Əsas məzmuna keç

Ulduz qapıçının faciəvi taleyi

Bir vaxtlar “Flamenqo”nun kapitanı idi və Braziliyanın ən yaxşı qapıçılarından biri hesab edilirdi. Adı hətta Avropanın böyük klubları ilə yanaşı çəkilir, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında milli komandanın qapısını qoruyacağı ehtimal edilirdi. Ancaq onun həyatında futbol meydanındakı səhvlərdən daha ağır bir hadisə baş verdi. Bununla da ulduz qapıçının karyerası 25 yaşında cinayət işi ilə faktiki olaraq dağıldı.

Tezadlar.az-ın “Həyatın oyunçuları” rubrikasının növbəti qəhrəmanı Braziliyada sadəcə “qapıçı Bruno” kimi tanınan Bruno Fernandes de Souzadır.

Valideynlərindən ayrı böyüyən uşaq

Bruno Fernandes Dores de Souza 23 dekabr 1984-cü ildə Braziliyanın Minas-Jerays ştatında dünyaya gəlib. Bruno hələ körpə ikən valideynlərinin himayəsindən kənarda qalıb. Valideynləri 1988-ci ildə ayrılıblar. Onu ata tərəfdən nənəsi Estela Santana Souza böyüdüb. Bruno anası ilə yalnız illər sonra, artıq peşəkar futbolçu olduğu dövrdə yenidən görüşüb.

Kasıb ailədən “Flamenqo”nun kapitanlığına

Peşəkar futbolda özünü qapıçı kimi göstərən braziliyalı futbolçunun böyük sıçrayışı “Atletiko Mineyro”dan başlayıb. 2006-cı ildə “Flamenqo”ya keçən Bruno qısa müddətdə Rio-de-Janeyro klubunun əsas qapıçısına çevrilib. 2009-cu il onun futbol həyatının zirvəsi olub. Bruno “Flamenqo” ilə Braziliya çempionluğunu qazanıb. Klub 17 illik fasilədən sonra ölkə çempionu olub və qapıçı həmin uğurun əsas simalarından sayılıb.

Həmin vaxt Brunonun qarşısında tamam başqa gələcək görünürdü. Sonradan Avropaya transfer ola, Braziliya millisinin formasını geyinə və 2014-cü il dünya çempionatında iştirak edə bilərdi. Amma 2010-cu ilin yayı hər şeyi dəyişdi.

Qapıçı olsa da, qol vurması

Brunonu azarkeşlər üçün maraqlı edən cəhətlərdən biri yalnız qapını qoruması deyildi. O, penalti və cərimə zərbələrini də yerinə yetirirdi. “Flamenqo”nun formasında qollar vurması qapıçı üçün qeyri-adi göstərici idi. Bu da ona xüsusi şöhrət qazandırmışdı.

Eliza Samudio və yoxa çıxma

Həmin dövrlərdə Bruno Eliza Samudio adlı modellə münasibətdə idi. Eliza daha sonra Brunodan uşağı olduğunu bildirib və futbolçunun atalığı tanımasını tələb edib. Münasibətlər getdikcə gərginləşib. Eliza hələ 2009-cu ildə Bruno tərəfindən təhdid edildiyini və zorakılığa məruz qaldığını hüquq-mühafizə orqanlarına bildirib. Qadın hətta futbolçunun ona silah tuşladığını iddia edib. Hadisə ilə bağlı araşdırma aparılsa da, proses Elizanı sonrakı faciədən qoruya bilməyib.

2010-cu ilin iyununda Eliza Samudio müəmmalı şəkildə yoxa çıxıb. Bu zaman Braziliyada dünya çempionatı həyacanı yaşanırdı. Lakin ölkə mətbuatında futbol xəbərləri ilə yanaşı, “Flamenqo”nun kapitanının adının keçdiyi yoxaçıxma işi də əsas mövzulardan birinə çevrilib. İstintaq irəlilədikcə şübhələr Bruno və onun ətrafındakı şəxslərin üzərinə yönəlib.

Qapıçıdan müttəhimliyə

Bir neçə həftə əvvəl “Flamenqo”nun formasında meydana çıxan futbolçu bu dəfə kameralar qarşısına əlində qapıçı əlcəkləri ilə yox, polis nəzarətində çıxıb. Bruno saxlanılıb və onun futbol karyerası faktiki olaraq həmin anda dayanıb.

2013-cü ildə Braziliya məhkəməsi onu Eliza Samudionun öldürülməsində ittiham edib. Bruno həmçinin adam oğurluğu və cinayətin izlərinin gizlədilməsi ittihamları üzrə də təqsirli bilinib. İlkin hökm 22 ildən çox həbs cəzası nəzərdə tutub, sonrakı məhkəmə sənədlərində ümumi cəza 23 ildən artıq göstərilib. Eliza Samudionun cəsədi isə tapılmayıb. Beləliklə, Braziliya millisinin potensial qapıçısı kimi göstərilən futbolçunun 2014-cü il dünya çempionatı arzusu həbsxana divarları arasında qalıb.

Həbsdə olarkən futboldan uzaq qalmaması

Brunonun hekayəsinin ən mübahisəli tərəflərindən biri onun məhkumluqdan sonra belə futbola qayıtmağa çalışmasıdır. 2014-cü ildə həbsdə olduğu vaxt aşağı liqa klublarından biri ilə müqavilə bağlamağa cəhd edib. 2017-ci ildə isə müvəqqəti azadlığa çıxdıqdan sonra “Boa Esporte” onu heyətinə qatıb. Klubun qərarı Braziliyada böyük etiraz doğurub. Sponsorların bir hissəsi klubla əməkdaşlığı dayandırıb, insan haqları fəalları transferə qarşı kampaniya aparıblar.

Bruno isə həmin vaxt ikinci şansa layiq olduğunu söyləyib. Buna baxmayaraq, onun azadlığı uzun çəkməyib və Ali Məhkəmənin qərarından sonra yenidən həbsxanaya qaytarılıb.

2019-cu ildə Bruno yarımçıq rejimə keçmək hüququ əldə edib. Sonrakı illərdə müxtəlif aşağı liqa və həvəskar klublarda oynamağa çalışıb. 2025-ci ildə artıq 40 yaşında olan Bruno regional turnirlərdə yenidən qapıya keçib. O, “Rive Atletik” ilə yarışın ən yaxşı qapıçısı seçilib. Futboldan kənarda isə bir müddət mebel çatdırılması sahəsində çalışıb.

2026-cı ildə yenidən həbs

Brunonun məhkəmə ilə problemləri bununla da bitməyib. Ona 2023-cü ildə şərti azadlıq hüququ verilib. Lakin 2026-cı ilin fevralında “Vasko-AC” klubunda oynamaq üçün Rio-de-Janeyro ştatından Akre ştatına məhkəmənin icazəsi olmadan getdiyi müəyyən edilib. Bu, şərti azadlığın qaydalarının pozulması hesab olunub. Məhkəmə mart ayında onun azadlığını ləğv edib və Bruno barəsində həbs qərarı çıxarıb. Bir müddət axtarışda olan keçmiş “Flamenqo” qapıçısı 7 may 2026-cı ildə Rio-de-Janeyroda saxlanılıb. Mayın 11-də o, Banqudakı Gerisino həbsxana kompleksində yarımçıq rejimə uyğun müəssisəyə köçürülüb.

Ailə həyatı: dörd uşaq atası

Brunonun şəxsi həyatı da kifayət qədər mürəkkəb olub.

Onun ilk həyat yoldaşı Dayanni Rodriqes do Karmo idi. Bu münasibətdən futbolçunun Bruna Vitoria və Maria Eduarda adlı iki qızı dünyaya gəlib. Cütlük sonradan ayrılıb. Brunonun Eliza Samudio ilə münasibətindən isə Bruno Samudio de Souza – Bruninho dünyaya gəlib. 2012-ci ildə Rio-de-Janeyro məhkəməsi Bruno Fernandesin uşağın atası olduğunu hüquqi olaraq tanıyıb və futbolçunun adı oğlanın doğum şəhadətnaməsinə daxil edilib.

Elizanın ölümündən sonra Bruninhonu ana nənəsi Sonia Moura böyüdüb.

Həbsxanada qurulan yeni ailə

Brunonun həyatında daha bir qeyri-adi hadisə həbs cəzası çəkdiyi illərdə yaşanıb. O, məhkəmə prosesinin davam etdiyi dövrdə diş həkimi İnqrid Kalyeyrus ilə münasibət qurub. 2016-cı ilin iyununda onlar Brunonun cəza çəkdiyi Santa Luzia şəhərindəki APAC müəssisəsində evləniblər.

Toy mərasimi həbsxana kompleksinin daxilində keçirilib. Bu nikahdan Brunonun İzabella adlı daha bir qızı dünyaya gəlib. Beləliklə, müxtəlif münasibətlərindən onun ümumilikdə dörd övladı var: Bruna Vitoria, Maria Eduarda, Bruninho və İzabella.

Ata da qapıçı, oğul da…

Brunonun həyatındakı ən qəribə paralellərdən biri isə illər sonra ortaya çıxıb. Eliza Samudio ilə münasibətindən dünyaya gələn oğlu Bruninho da futbolçu olmağa qərar verib.

Və atasının mövqeyini seçib – qapıçı.

Gənc Bruninho əvvəlcə “Atletiko Paranaensi” akademiyasında yer alıb, daha sonra “Botafoqo”nun aşağı yaş komandalarına keçib. Beləcə, anasının yoxa çıxması və atasının məhkumluğu ilə başlayan ağır ailə tarixinin içində böyüyən oğlan həyatını futbol meydanına bağlayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…