ABŞ İrana qarşı genişmiqyaslı hücuma başlayıb. Ən azı 100 hədəfin vurulduğu bildirilir. İran ABŞ bazalarına hücum edərək cavab verib. İran gəmilərinə edilən hücumlarla bağlı ABŞ bildirib ki, “İndi gəmi gəmiyə qarşı” siyasətinə keçdik. Bəs bundan sonra nə baş verəcək?
Tezadlar.az təfərrüatları təqdim edir…
Yaxın Şərqdə yenidən gərginlik artıb. ABŞ İran ərazisinə hava hücumları təşkil edib. Tehran Vaşinqtona qarşı İordaniya, Bəhreyn, Küveyt və Ərbili hədəf alaraq cavab verib. ABŞ tərəfindən iki İran tanker gəmisi vurulub.
Bu, müharibənin başlanğıcından bəri ABŞ-nin boğazda lövbər salmış İran neft tankerlərini hədəf aldığı ilk haldır. Bununla bağlı ABŞ-dan açıqlama verilib.
Hörmüz boğazında İranla münaqişənin yeni səviyyəyə qalxdığı və hərbçilərin “tanker-tanker” prinsipinə əsaslanan yeni siyasət tətbiq etməyə başladığı bildirilib. Bu kontekstdə iki İran neft tankerinin də hədəfə alındığı vurğulanıb.
“Axios”un məlumatına görə, ABŞ rəsmisi bildirib ki, Prezident Donald Tramp Tehranın Hörmüz boğazından keçən neft tankerlərini və kommersiya gəmilərini hədəfə almasının qarşısını almaq üçün yeni siyasəti təsdiqləyib. Rəsmilər bildiriblər ki, bu siyasətə əsasən, ABŞ İranın hücum etdiyi hər gəmi üçün bir İran neft tankerini hədəfə alacaq.
Vaşinqton son hücumların boğazda kommersiya gəmiçiliyi trafikinə təhlükə səviyyəsini “ən azı bir ay” azaldacağını təxmin edir.
ABŞ və İran arasında hücumlar baş verərkən, ABŞ qüvvələri boğazdan keçən gəmiləri müşayiət etməyə və onlara rəhbərlik etməyə davam edib. ABŞ rəsmisi bildirib ki, hər iki istiqamətdə təxminən 40 gəmi tranzit hərəkət edir.
ELBAR







