…Yadınızdadırsa bir müddət əvvəl Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğulları – Taleh və Nicat Heydərovlar ABŞ istehsalı olan beynəlxalq “Dead of Winter” (“Qışın ortasında” – 2025) triller filminin maliyyələşdirilməsində iştirak etdikləri barədə məlumatı açıqlamışdım.
İndi məlum olur ki, nazirin övladları ötən il daha bir amerikan filminin maliyyələşdirilməsinə vəsait yönəldiblər.
Söhbət ötən ayın 8-də Nyu-Yorkda, Ludlow House-da premyerası keçirilən və məşhur amerikalı aktyor Alan Ritchsonun baş rolda olduğu “Motor City” trillerindən gedir.
İstehsal büdcəsi təxminən 30 milyon dollar təşkil edən film iyulun 24-də ABŞ kinoteatrlarında nümayişə çıxarılsa da uğur qazana bilməyib. “The Numbers” 29 avqust 2026-cı il tarixə kimi filmin dünya üzrə kinoteatrlardan gəlirinin təxminən 3,02 milyon dollar göstərir. Yəni film sırf kinoteatr gəlirləri baxımından büdcəsindən xeyli aşağı nəticə əldə edib. Kino sənayesində bu, hazırkı rəqəmlərlə ciddi box-office uğursuzluğu sayılır.
Yeri gəlnişkən “Dead of Winter” filmi də dünya kinoteatrlarında təxminən 3,36 milyon dollar qazanmışdı, bu onun istehsal dəyərindən qat-qat aşağı məbləğdir.
Daha bir maraqlı detal: Tale Heydərovun IMDb bioqrafiyasında onun Hollywood kino şirkətlərinə investor olduğu, həmçinin UTA və “Motor City”nin əsas istehsalçılarından olan Stampede Ventures tərəfindən yaradılmış HappyNest Entertainment şirkətinin idarə heyətində yer aldığı məlum olur. Həmin bioqrafiyanın mənbə müəllifi də məhz Stampede Ventures kimi göstərilib.
Sual ortaya çıxır, nazirin övladları belə uğursuz layihələrin maliyyələşdirilməsində hansı məqsəd güdürlər, pul, yoxsa şöhrət qazanmaq?!
Cavanşir HƏSƏNLİ,
Araşdırmaçı jurnalist







