Əsas məzmuna keç

356 min manatın izi haradadır?-QUBADA NƏLƏRİ GÖRDÜM?-ARAŞDIRMA

Tüləkəran sakinləri cavabsız qalan su, yol və maliyyə sualları qarşısında…

Bələdiyyəyə ünvanlanan suallar cavabsız qalır, altı kəndin sakinləri isə bərbad yoldan istifadə etməyə məcburdur. 

Quba rayonunun Tüləkəran kəndində bələdiyyənin fəaliyyəti ilə bağlı sakinlərin narazılığı davam edir. Tezadlar.az-a müraciət edən kənd sakinləri bildirirlər ki, illərdir yol, içməli su və sosial problemlərlə üz-üzədirlər. Onların sözlərinə görə, problemlərin həlli istiqamətində bələdiyyədən gözlənilən nəticəni görmək mümkün deyil. Lakin məsələ bununla bitmir.

Bələdiyyənin maliyyə fəaliyyəti, 356 865 manatlıq dövlət subvensiyasının xərclənməsi, alınan keçilər, köhnə su xəttinin taleyi, təsərrüfatda çalışan şəxslərin əmək münasibətləri və bələdiyyə sədrinin sahibkarlıq fəaliyyəti ilə bağlı da cavablandırılmalı suallar yaranıb.

356 865 manatlıq subvensiya: pul hara xərclənib?

Bu, Tüləkəran bələdiyyəsi ilə bağlı ilk araşdırmamız deyil.

Daha əvvəl də bələdiyyəyə ayrıldığı bildirilən 356 865 manat məbləğində dövlət subvensiyası barədə material hazırlamış və bu vəsaitin hansı istiqamətlərə xərcləndiyi ilə bağlı açıqlama istəmişdik. Lakin həmin vəsaitin xərclənməsi ilə bağlı ictimaiyyət üçün aydın və sənədlərlə əsaslandırılmış hesabat əldə edə bilməmişik. Sual isə olduqca konkretdir:

356 865 manat hara xərclənib?

Bu vəsaitin nə qədəri yol və infrastruktur layihələrinə yönəldilib? Nə qədəri su probleminin həllinə sərf olunub? Hansı satınalmalar həyata keçirilib? Kimlərlə müqavilələr bağlanıb? Görülən işlərə dair qəbul-təhvil aktları varmı? Dövlət vəsaitinin xərclənməsi ilə bağlı sənədlərin ictimaiyyətə açıqlanması bu sualların ən sadə cavabı ola bilər. Dövlət vəsaiti ilə keçi təsərrüfatı? Sakinlərin redaksiyamıza verdiyi məlumata görə, bələdiyyənin fəaliyyətində keçi təsərrüfatı da yaradılıb. Burada da kifayət qədər ciddi suallar yaranır.

Keçilərin alınmasına nə qədər vəsait xərclənib?

Bu vəsait 356 865 manatlıq subvensiyanın tərkibində olubmu? Neçə baş keçi alınıb? Satınalma hansı qaydada həyata keçirilib? Keçilərin hazırkı sayı neçədir? Bu təsərrüfat bələdiyyəyə nə qədər gəlir gətirib?

Gəlir bələdiyyənin hesabına daxil edilirmi?

Əgər dövlət vəsaiti hesabına yaradılmış təsərrüfatdırsa, onun iqtisadi səmərəliliyi barədə hesabat varmı?Bütün bu suallar sənədlərlə cavablandırıla bilər.

“Həm bələdiyyə sədri, həm də çoban”

Kənd sakinləri bildirirlər ki, keçilərin saxlanılması üçün ayrıca işçi və ya çoban yoxdur və təsərrüfatla bələdiyyə sədri Rauf Hüseynov özü məşğul olur. Bu məlumatı redaksiya təsdiqlənmiş fakt kimi təqdim etmir. Amma bələdiyyə rəhbərliyinin cavablandırmalı olduğu sual ortadadır: Bələdiyyənin təsərrüfatına kim cavabdehdir?

Əgər işçi çalışırsa, onunla əmək müqaviləsi bağlanıbmı?

Əməkhaqqı kim tərəfindən və hansı vəsait hesabına ödənilir? Əgər ayrıca işçi yoxdursa, bələdiyyə əmlakının saxlanılması və idarə olunması necə həyata keçirilir? Məktəbdə işləyən şəxs fermada da çalışır? Sakinlərin səsləndirdiyi digər iddia kənd sakinlərindən birinin həm məktəbdə işləməsi, həm də fermada çalışması ilə bağlıdır. Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, bir şəxsin iki yerdə işləməsi öz-özlüyündə qanunsuzluq demək deyil. Əsas məsələ əmək münasibətlərinin rəsmiləşdirilməsi və iş vaxtının qanunvericiliyə uyğun tənzimlənməsidir. Ona görə suallarımız bunlardır:

Həmin şəxslə fermada əmək müqaviləsi bağlanıbmı? Əmək münasibətləri elektron sistemdə rəsmiləşdirilibmi? Məktəbdəki əsas iş yeri ilə fermadakı iş qrafiki necə uzlaşdırılır? Fermadakı işə görə əməkhaqqı ödənilirsə, bu ödəniş hansı vəsait hesabına həyata keçirilir? Əgər ferma bələdiyyəyə məxsusdursa, həmin əmək münasibətləri bələdiyyənin maliyyə uçotunda əks olunurmu? Tüləkəran–Quba yolu: altı kənd niyə əziyyət çəkməlidir? Tüləkəran sakinlərinin ən ciddi problemlərindən biri də yoldur. Sakinlərin sözlərinə görə, Tüləkəran–Quba yolunun uçmuş və yararsız vəziyyətə düşmüş hissəsi hələ də bərpa olunmayıb. Bu yol problemi yalnız Tüləkəran sakinlərinə deyil, ümumilikdə altı kəndin əhalisinə ciddi çətinlik yaradır. Sakinlər bildirirlər ki, hazırda alternativ yoldan istifadə etməyə məcburdurlar. Yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır. Kiçik minik avtomobilləri ilə hərəkət etmək çətinləşir, bəzi hallarda isə yol faktiki olaraq keçilməz vəziyyətə düşür. Bu, sadəcə rahatlıq məsələsi deyil. Kənd sakinlərinin böyük hissəsi gündəlik qazancını kənd təsərrüfatından əldə edir. Onlar pomidor yığımına, alma yığımına və digər mövsümi işlərə gedirlər. Sakinlərin sözlərinə görə, yol problemi onların işə gedib-gəlməsinə ciddi mane olur.

Bir kənd sakininin ifadəsi ilə:

“Biz hər səhər işə getməliyik ki, çörəyimizi qazanaq. Tarlaya, bağa, məhsul yığımına gedirik. Amma yol bizi elə vəziyyətə salıb ki, maşınla gedib-gəlmək çox çətinləşib. Yağış yağanda vəziyyət daha da ağır olur.” Beləliklə, yol problemi artıq yalnız infrastruktur məsələsi deyil, həm də kənd əhalisinin iş və qazanc probleminə çevrilib.

Bələdiyyəyə yol barədə sual verdik — cavab olmadı

Yolun vəziyyəti ilə bağlı Tüləkəran bələdiyyəsinin mövqeyini öyrənmək istədik. Bələdiyyəyə suallarımızı ünvanladıq. Lakin əvvəlki müraciətlərimizdə olduğu kimi, bu dəfə də telefon zənglərimiz cavabsız qaldı.

Bələdiyyəyə suallarımız isə açıqdır:

Tüləkəran–Quba yolunun uçmuş hissəsinin bərpası üçün hansı addımlar atılıb? Aidiyyəti qurumlara müraciət olunubmu? Olunubsa, nə vaxt və hansı cavab alınıb? Altı kəndin istifadə etdiyi alternativ yolun vəziyyəti ilə bağlı hər hansı tədbir görülübmü? Əgər bu yolun bərpası bələdiyyənin səlahiyyətində deyilsə, sakinlərin müraciəti hansı quruma yönləndirilib?

“Aşağı Dərə” su xəttinin aqibəti necə olub?

Kəndin digər böyük problemi sudur. Sakinlərin sözlərinə görə, illər əvvəl kəndin “Aşağı Dərə” adlanan ərazisindən su xətti çəkilib. Müəyyən müddət kənd sakinləri həmin sudan istifadə edə biliblər. Sonradan nasosun sıradan çıxması nəticəsində suyun verilməsi azalıb və sistem faktiki olaraq öz funksiyasını itirib. Kənd sakinləri bildirirlər ki, həmin su probleminin əziyyətini bu gün də çəkirlər. Daha sonra isə köhnə su xəttinin sökülməsi ilə bağlı sakinlər arasında müxtəlif iddialar yayılıb. Onların bir hissəsi həmin boruların çıxarılaraq satıldığını iddia edir. Bu, ciddi iddiadır.

Redaksiya olaraq həmin iddianı təsdiqlənmiş fakt kimi təqdim etmirik. Amma sual veririk:

Köhnə su xətti hansı qərarla sökülüb?

Sökülmüş boruların taleyi necə olub?

Əgər satılıbsa, satış hansı sənəd əsasında həyata keçirilib?

Əldə olunan vəsait hara daxil olub?

Bələdiyyənin maliyyə uçotunda bu əməliyyat əks olunubmu?

Aztəminatlı ailələr niyə diqqətdən kənarda qalır?

Sakinlərin narazılıq etdiyi məsələlərdən biri də sosial dəstəkdir. Onların sözlərinə görə, kənddə maddi vəziyyəti ağır olan ailələr var və bələdiyyə tərəfindən həmin ailələrə kifayət qədər dəstək göstərilmir. Sakinlərin bildirdiyinə görə, bəzi bayram günlərində kəndə kənardan xeyriyyə məqsədilə yardım gətirilib. Bu zaman da sakinlərin arasında suallar yaranıb: yardımın mənbəyi və kim tərəfindən göstərildiyi ictimaiyyətə necə təqdim olunub? Əgər yardım konkret şəxs və ya xeyriyyəçi tərəfindən göstərilibsə, bunun bələdiyyə fəaliyyəti ilə qarışdırılmaması da vacibdir. Bələdiyyənin öz sosial fəaliyyətinə gəldikdə isə sual açıq qalır:

Son illərdə neçə aztəminatlı ailəyə bələdiyyə tərəfindən yardım göstərilib və bunun üçün büdcədən nə qədər vəsait ayrılıb? Sahibkarlıq fəaliyyəti də suallar doğurur

Sakinlərin sözlərinə görə, Rauf Hüseynov bələdiyyə sədrliyi ilə yanaşı sahibkarlıq fəaliyyəti ilə də məşğuldur və xaricdən keçilərin gətirilməsi ilə bağlı təsərrüfat qurub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq öz-özlüyündə qanun pozuntusu kimi təqdim edilə bilməz. Lakin burada əsas məsələ bələdiyyənin əmlakı və vəsaiti ilə şəxsi təsərrüfat arasında hər hansı qarışıqlığın olub-olmamasıdır.

Ona görə suallarımız bunlardır:

Bələdiyyənin aldığı keçilər hansı təsərrüfatda saxlanılır?

Bu təsərrüfat bələdiyyəyə məxsusdur, yoxsa şəxsi təsərrüfatdır?

Bələdiyyə əmlakı şəxsi təsərrüfatda istifadə edilirsə, bunun hüquqi əsası varmı?

Bələdiyyənin vəsaiti ilə alınmış əmlakın istifadəsi necə uçota alınır?

Bu sualların cavabı şəffaflıq baxımından vacibdir.

Yazıdan sonra kimlər narahat oldu?

Əvvəlki materialımız dərc edildikdən sonra redaksiyaya daxil olan məlumatlara görə, bələdiyyə sədri müxtəlif dövlət qurumları ilə əlaqə saxlayaraq onun haqqında yazı hazırlanmasından narazılığını ifadə edib. Bu məlumatın bütün detallarını təsdiqləyən sənədlər hazırda redaksiyamızda yoxdur.

Kənd sakinlərindən isə belə bir iddia da səslənir ki, bələdiyyə sədrinin arxasında yerli icra hakimiyyətində yüksək vəzifə tutan şəxslərdən biri dayanır. Bu iddianı da təsdiqlənmiş fakt kimi təqdim etmirik. Lakin bir sual yaranır:

Jurnalistin bələdiyyənin fəaliyyəti barədə sual verməsi niyə narahatlıq doğurmalıdır? Əgər fəaliyyət şəffafdırsa, ən yaxşı cavab sənədləri ortaya qoymaqdır. Rauf Hüseynovun cavabı niyə yoxdur?

Araşdırma çərçivəsində Rauf Hüseynovla şəxsən əlaqə saxladıq.

Telefon danışığımız zamanı o, suallarımızı göndərməyimizi və mövzu ilə bağlı cavab verəcəyini bildirdi. Biz də suallarımızı təqdim etdik. Lakin sonradan suallarımıza cavab verilmədi. Yenidən əlaqə saxlamaq cəhdlərimiz də nəticəsiz qaldı. Bu səbəbdən materialda səsləndirilən iddialara münasibət bildirmək imkanı bələdiyyə sədrinə dəfələrlə təqdim edilsə də, həmin mövqeyi əldə etmək mümkün olmadı. Bu yazının məqsədi kimisə əvvəlcədən günahkar elan etmək deyil. Biz konkret suallar qoyuruq və konkret cavablar gözləyirik.

356 865 manatlıq dövlət subvensiyası hara xərclənib?

Keçilərin alınmasına nə qədər vəsait sərf olunub? Bələdiyyə təsərrüfatının gəliri nə qədərdir? Köhnə “Aşağı Dərə” su xəttinin taleyi necə olub? Tüləkəran–Quba yolunun uçmuş hissəsi nə vaxt bərpa olunacaq? Altı kənd sakininin işə gedib-gəlməsi üçün niyə hələ də normal yol yoxdur? Aztəminatlı ailələrə bələdiyyə hansı sosial dəstəyi göstərib? Bələdiyyə əmlakı ilə şəxsi sahibkarlıq fəaliyyəti arasında hüquqi və maliyyə sərhədləri necə qorunur? Və ən əsası:

Bələdiyyə seçicilərinə və ictimaiyyətə hesabat verməyə hazırdırmı?

Biz bu sualların cavabını gözləyirik.

Rauf Hüseynovun və Tüləkəran bələdiyyəsinin mövqeyini dərc etməyə hazırıq. Əgər səsləndirilən iddiaları təkzib edən sənədlər, maliyyə hesabatları, müqavilələr və digər rəsmi məlumatlar varsa, redaksiyaya təqdim edilə bilər. Çünki ictimaiyyətin haqqı var ki, dövlət vəsaitinin hara xərcləndiyini, bələdiyyə əmlakının necə idarə edildiyini və kənd sakinlərinin problemlərinin həlli üçün hansı işlərin görüldüyünü bilsin. Tənqidə cavab verməyin ən yaxşı yolu isə təzyiq deyil — sənəddir, hesabatdır və açıq cavabdır.

Afət Məmmədova,

Araşdırmaçı jurnalist

Quba

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…