Əsas məzmuna keç

“Magna Trans”ın sahibi ədliyyə nazirinə müraciət etdi: ÇOXSAYLI MƏHKƏMƏ QƏRARLARI İCRA OLUNMUR!

“Magna Trans” MMC-nin təsisçisi, istintaq qərarı ilə zərərçəkmiş kimi tanınmış iş adamı Ağasəf İsmayılov Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fərid Əhmədova müraciət qəbul edib. Surəti «Təzadlar» qəzeti və eyni adlı tezadlar.az portalına göndərilmiş müraciəti təqdim edirik:

-Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fərid Əhmədova!

Çox hörmətli Fərid müəllim, Sizə olan dərin hörmət və inanımı əsas tutaraq bildirirəm ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının  5 ildən artıq müddətdə faktiki icra olunmaması ciddi narahatlıq doğurmaqdadır. Belə ki, mən, İsmayılov Ağasəf İslam oğlu, bu açıq müraciəti mətbuat vasitəsilə Sizə çatdırmağa məcbur olmuşam. Səbəb odur ki, uzun illər ərzində aidiyyəti dövlət və icra orqanlarına çoxsaylı yazılı müraciətlər etmişəm, məhkəmə qaydasında dəfələrlə hüquqlarımı müdafiə etmişəm. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının  faktiki icrası bu günədək təmin olunmayıb. Çoxsaylı müraciətlərimin nəticəsiz qalması məni məsələnin ictimai qaydada diqqətə çatdırılması yolu ilə müraciət etməyə vadar edir.

Onu da qeyd edim ki, Abşeron Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi ilə “Magna Trans” MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciətim əsasında mənə verilməsi, həmçinin ümumi yığıncaqlarda iştirakımın təmin edilməsi vəzifəsi müəyyən edilmişdir. Qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(105)-2623/2021 saylı məhkəmə aktı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məsələ sadə icra proseduru olmaqdan çıxmışdır. Eyni icra sənədi ilə bağlı illər ərzində çoxsaylı məhkəmə aktları qəbul edilmiş, icra məmurlarının icra sənədini geri qaytarması və digər qərarları dəfələrlə məhkəmələr tərəfindən ləğv edilmiş, icra hərəkətlərinin davam etdirilməsi və məcburi icra tədbirlərinin görülməsi barədə qərarlar verilmişdir. Sitat:

-06.06.2023-cü il tarixli 8(012)- 322/2023, 04.12.2023-cü il tarixli 8(012)-611/2023, 22.02.2024-cü il tarixli 8(105)-25/2024, 10.10.2024-cü il tarixli 8(012)-448/2024, 20.02.2025-ci il tarixli 8(012)-109/2025 və 07.05.2025-ci il tarixli 8(105)-77/2025 saylı məhkəmə aktları bu uzun icra zəncirinin yalnız bir hissəsidir.

Xüsusilə diqqətə çatdırıram ki, problem bir icra məmurunun bir dəfə yol verdiyi nöqsandan ibarət deyil. İcra sənədi müxtəlif dövrlərdə müxtəlif icra qurumlarında olmuş, məhkəmələr təkrar-təkrar müdaxilə etmiş, lakin mənim şirkətin təsisçisi kimi məhkəmə tərəfindən tanınmış məlumat almaq hüququm faktiki olaraq təmin edilməmişdir. Bu vəziyyətin səbəblərinin və hər bir məsul vəzifəli şəxsin hərəkət və hərəkətsizliyinin Nazirlik səviyyəsində araşdırılmasını zəruri hesab edirəm.

Bir daha diqqətə çatdırım ki, mən “Magna Trans” MMC-nin təsisçisiyəm. İş materiallarında müəssisənin fəaliyyətində 79 ədəd avtobusun olması barədə məlumatlar vardır. Söhbət milyonlarla manat dəyəri ola bilən müəssisə əmlakı və onun maliyyə-təsərrüfat vəziyyəti barədə məlumat almaq hüququmdan gedir. Məhkəmə bu hüququ hələ 2021-ci ildə tanıyıb. Buna baxmayaraq, beş ildən artıq müddətdə həmin məlumatlara faktiki çıxışım təmin edilməyib. Bu səbəbdən mən hesab edirəm ki, məhkəmə qətnaməsinin vaxtında və real icra edilməməsi mənim təsisçi kimi müəssisənin əmlakı və maliyyə vəziyyəti üzərində qanuni məlumat və nəzarət imkanımı faktiki məhdudlaşdırıb.

Eyni zamanda yaranmış vəziyyət borcluların məhkəmə ilə müəyyən edilmiş öhdəlikləri vaxtında yerinə yetirmədən məsuliyyətdən yayınmasına şərait yaradıb. Bunun konkret hüquqi məsuliyyətinin kimə aid olması isə fərziyyə ilə deyil, bütün icra materiallarının obyektiv xidməti araşdırılması ilə müəyyən edilməlidir.

Mən heç kəsi sübutsuz olaraq hansısa qanunsuz hərəkətdə və cinayətdə ittiham etmirəm və bu müraciətdə ayrıca cinayət işi məsələsi qaldırmıram. Mənim verdiyim əsas sual daha sadə və daha prinsipialdır: qanuni qüvvəyə minmiş məhkəmə qərarı dövlətin icra sistemi tərəfindən niyə 5 ildən artıq müddətdə faktiki nəticəsinə çatdırılmayıb? Məhkəmələr icranın davam etdirilməsini dəfələrlə tələb etdiyi halda, nə üçün eyni problem təkrar yaranıb?

Bunları nəzərə alaraq:

-1.19.02.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnamənin icrası üzrə bütün icra materiallarının Nazirlik səviyyəsində tam və obyektiv araşdırılması;

-2.İcra sənədinin 2021-ci ildən bu günədək hansı icra qurumlarında və hansı icra məmurlarının icraatında olmasının, hər mərhələdə hansı tədbirlərin görülməsinin və hansı tədbirlərin görülməməsinin dəqiq müəyyən edilməsi;

-3.Məhkəmələrin icranın davam etdirilməsi barədə təkrar qərarlarından sonra həmin qərarların faktiki icra vəziyyətinin yoxlanılması;

-4.Mənə verilməli olan “Magna Trans” MMC-nin təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə məlumatların tam təqdim edilməsinin real şəkildə təmin olunması;

-5.Uzunmüddətli icrasızlığa yol vermiş vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyinə xidməti və hüquqi qiymət verilməsi;

-6.Araşdırmanın nəticəsi, məsul şəxslər və görülmüş konkret tədbirlər barədə mənə əsaslandırılmış yazılı cavab verilməsi üçün aidiyyəti üzrə göstəriş verməyinizi xahiş edirəm.

Mən beş ildən artıqdır ki, məhkəmənin artıq tanıdığı hüququ yenidən sübut etməyə deyil, həmin hüququn icrasına nail olmağa çalışıram. Məhkəmə qərarının kağız üzərində mövcud olması kifayət deyil; onun faktiki icrası təmin edilməlidir. Bu qanunlarımızın tələbidir! Ümid edirəm ki, bu Açıq müraciətimdən sonra məsələ formal yazışma ilə yekunlaşdırılmayacaq, bütün icra zənciri araşdırılacaq və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin real icrası təmin ediləcək.

Dərin hörmətlə,

İsmayılov Ağasəf İslam oğlu».

REDAKSİYADAN: İnanırıq ki, qeyd olunan problem cənab nazirin xüsusi nəzarət və göstərişləri ilə tezliklə həllini tapacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…