Prezident İlham Əliyev 15 sentyabr 2026-cı ildə Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçılarını qəbul edərkən Azərbaycan mədəniyyətinin böyük simalarını xronoloji ardıcıllıqla sadaladı:
“XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir”.
Bu siyahıdakı adların əksəriyyətini Azərbaycan cəmiyyəti yaxşı tanıyır. Yəhya Bakuvi isə dünyada tanınsa da, öz vətənində geniş ictimaiyyətə hələ də kifayət qədər məlum deyil.
Seyid Yəhya Şirvani Bakuvi XV əsrdə Şamaxıda doğulmuş, həyatının mühüm hissəsini Bakıda keçirmiş sufi mütəfəkkiri, alim və şairdir. Şamaxıdan Bakıya köçdükdən sonra Şirvanşah I Xəlilullahın himayəsi altında fəaliyyət göstərmiş, burada böyük bir mənəvi məktəb yaratmışdır. Mənbələrdə onun ətrafında minlərlə müridin toplandığı və yetişdirdiyi xəlifələri müxtəlif ölkələrə göndərdiyi bildirilir.
Yəhya Bakuvi Xəlvətiyyə təriqətinin ilkin banisi deyildi. Təriqətin əsasını XIV əsrdə Ömər Xəlvəti qoymuşdu. Lakin onu sistemli bir mənəvi məktəbə çevirən, qaydalarını, zikr və xəlvət üsullarını formalaşdıran, əsərlərini yazan və geniş coğrafiyaya yayan məhz Yəhya Bakuvi oldu. Buna görə o, Xəlvətiyyə ənənəsində “piri-sani” – “ikinci pir” adlandırılır. Bəzi tədqiqatçılar isə onu təriqətin faktiki qurucusu hesab edirlər.
“Xəlvət” sözü təklik və tənhalıq mənasını verir. Bu yolun əsas prinsiplərindən biri insanın müəyyən müddət ərzində dünyəvi məşğuliyyətlərdən uzaqlaşaraq ibadət, zikr və mənəvi özünüdərk ilə məşğul olmasıdır. Bakuvinin tərtib etdiyi “Virdi-Səttar” əsrlər boyu Xəlvətiyyənin müxtəlif qollarında oxunmuş və təriqətin əsas mətnlərindən birinə çevrilmişdir.
Xəlvətiyyə sünni təsəvvüf ənənəsinə mənsubdur. Lakin bu ənənədə Həzrət Əliyə və bütövlükdə Əhli-beytə dərin məhəbbət xüsusi yer tutur. Bu xüsusiyyət bəzən kənardan şiəliyə yaxınlıq kimi görünə bilər. Əslində isə Yəhya Bakuvinin irsi sünni mənsubiyyəti ilə Əhli-beyt sevgisinin bir-birinə zidd olmadığını göstərən mühüm nümunələrdən biridir. Özünün də seyid, yəni Peyğəmbər nəslindən olduğu qəbul edilir.
Yəhya Bakuvinin yaratdığı məktəb Azərbaycandan Anadoluya, Balkanlara, Misirə və başqa İslam ölkələrinə yayıldı. Xəlvətiyyənin müxtəlif qolları bu gün də xüsusilə Türkiyə, Balkan ölkələri və Misirdə mövcuddur. Görüşdə Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam maraqlı bir faktı da açıqladı: Əl-Əzhərin Böyük İmamı Şeyx Əhməd ət-Tayyib özünü Yəhya Bakuvinin davamçıları arasında yer alan Misir Xəlvətiyyə ənənəsinə mənsub hesab edir. Bu fakt Bakıda yaşamış bir mütəfəkkirin təsir dairəsinin nə qədər geniş olduğunu göstərir.
Yəhya Bakuvi təxminən 1460-cı illərdə Bakıda vəfat edib. Onun məqbərəsi İçərişəhərdə, Şirvanşahlar Sarayı Kompleksinin yuxarı həyətində, vaxtilə fəaliyyət göstərdiyi Keyqubad məscidinin yanında yerləşir. Həmin kompleks bu gün UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.
Deməli, İlham Əliyevin Yəhya Bakuvinin adını Nizami, Xaqani, Nəsimi, Xətai və Füzuli ilə yanaşı çəkməsi təsadüfi deyil. Söhbət yalnız Bakıda yaşamış bir dərvişdən yox, Azərbaycan torpaqlarından çıxaraq Türkiyənin, Balkanların və Misirin dini-mənəvi həyatına təsir göstərmiş böyük bir məktəbin qurucusundan gedir. Bəlkə də əsas paradoks budur: Yəhya Bakuvini İslam dünyasının müxtəlif guşələrində tanıyırlar, amma məqbərəsinin yerləşdiyi şəhərin sakinlərinin böyük bir hissəsi onun kim olduğunu hələ də bilmir. Bu boyda xəlvətiyyə olmaz ki…
Elbəyi Həsənli,
Surix
P.S Rəhmətlik Böyükkişi Heydərli-Yazıçı Qor İçəri şəhəri gəzib dolanandan sonra Yəhya Bakuvi haqqında gözəl bir yazı yamışdı…







