“Kəpəz” komandası akademiyanın yetirməsi, böyük gələcək vəd edən 15 yaşlı Əlisahib Əliyevlə peşəkar müqavilə bağlayıb.
Tezadlar.az xəbər verir ki, qapıçı bundan sonra məşqlərini əvəzedicilərdən ibarət komandada davam etdirəcək. Hazırda “Kəpəz”in U-19 kollektivinin əsas qapıçısı olan Əlisahib peşəkar müqavilə sayəsində Əvəzedicilər Liqası və Azərbaycan Premyer Liqasında forma geyinmək hüququ qazanıb. “Sarı-göylər”in tarixində yeniyetmə istedadla son belə müqavilə 2018-ci ildə olub. Həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov əsas komandaya cəlb edilib. Əlisahib Əliyev isə “Kəpəz”in tarixində peşəkar anlaşmaya imza atan ən kiçikyaşlı qapıçı adına sahib çıxıb.
Futbolla 5 yaşından məşğul olan yeniyetmə qapıçı klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb: “Kəpəz”lə peşəkar müqavilə bağladığıma görə çox şadam. Üzərimdə daha çox işləyib etimadı doğrultmağa çalışacağam. Məqsədim “Kəpəz”in əsas heyətində debüt etmək və milli komandaya dəvət almaqdır. Gələcəkdə Avropanın “Top-5” çempionatlarından birində forma geyinməyi arzulayıram. Ən çox sevdiyim klub “Real Madrid”dir. Kumirim isə almaniyalı qapıçı Manuel Noyerdir. Mən də onun kimi ayaqla yaxşı oynayıram, taktiki məşqlərə üstünlük verirəm”.







