının gələcəkdə müxtəlif mədəni tədbirlərdə və festivallarda birgə çıxışı planlaşdırılır. Milli rəqsləri öyrənmək istəyənlər “Alyans” Gənclər Mərkəzinə müraciət edə bilərlər. Dərslər ödənişlidir. Ünvan: Kazbegi prospekti 44, 6-cı mərtəbə. Əlaqə telefonları: +995 574 75 75 77; +995 574 00 13 32.
Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb






