Azərbaycan Dövlət Neft Fondu (ARDNF) üçün Çin və Cənub-Şərqi Asiya istiqaməti investisiya coğrafiyasının genişləndirilməsi baxımından prioritet məsələyə çevrilir. Fondun bu regionun aparıcı suveren və institusional investorları ilə yaratdığı yeni əməkdaşlıq mexanizmləri Azərbaycanın Asiya ilə iqtisadi əlaqələrinin maliyyə tərəfini də gücləndirə biləcək daha geniş prosesin başlanğıcıdır.
ARDNF-in Çin İnvestisiya Korporasiyası (CIC), Tayland Hökumətinin Pensiya Fondu, Malayziyanın suveren sərvət fondu “Khazanah Nasional Berhad”, Malayziyanın pensiya fondu “Kumpulan Wang Persaraan (Diperbadankan)” və İndoneziya İnvestisiya Qurumu (INA) ilə birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurasını (CAJIC) təsis etməsi bu baxımdan diqqət çəkir.
Tezadlar.az xəbər verir ki, şura investisiya forumları, dəyirmi masalar və rəhbər səviyyəli proqramlar vasitəsilə institusional əlaqələrin gücləndirilməsini, tədqiqat və bilik mübadiləsini, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə investisiya təşəbbüslərinin araşdırılmasını nəzərdə tutur.
İlk baxışda bu, suveren investorların növbəti əməkdaşlıq platforması kimi görünə bilər. Lakin prosesin arxasında daha mühüm bir tendensiya dayanır: Azərbaycanın Asiya ilə fiziki bağlantıları dərinləşdikcə, həmin coğrafiya ilə maliyyə və investisiya əlaqələri də paralel şəkildə genişlənir.
ARDNF-in investisiya strategiyasında yeni mərhələ
ARDNF-in aktivlərinin 72,6 milyard ABŞ dollarına çatması Fonda uzunmüddətli investisiya imkanlarını daha geniş coğrafiyada qiymətləndirmək üçün ciddi maliyyə imkanları yaradır. Fondun qlobal portfeli borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur daxil olmaqla müxtəlif aktiv sinifləri üzrə şaxələndirilib.
Bu strategiyada Çin istiqaməti də yeni deyil. ARDNF Çin yuanında ilk investisiyalarını 2015-ci ilin iyulunda həyata keçirib. Lakin son dövrdə Çinlə əlaqələrin xarakteri dəyişir: fərdi investisiyalardan daha geniş institusional əməkdaşlığa doğru keçid müşahidə olunur. Bu keçidin mühüm mərhələlərindən biri 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində ARDNF ilə CIC arasında Anlaşma Memorandumunun imzalanması olub. Sənəd investisiya əməkdaşlığı, bilik və təcrübə mübadiləsi və birgə təşəbbüslər üçün institusional çərçivə yaradıb.
Bir il sonra isə bu əməkdaşlığın praktik tərəfi daha aydın görünməyə başlayıb. ARDNF, CIC və INA tərəfindən Çin-ASEAN İnvestisiya Proqramının (CAIP) təsis edilməsi dialoq mərhələsindən konkret birgə investisiya fürsətlərinin formalaşdırılması istiqamətində irəliyə doğru atılmış əhəmiyyətli bir addım olaraq dəyərləndirilə bilər. CAIP-in ilkin mərhələsində təxminən 520 milyon ABŞ dolları vəsait cəlb edilib, proqramın ümumi hədəf həcmi isə 1 milyard ABŞ dollarıdır.
Beləliklə, CAIP kapitalın konkret layihələrə yönəldilməsi üçün mexanizm yaradırsa, CAJIC həmin kapitalın arxasında dayana biləcək daha geniş institusional şəbəkəni formalaşdırır.
Bir platforma kapitalı, digəri tərəfdaşlığı böyüdür
Bu iki təşəbbüsün paralel inkişafı təsadüfi görünmür.
CAIP Çin və ASEAN arasında sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya kimi sahələrdə investisiya imkanlarını qiymətləndirir. CAJIC isə suveren sərvət fondlarını və digər uzunmüddətli investorları bir araya gətirərək bazar biliklərinin, təcrübənin və yeni investisiya ideyalarının paylaşılması üçün daha geniş mühit yaradır.
Uzunmüddətli investor üçün bu fərq əhəmiyyətlidir. Çünki uğurlu investisiya yalnız kapitalın mövcudluğu ilə müəyyənləşmir. Bazarın xüsusiyyətlərini bilmək, etibarlı tərəfdaşlara çıxış əldə etmək və perspektivli layihələri erkən mərhələdə müəyyənləşdirmək də investisiya qərarının vacib hissəsidir. Bu baxımdan CAJIC-in ARDNF üçün əsas dəyəri yalnız yeni investisiya layihələrinə çıxış deyil. Şura Fondun aparıcı suveren investorlarla uzunmüddətli əlaqələrini möhkəmləndirir, müxtəlif bazarlar haqqında məlumat və təcrübə mübadiləsini genişləndirir və gələcəkdə birgə investisiya imkanlarının yaranması üçün zəmin yaradır.
Üstəlik, Şuraya üzvlük özü investisiya öhdəliyi yaratmır. Hər bir konkret investisiya təşəbbüsü iştirakçı qurumların mandatı və daxili qərarvermə prosedurları çərçivəsində ayrıca qiymətləndirilir. Bu məqam CAJIC-in mahiyyətini də aydınlaşdırır: bu, hazırda konkret investisiya qoyuluşundan daha çox gələcək investisiyaların başlaya biləcəyi institusional platformadır.
Çinlə artan ticarət investisiya üçün də yeni imkanlar yaradır
ARDNF-in Çin və ASEAN istiqamətində fəallaşmasını Azərbaycan-Çin iqtisadi münasibətlərinin ümumi dinamikasından ayrı təsəvvür etmək çətindir.
Son illərdə iki ölkə arasında münasibətlər siyasi dialoqdan kənara çıxaraq ticarət, investisiya, nəqliyyat, logistika və texnologiyanı əhatə edən çoxşaxəli iqtisadi tərəfdaşlığa çevrilir.
2025-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin 4,87 milyard ABŞ dollarına çatması və illik 30,2 % artması bu əlaqələrin miqyasının genişləndiyini göstərir. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkənin Asiya bazarlarına çıxışında da getdikcə daha mühüm rol oynayır. Ticarət genişləndikcə onun arxasında dayanan logistika, maliyyə, sığorta, texnologiya və investisiya infrastrukturu da inkişaf etməlidir.
Məhz burada Azərbaycanın tranzit mövqeyi ilə ARDNF-in investisiya imkanları arasında maraqlı bir kəsişmə yaranır.
Fiziki dəhlizdən maliyyə dəhlizinə
Azərbaycanın Çinlə iqtisadi münasibətlərində Orta Dəhlizin xüsusi əhəmiyyəti var. Asiya ilə Avropa arasında alternativ nəqliyyat bağlantısı kimi bu marşrutun inkişafı Azərbaycanın tranzit rolunu gücləndirir.
Ancaq XXI əsrin iqtisadi dəhlizləri yalnız relslər, limanlar və avtomobil yollarından ibarət deyil. Yükün hərəkəti üçün fiziki infrastruktur lazımdırsa, həmin ticarətin genişlənməsi üçün kapital da lazımdır. Bu səbəbdən Orta Dəhlizin inkişafının növbəti mərhələsində onun maliyyə ölçüsü də ön plana çıxa bilər.
Çin, ASEAN və daha geniş Asiya coğrafiyasının suveren investorları ilə əlaqələrin genişlənməsi Azərbaycanın həmin regiondan kapital, təcrübə və investisiya imkanlarına çıxışını gücləndirə bilər. Başqa sözlə, malların hərəkət etdiyi fiziki dəhlizi kapitalın və investisiya əlaqələrinin hərəkət etdiyi maliyyə dəhlizi tamamlaya bilər.
Təbii ki, CAJIC-in yaradılması ilə dərhal belə bir “kapital dəhlizi”nin formalaşdığını söyləmək tezdir. Bunun üçün konkret investisiya layihələri, maliyyə mexanizmləri və uzunmüddətli əməkdaşlıq lazımdır. Lakin institusional investorlar arasında davamlı əlaqələrin yaradılması məhz belə bir sistemin ilkin elementlərini formalaşdıra bilər.
Bu baxımdan ARDNF-in yeni platformalara qoşulması yalnız Fondun portfelinə deyil, Azərbaycanın qlobal iqtisadi əlaqələrinin arxitekturasına da təsir edə biləcək proses kimi görünür.
Azərbaycan üçün real iqtisadi fayda nə ola bilər?
Burada əsas sual CAJIC-in nə qədər vəsait cəlb edəcəyi deyil. Daha vacib məsələ bu platformanın Azərbaycan üçün hansı əlavə imkanlar yarada biləcəyidir.
Birinci imkan kapitala çıxışın genişlənməsidir. Çin və ASEAN ölkələrinin aparıcı suveren investorları ilə daha sıx əlaqələr gələcəkdə müxtəlif sektorlar üzrə birgə investisiya imkanlarının yaranmasını asanlaşdıra bilər.
İkinci imkan bazar və sektor biliklərinə çıxışdır. Cənub-Şərqi Asiya son illərdə istehsal, texnologiya, rəqəmsal xidmətlər və yeni təchizat zəncirlərinin formalaşması baxımından sürətlə dəyişir. Bu bazarlarda fəaliyyət göstərən investorlarla birbaşa institusional dialoq ARDNF üçün həmin prosesləri daha yaxından izləməyə imkan verir.
Üçüncü istiqamət Azərbaycanın investisiya xəritəsinin daha da şaxələndirilməsidir. Söhbət müxtəlif ölkələrin, sektorların və institusional tərəfdaşların bir-biri ilə əlaqələndirilməsindən gedir.
Dördüncü və daha strateji imkan isə Orta Dəhlizin investisiya komponentinin gücləndirilməsi ola bilər. Azərbaycan Çinlə Avropa arasında yükdaşıma marşrutunun mühüm hissəsidirsə, gələcəkdə həmin marşrut üzrə formalaşan iqtisadi fəallığın maliyyələşdirilməsi və investisiya imkanlarının qiymətləndirilməsində də daha fəal mövqe tuta bilər.
Beləliklə, fiziki infrastrukturun formalaşdırdığı əlaqələr investisiya və maliyyə bağlantıları ilə gücləndirildiyi təqdirdə, Orta Dəhliz yalnız yükün bir nöqtədən digərinə nəql edildiyi tranzit marşrutu olaraq qalmayacaq, eyni zamanda daha əhatəli iqtisadi ekosistemə transformasiya oluna bilər.
ARDNF-in CAJIC-ə üzvlüyünü bu daha geniş mənzərənin bir hissəsi kimi qiymətləndirmək mümkündür.
Fond bir tərəfdən konkret investisiya imkanlarının reallaşdırılması üçün CAIP kimi mexanizmlərdə iştirak edir, digər tərəfdən isə CAJIC vasitəsilə daha geniş suveren investor şəbəkəsinin bir hissəsinə çevrilir. Bu iki istiqamət bir-birini tamamlayır: biri kapitalın yerləşdirilməsi üçün imkan yaradır, digəri isə gələcək kapital axınlarının mümkün istiqamətlərini müəyyənləşdirən əlaqələri qurur.
ARDNF üçün əsas üstünlük də məhz burada ortaya çıxır. Fond bu günün investisiya imkanları ilə yanaşı, sabahın da investisiya xəritəsini formalaşdıran proseslərdə iştirak edir.
Azərbaycan üçün isə bunun əhəmiyyəti daha genişdir. Çin və ASEAN ilə artan ticarət əlaqələri, Orta Dəhlizin inkişafı və suveren investorlar arasında yaranan yeni şəbəkələr eyni iqtisadi xəttin müxtəlif elementlərinə çevrilə bilər. Əgər Orta Dəhliz Azərbaycanın Asiya ilə Avropa arasında fiziki bağlantısını gücləndirirsə, CAJIC kimi platformalar həmin bağlantının maliyyə və institusional tərəfinin inkişafına xidmət edə bilər.
Nəticədə Azərbaycanın qarşısında yalnız Şərqlə Qərb arasında yükdaşıma marşrutunun deyil, kapitalın, investisiyanın, texnologiyanın və institusional əməkdaşlığın hərəkət etdiyi daha geniş iqtisadi dəhlizin formalaşdırılması perspektivi yaranır. ARDNF-in Çin və Cənub-Şərqi Asiya istiqamətində fəallaşması isə bu prosesdə Azərbaycanın maliyyə imkanlarının və institusional çəkisinin daha görünən hala gəlməsinə şərait yarada bilər.







