Əsas məzmuna keç

“Səndə “oraq” varsa, bənim “ay”ım var, “Oğuzdan” aldığım altun yayım var…”

Səndə “oraq” varsa, bənim “ay”ım var, “Oğuzdan” aldığım altun yayım var.
Bu bizik?!
82 il ötdü… Sabah Azərbaycanın ilk repressiya olunmuş qadın nasir şairəsi, 37-ci ilin 44 yaşlı qurbanı, adı İstiqlalımızla qoşa çəkilən Ümgülsüm xanım (Rəsulzadə) Sadıqzadənin bu dünyadan köçdüyü gündür…
Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı və tanınmış yazıçı Seyid Hüseynin ömür-gün yoldaşı olub. 1899-cu ildə Bakının Novxanı kəndində ruhani Əbdüləziz kişinin ailəsində dünyaya gəlib.Əbdüləziz Rəsulzadə (Ümgülsüm xanımın atası) ilə Ələkbər Rəsulzadə (Məhəmməd Əmin Rəsulzadənin atası) qardaş olmuşlar.Bu səbəbdən Ümgülsüm xanım Məhəmməd Əmin Rəsulzadənin doğma əmisi qızıdır. Yəni həm də Ümgülsüm xanımın doğma bacısı Ümbülbanu xanım, Məhəmməd Əmin Rəsulzadənin ilk və ömür-gün yoldaşı olmuşdur.və həm də baldızı olmuşdur. Əlavə edim ki, Rəsulzadənin həyat yoldaşı Ümbülbanu xanım həm də Seyid Hüseynin bacısı idi.Beləliklə, Məhəmməd Əmin Rəsulzadə ilə Seyid Hüseyn yeznə-qayın idilər. Bu iki böyük şəxsiyyət həm qohum, həm də çox yaxın əqidə dostu olub.
Düşünəndə ki, dəhşətli repressiya illəri onların nəslindən on üç qurban alıb haqqlarında mənim üçün yazmağın nə qədər çətin olduğunu təsəvvür edə bilərsiz. Təsəvvür edin: on üç yaşanmamış, yarımçıq qalmış həyat. Bilmirəm nədəndir, həmişə böyük insanların taleləri acı və kədərli olur. Rəsulzadələrin nələr çəkdiyi haqda yazarkən o zamandan illər keçsə də yenə də onların yaşadıqlarını onlarla birgə yaşamış oluram…Bu günkü qələbəmizin 44 sayı şairənin ömür sonunu göstərən rəqəmdir. Adamda elə təsəvvür yarana bilər ki, hər il payızın hər bugünkü günü ölümünü bir yaş da qocaldır. O, bizdən uzaqlaşdıqca, biz ona yaxınlaşırıq…
Əslində, cəmiyyətin azadlığı, sözün azadlığı qədərdir. Ona görə də diktatorlar söz və qələm adamlarına qarşı həmişə həssas olurlar. Hakimiyyət yazıçı və şairlərə həmişə ya tribunada, ya dar ağacında yer verir. “Mükafat” isə yazı adamlarının öz seçimindən asılı olur…Bu həqiqət bu gümüzlə necə də səsləşir.!
Ümgülsüm istiqlalımızla, bayrağımızla qürur duyan və bu dəyərləri sözə çevirən yeganə xanımdır. Hər kişinin cəsarət edib deyə bilmədiklərini zərif olduğu qədər də üsyankar qadın bütün sərtliyi ilə ifadə edib. Bu mənada o, qardaşı Məmmədəli, əmisi oğlu Məhəmməd Əminlə birgə istiqlal mübarizəsinin önündə gedənlərdən biridir.
Seyid Hüseyn deyirdi ki, “O qələm və o barmaqlar qırılsın ki, bir qəlbin qırılmasına səbəb olmuşdur.” Məncə onun bu sözlərini bütün Rəsulzadə nəslinə aid etmək olar.Umgülsüm xanım ibtidai təhsilli, evdar qadın olub. Amma valideynləri uşaq vaxtında ona fars və türk dillərini, daha sonra isə klassik Azərbaycan və şərq ədəbiyyatını öyrədirlər. O, Məmməd Əmin Rəsulzadənin əmisi qızı idi. “Müsavat” Partiyasının yaradıcılarından biri, Cümhuriyyət dövründə parlamentin üzvü olan Məmmədəli Rəsulzadənin bacısı idi. Onların ailəsi M.Ə.Rəsulzadənin ailəsi ilə bir həyətdə yaşayıb. 9 yaşından şeir yazmağa başlayıb. “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Qurtuluş”, “Dirilik”, “Məktəb”, “Qardaş köməyi”, “Azərbaycan” və s. qəzet və jurnallarda şeirləri, hekayələri dərc edilir. Ümgülsümün ilk yazısı 1914-cü ildə “Dirilik” jurnalında çap edilən “Vətən sevgisi” idi.
nə idi günahı? Eh, o vaxt günah tapmağa nə vardı ki.?! Təbii ki, “günah”ı üzdə idi. Məgər “pantürkist” damğası ilə həbs olunmuş yazıçı Seyid Hüseynin həyat yoldaşı, Məmməd Əmin Rəsulzadənin isə əmisi qızı olması az idi?! Lakin ən böyük “günahı” yaradıcılığında olan millətçilik, azadlıq eşqi idi. Bu isə onu sonralar sevdiyi millətindən, azadlıqdan uzaq saldı…Daha bir üzücü məqamlardan biri də Seyid Hüseynin həbs olunduğu gün Ümgülsüm xanımın bacısı oğlu, on doqquz yaşlı Rəsul Rəsulzadənin də Novxanıda həbs olunması idi..
Onun şerlərini oxuyarakən o həyacanı, o ürəyi, o hissi onunla birlikdə yaşamamaq mümkün deyil. Umgülsüm xanım əsl türk qadının obrazını həm özündə və həm də şerlərində yarada bilib. M.Ə.Rəsulzadənin şüara çevrilən “Bir kərə yüksələn bayraq bir daha enməz!” deyimini “Bən” adlı şeiri dediyimə sübutdur.
Səndə “oraq” varsa, bənim “ay”ım var,
“Oğuzdan” aldığım altun yayım var,
Milliyyət denilən bir sarayım var,
Yaşıl diyarın göy pasibanı bənəm !
Umgülsüm vətənini, onun azadlıq və istiqlalını vətəndaş-şair kimi sevdi, alqışladı. Düşməninə dayanmadan ox batırdı:
Ey buzlu şimaldan qopan rüzgar!
Toxunma qəlbimə, atəşi parlar” -sözləri ilə atəşini yağdırırdı.
Aprel işğalı…Umgülsüm xanımın ömrünün sonuna kimi Aprel işğalına olan münasibətini “Bayrağım enərkən” şerində tam mənası ilə aça bilib. Onun bütün şerləri sanki insanın bəsirət gözünü açır. Bu şerdə onun göz yaşlarını, titrəyişlərini, həyacanını, təəssüfünü bəsirət gücü ilə hiss etmək yox, həm də görmək mümkündür.!
Yazıq səni Bayrağım, endirdilər, öyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar,
O haq yeyən haqsızlar, vəhşilər, tanrısızlar
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o, gördüklərim, həpisi?
Bağlandımı üzümə türk elinin qapısı?
Çox yazmaq istəmirəm, amma yazmaya da bilmirəm axı…Həbsi ilə bağlı qərarda belə yazılmışdı: “00486 nömrəli əmri əldə rəhbər tutaraq vətən xaininin arvadı kimi Sadıqova Ümmügülsüm Əbdüləziz qızı həbs edilsin və Bakı şəhərində gözətçi nəzarəti altında ümumi həbsxanada saxlanılsın. Mənzilində axtarış aparılsın, silah, qiymətli əşyalar və əksinqilabi ədəbiyyat götürülsün. Qalan əmlakı müsadirə edilsin və dövlət hesabına köçürülsün”
2 noyabr 1937-ci ildə Sadıqova Ümgülsümün yaşadığı Zamkovski döngəsi, 74 nömrəli evdə axtarış aparılır. XDİK əməkdaşlarının marağını cəlb edən bir şey tapılmasa da Bayıl türməsinə gətirilən Ümmügülsüm 8 il həbs cəzasına məhkum edilir. 1938-ci ildə isə Temlaq əmək islah düşərgəsinə göndərilir.
Və çox ağrılı-acılı həyatı başlayır. Həbs olunan Umgülsüm xanım və güllənən həyat yoldaşı…Bu vaxt onun uşaqlarna ömrünün sonuna kimi evlənməyən Səyyarə bibisi baxır. Məmmədəli Rəsulzadənin də həbs olunaraq istintaqa cəlb olunması buraya əlavə etsək yaranmış vəziyyətin dəhşətini başa düşmək çətin deyil. Nə yaxşı ki, Səyyarə xanım dayısı uşaqlarının qəyyumluğunu öz öhdəsinə götürür…Məhz Səyyarə xanım Ümgülsüm xanımın övladlarına himayədarlıq etməklə bu ocağı sönməyə qoymadı. “İndi mən balaca anayam” deyən Səyyarə xanım, özü bir qadın kimi heç vaxt ana olmadı. Bütün həyatını onlara həsr etdi. Məhz onun bu fədakarlığı, qayğıkeşliyi “xalq düşməni”nin həyat yoldaşı kimi 7 il sürgün həyatı yaşayan, dərd əlində itib-batan Ümgülsüm xanımı ayaqda qalmağa kömək edirdi.
Umgülsüm xanım sürgündə yaşadığı acınacaqlı şəraitlə bağlı belə yazırdı: “axşamdan bəri 36 adamın ayaqyolu kimi istifadə etdiyi ağzına qədər çirkab dolu vedrəylə yanaşı qoyulan çay vedrəmizin də ağzı açıqdır. Bu murdarlığı və üfunət iyini təmizləyəcək bir şey yoxdur. Burada hər şey fövqəladə bir şəkildədir. Kamerada çay içmək və yemək üçün cəmi 18 qab var. 36 nəfər bu 18 qabda həm yemək yeyəcək, həm də çay içəcəyik. Yeməkdən sonra yuyulmayan qablarda növbəylə çay içmək, qanımızı yemək kimi bir şeydir. Bunu düşmənimə də arzu etmirəm!”
Davam etmək istəmirəm…Axı necə yazasan onun qələmə aldığı dəhşət və qan donduran xatirələrindən, uşaqlarının yanına qayıtmaq üçün Stalinə məktublarından, bəraət alıb Bakıya qayıdarkən paytaxtda yaşamasına qoyulan qadağalardan, qızı Qumralla Şamaxıya üz tutmasından ?!. Bu mənada sizləri həbs dövrü ilə bağlı yazdığı “Qala xatirələrim” və məktubları oxmağınızı məsləhət görürəm.
Bu qadının həyatı başdan ayağa kədərdir, nisgildir…O, vətəndən uzaq düşdüyü əzab əziyyətli halını sonralar Türkiyədə nəşr olunacaq “Hicran” şerində belə qələmə almışdı:
Bir solğun çiçəyəm, bir sarı yarpaq,
Candan şikayətkar, canandan iraq.
Çıxdım ki, yollardan alayım soraq,
Xəbər verən yoxdur, sorma dedilər.
Ayrılınca hilal qaşlı yarımdan,
Mən yaslara yatdım, geymədim əlvan.
Düşünüb o yıldız gözləri hər an,
Ardınca qoşarkən, varma dedilər.
Könül şəkvəsini kimə söyləsin?
Qəlbimin dərdini kimlər dinləsin?
Səni sevən, sənsiz ömrü neyləsin?
Ağlarkən özünü yorma dedilər.
Mənim göylərimdən günəş çəkildi,
Parlaq həyatıma zülmət töküldü.
Vərəmli qəlbimə oxlar dikildi,
Qoy axsın qanları, sarma dedilər.
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı qovmayacaqmı?
Kölgələri şəfəq boğmayacaqmı?
Sordum, ümidini qırma dedilər.
1943-cü ildə Ümmügülsüm SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edərək azadlığa buraхılmasını istəyir. 1944-cü ildə buraxılan şairəyə Şamaxıda yaşamağa icazə verilir. Və burada 1944-cü ilin sentaybrın 17-də 15 yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur.
Sözardı 1. Xatırladım ki, Umgülsüm xanımın repressiayaya uğramış həyat yoldaşı Seyid Hüseynlə olan evliliyindən Oqtay Sadıqzadə, Toğrul Sadıqzadə, Cığatay adında oğlanları və Qumral Sadıqzadə adlı qızları olub. Cığatay fəhlə batalyonunda xidmət edərkən ağır katorqa işləri nəticəsində vərəm xəstəliyinə tutularaq, 24 yaşında vəfat edir. Qeyd edim ki, xalq rəssamı olmuş Oktay Sadıqzadənin oğlu atası kimi rəssam olub. SSRİ Rəssamlar İttifaqının üzvü Altay Sadıqzadə isə vitse prezident Mehriban Əliyevanın bacısı Nərgiz Paşayevanın həyat yoldaşıdır.
Ümmügülsüm Sadıqzadəni qonşuları Şamaxının Xəndan qəbiristanlığında dəfn edirlər.
Qeyd edim ki, bəzi naşı tarixçilər Umgülsüm sadıqzadənin cəzaçəkmə müddətini bitirmədən ilyarım tez burxılmasını M.C.Bağırovun adına yazırlar. bu qətiyyən belə deyil. O, 1944-cü ilin aprelində azadlığa buraxılmışdı.1943-cü ildə Ümgülsüm xanım vəziyyətinin ağırlığını nəzərə alaraq SSRİ Xalq Daxili İşlər Komissarlığına (NKVD) rəsmi ərizə ilə müraciət etdi və azad olunmasını istəmişdi. Sovet hakimiyyəti onu cəza müddətinin bitməsinə 1 il qalmış azad etsə də, bu “mərhəmət” onun həyatını xilas edə bilmədi. Sürgündə vərəm və digər ağır xəstəliklərə yoluxmuş şairəyə Bakıda yaşamaq qadağan olunduğu üçün Şamaxıya köçdü və azadlığa çıxdıqdan cəmi bir neçə ay sonra, 1944-cü ilin sentyabrında elə oradaca vəfat etdi.
Mircəfər Bağırov üçün Məhəmməd Əmin Rəsulzadə və onun ailəsi Sovet hakimiyyətinin bir nömrəli düşməni idi. Bağırovun rejimində Rəsulzadə ailəsinə mənsub olan birinə rəhm etmək və ya onun azadlığı üçün xahiş etmək Bağırovun xarakterinə də yad idi. Bir sözlə M.C.Bağırovun rolundan danışmaq boşboğazlıqdır. Bu həm də övqeyini və həyatını təhlükəyə atması demək olardı.
Deməli, uzun müddət bu məzarın yeri bilinmir. Və nə yaxşı ki, ölümündən düz 57 il sonra tapılır. Bu haqda Ümmügülsümün qızı Qumral xanım belə yazmışdı:
“Ümmügülsümün faciəli ölümündən əlli yeddi il sonra əziz anamızın üstünü quru ot basmış, ətrafındakı daşları torpağa çökmüş məzarını, nəhayət, ziyarət etdik. Biz sevinirdik, çox gec də olsa Ümmügülsümün son mənzilini tapmaq bizim üçün böyük xoşbəxtlik idi. Atamız Seyid Hüseynin son mənzili isə əbədi olaraq Xəzərin dərinliklərində itib-batmışdı. Amma heç olmasa anamızın məzarının tapılması bizim üçün böyük təsəllidir”
…Mən kiminsə bu gün onun məzarının üstünə gedən olacağını bilmirəm…Getməyənlər üçün və bilməyənlər üçün deyim ki, məzarının üstündə onun məşhur şeirindən bu misralar var:
Mən saralıb sollam qərib ellərdə,
Sözüm dastan olar bütün dillərdə,
Gözüm qaldı çiçəklərdə, güllərdə,
Gül dərmədim, düşdüm çəmən ayrısı,
Sürgünəm, düşkünəm, vətən ayrısı.
Ümgülsüm həyatında iki dəfə böyük eşq yaşadı. Biri vətənin, o biri yazıçı Seyid Hüseynin adıyla bağlı oldu. Hər iki sevdası illər sonrası onu məhvə aparıb, həyatını cəhənnəmə çevirdi, əzablara düçar eləyib, ölümə sürüklədi.
Mən düşünürəm ki, hakimiyyət bir gün ağıllanacaq və şairəmizin xatirəsini əbədiləşdirmək üçün Bakıda və ya Şamaxıda yaşadığı evlərinin qapısına bir xatirə lövhəsi vurulmasını, adına bir küçə verilməsini, büstünün qoyulmasını həyata keçəçək. Bu məsələ gələcək nəsillərin boynuna düşməyəcək.
Bütün bunlar bir türkçü və turançı şairənin xatirəsini əbədiləşdirilməsinə kömək olardı:
Məskənimiz həp fəlakət bucağı,
Bəstərimiz fırtınalar qucağı,
Sönmüşmüdür əcəb türkün ocağı,
Anadolu nerdə, Turan nerədə
Bu gün mənim də, onu sevənlərin də ən böyük işi, bu türkçü şairəni unutmağa qoymamaqdır. Ümgülsüm soy-kökünə bağlı, minillik-lərdən soraq verən tarixiylə, keçmişiylə qürur du-yan və bu tarixi gələcəyə ötürməyə çalışan türk xatunudur. “Türklük deyil, biz türklüyün özüyük”, “Qaza-nalım, Fateh xanın qızıyıq” deyən türkçü şairədir. Doğrudur, bu gün bizim tariximiz saxta, yaltaq tarixçilər əlində olsa da onu sevməyən bir dövlətdə yaşasaq da onun xatirəsini yaşatmalıyıq. Əslində bu heç bizdən də çox asılı deyil. Tariximizdə M.Ə.Rəsulzadə nümunəsi var. Bu mənada Umgülsüm xanımın da xatirəsi bütün cümhuriyyət fədailəri kimi illər keçsə də xalqın qəlbində əbədi olaraq yaşayacdır.!! Onlar istiqlalımızı qazanmış bu vətənin bir parçalarıdır. Rəsulzadələr nəsli və Ümgülsüm xanım könlümüzdə də təkcə İstiqlal şairi kimi deyil, istiqlal sevgisinin özü kimi əbədi yaşayacaq.
Sözardı2. Bu test yazımda yazıçı M.Ə.Rəsulzadə irsinin daimi araşdırmaçısı, Nəcibə xanım Bağırzadənin “İSTİQLAL ŞAİRİ ÜMGÜLSÜM –VƏTƏN AYRISI RƏSULZADƏLƏR” kitabından məlumatlar kimi istifadə olunub. Bu kitabı oxuyun.
Baba Allahnəzərov,
tədqiqatçı
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…