Misirdə 39 yaşlı televiziya aparıcısı Sara Xəlifə narkotik vasitələrin saxlanılması və istehsalı ilə bağlı ittiham üzrə ölüm cəzasına məhkum edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə CNN Misirin “Əl-Əhram” qəzetinə istinadən məlumat yayıb.
Qahirə Cinayət Məhkəməsi Sara Xəlifə və digər 11 təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxarıb. Onların hər birinə 9,8 min dollar məbləğində cərimə də tətbiq olunub.
İstintaq sənədlərinə əsasən, təqsirləndirilən şəxslər narkotik vasitələrin hazırlanmasında istifadə olunan maddələrin ölkəyə gətirilməsi və saxlanılması ilə məşğul olan mütəşəkkil cinayətkar qrup yaradıblar. Onların qanunsuz olaraq odlu silah saxladıqları da iddia olunur.
Bundan başqa, daha 9 nəfər ömürlük həbs cəzasına məhkum edilib, 7 nəfər isə bəraət alıb.
Qeyd edək ki, Sara Xəlifə barəsində çıxarılan ölüm hökmü hələ yekun qərar sayılmır. Misir qanunvericiliyinə əsasən, məhkumların qərardan apellyasiya şikayəti vermək hüququ var.
Hadisə ötən ilin aprelində Qahirədə mənzil kimi gizlədilən qanunsuz narkotik laboratoriyasının aşkarlanmasından sonra gündəmə gəlib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı azı 750 kiloqram qanunsuz maddə, həmçinin qeydiyyatsız silah və sursat aşkar edilib.
Həmin vaxt cinayətkar qrupun rəhbərlərindən biri olduğu iddia edilən Sara Xəlifə də saxlanılıb.
İstintaq materiallarına əsasən, ittihamlar 20 şahidin ifadəsi, həmçinin danışıqlar, fotoşəkillər və videoyazılarla əsaslandırılır.
Sara Xəlifə isə proses boyunca ittihamları qəbul etməyib. Son məhkəmə iclaslarından birində göz yaşlarına hakim ola bilməyən aparıcı hakimə müraciət edərək narkotik satışından əldə olunan pula ehtiyacı olmadığını bildirib. O, üzərində aşkarlanan qızıl-zinət əşyalarını, avtomobili və digər bahalı əşyaları isə prodüser şirkəti və gözəllik biznesindən əldə etdiyi yüksək gəlirlə izah edib.
İş üzrə təqsirləndirilən şəxslər arasında aparıcının doğma qardaşı Məhəmməd Xəlifə də var. O, ilin əvvəlində məhkəmədə etirafedici ifadə verməsi üçün ona təzyiq göstərildiyini bildirib. Saxlanılarkən onun evində narkotik maddə aşkarlanmayıb.
Sara Xəlifə cinayət mövzusuna həsr olunan “Missiya mümkün deyil” proqramının aparıcısı kimi tanınır.
axşam.az







