(Ruhlar şəhərindən arzular-xəyallar şəhərinə…)
Bəzi tarixlər təqvimdə sadəcə bir gün kimi qalır. Bəzi tarixlər isə insanın yaddaşında ayrıca bir ömür yaşayır. 16 sentyabr 2021-ci il də mənim üçün məhz belə tarixlərdən biridir. Bu günlərdə düz 5 ili tamam olan həmin gün mən ilk dəfə işğaldan azad olmuş AĞDAMA gedirdim. Bu, adi bir səfər deyildi. Bu, sadəcə rəsmi olaraq elmi konfransda iştirak etmək üçün gedilən bir yol da deyildi.
…AĞDAM – tanımadan sevdiyim əsrarəngiz şəhər idi. Ağdamla əvvəllər heç vaxt ciddi tanışlığım olmamışdı.
Bəlkə də bu, ilk baxışda qəribə səslənir. Bir şəhəri sevmək üçün onun küçələrində gəzmək, insanları ilə ünsiyyətdə olmaq, evlərini, bağlarını, çayxanalarını, bazarını, dağını, düzünü görmək lazımdır. Mənim isə Ağdamla belə bir tanışlığım olmayıb.
70-ci illərdə bir dəfə tələbə dostumla, bir dəfə də Tərgül xanımla — həyat yoldaşımla Bakıdan qatarla Ağdama, oradan Füzuliyə getmişdik. O səfərlərin yaddaşımda öz yeri var. Qatarın səsi, yolun mənzərələri, rayonların bir-birini əvəz edən görüntüləri, gəncliyimizin qayğısız günləri…
Sonrakı dəfə isə 1986-cı ildə ilk dəfə Tərgül xanımla Ağdamdan keçərək Şuşaya iki günlük tanışlığa, 1987-ci ildə isə iki həftəlik istirahətə qalxmışdıq. O vaxt Ağdam bizim üçün sadəcə Şuşaya gedən yolun qapısı idi. Amma etiraf edim ki, o vaxtlar onun böyüklüyünü, tarixini, mənəvi çəkisini bugünkü kimi dərk etmirdim.
Çünki mənim Ağdamla başqa cür tanışlığım vardı. Mən Ağdamı əvvəlcə böyüklərin söhbətlərindən tanımışdım. Uşaqlıq illərindən qulağımda qalan o söhbətlərdə Ağdam adi bir rayon deyildi. Orada qəribə hadisələr baş verir, maraqlı adamlar yaşayır, qeyri-adi məclislər qurulur, sözün, musiqinin, zarafatın, mərdliyin özünəməxsus bir aləmi varmış kimi danışılırdı. Böyüklərin dilində Ağdamın adı çəkiləndə sanki adi coğrafi məkan haqqında deyil, ayrıca bir dünyadan söhbət gedirdi.
Sonralar həmin dünyanın ayrı-ayrı parçalarını yazılarda, xatirələrdə, musiqidə görməyə başladım.
***
Məndə Ağdama ilk böyük marağı bəlkə də, Seyran Səxavətin “Ulduz” jurnalında oxuduğum “Ağdamda Qədirlə atüstü söhbət” yazısı oyatdı. Yazı məndə qəribə bir hiss yaratmışdı. Sanki uzaqdan tanıdığım, amma heç vaxt tam görmədiyim bir şəhərin qapısı açılmış, onun səsi eşidilmiş, nəfəsi duyulmuş, adamları tanınmışdı.
Son illərdə isə tanınmış yazıçı, millət vəkili Aqil Abbasın Ağdam haqqında ” Ədalət”dəki yazıları, “Çayın qırağında bitib susuz qalan ağacların sağlığına”, “Ağdam bazarı”, “Rəmiş” və s. kimi əsərləri bu hissi daha da dərinləşdirdi. Onun yazılarında Ağdam yalnız keçmişin şəhəri kimi deyil, yaşayan, danışan, gülən, ağlayan, insanları ilə birlikdə yaddaşda nəfəs alan bir məkan kimi görünürdü. Bəlkə də indi yazdığım bu xatirənin yaranmasının əsas səbəblərindən biri də elə Aqil Abbasın Ağdam sevgisidir. Mən Ağdamı heç gəzməmişəm. Amma Ağdam haqqında çox eşitmişəm. Onu çox oxumuşam. Onu yaddaşımda çox təsəvvür etmişəm. İnsan bir yeri gördüyündən daha çox, eşitdiyi və oxuduğu qədər də sevə bilir. İllər keçdikcə başa düşdüm ki, mənim də Ağdam sevgim onun küçələrindən yox, sevdiyim insanların xatirələrindən başlayıb.
…Ağdam
Qurbanın, Seyidin, Xanın yurdu.
Arifin, Qədirin, Rəmişin yurdu…
Familin, Şahmarın yurdu…
Xudunun, Rafiqin yurdu…
Sözün, sənətin, muğamın, gitaranın, yumorun, gülüşün və mərdliyin yurdu… Və nəhayət, yüzlərlə qəhrəman oğulun, Ağdam yolunda şəhid olmuş igidlərin yurdu…
Ağdam həm də Qarabağın yaddaşında xüsusi bir səsdir, sədadır. Elə bir səs-səda ki, illər keçsə də susmur. Bir muğamın avazında eşidilir, köhnə bir fotoşəkildə görünür, hansısa yazının bir cümləsində qarşına çıxır. Bəzən də heç bir sözə ehtiyac qalmır – sadəcə “Ağdam” deyirsən və içində qəribə bir yanğı baş qaldırır.
Mənim Ağdamla bağlı xatirələrim azdır. Amma Ağdam haqqında hisslərim çoxdur. Bəlkə də bu yazının qəribəliyi də elə bundadır: mən Ağdamı kifayət qədər tanımadan sevə bilmişəm.
Düşünürəm ki, insanın bir yerə bağlılığı həmişə orada keçirdiyi günlərin sayı ilə ölçülmür. Bəzən bir şəhər sənin yaddaşına uşaqlıqdan daxil olur, böyüklərin söhbətlərində böyüyür, bir yazıçının qələmi ilə rənglənir, bir sənətkarın səsi ilə canlanır, bir dostun xatirəsində doğmalaşır və illər sonra sənin öz xatirənə çevrilir. Ağdam da mənim üçün belə bir şəhərdir. Mən orada heç yaşamamışam. Onun küçələrində uşaqlığım keçməyib. Amma uşaqlığımdan bəri onun haqqında danışılanları dinləmişəm.
Sonra isə yolum Ağdamdan keçib. İllər sonra həmin yolun mənası dəyişib. İndi Ağdam adı çəkiləndə mən yalnız ötəri keçdiyim bir şəhəri deyil, itirilmiş bir həyatın, yarımçıq qalmış xatirələrin, şəhidlərin, sənətkarların, dostluqların və bütöv bir nəslin yaddaşını düşünürəm.
Və bəlkə də buna görə Ağdam haqqında yazmaq mənim üçün sadəcə bir xatirəni yazmaq deyil. Bu, bir az da uşaqlıqdan və gənclikdən, sonrakı vaxtlarda da içimdə yığılan səslərə cavab verməkdir. Ağdam… mənim uşaqlıqdan eşidib, illər sonra daha dərindən duyduğum, tanımadan da sevdiyim keçmişi və gələcəyi olan şəhər…
***
…50 illik elmi fəaliyyətim ərzində dünyanın müxtəlif ölkələrində, MDB məkanının paytaxtlarında, Azərbaycanın müxtəlif şəhər və rayonlarında yüzlərlə elmi konfransda iştirak etmişəm. Müxtəlif mövzularda çıxışlar etmiş, müzakirələr aparmış, həm böyük elmi auditoriyalarda, həm də daha kiçik toplantılarda alimlərlə fikir mübadiləsi etmişəm. Amma etiraf edim ki, onların heç birində keçirdiyim hiss Ağdam səfərində yaşadığım hissə bənzəmirdi. Çünki bu dəfə mən yalnız konfransa getmirdim.
Mən Ağdama gedirdim, Ağdama! Bir vaxtlar canlı, gur, qaynar həyatı olan, insanların yaşadığı, işlədiyi, sevindiyi, arzular qurduğu Ağdama…İllərlə həsrətində olduğumuz Ağdama…
İşğaldan azad edilmiş Ağdama… Və qarşımdakı mənzərə bir-birinə zidd iki hissi eyni anda doğururdu. Bir tərəfdə keçmişin ağrısı vardı. Digər tərəfdə gələcəyin inamı.
Mən o gün özüm üçün bir daha anladım:
Ağdam – ruhlar şəhəri idi! Amma indi ruhlar şəhəri deyil.
Ağdam – arzular-xəyallar şəhəridir! Çünki burada keçmişlə gələcək üz-üzə dayanmışdı.
Xarabalıqlar içində qurulan elmi məkan
Elmi konfransın adı da təsadüfi seçilməmişdi: “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları”. 16–17 sentyabr 2021-ci ildə keçirilən bu I Beynəlxalq Elmi-Praktik Konfrans öz məzmununa görə adi elmi tədbirdən daha artıq idi. Mənim üçün onun əsas yükü elmi hissəsindən daha çox mənəvi hissəsi idi. Çünki biz Ağdama yalnız iqtisadiyyat haqqında danışmağa getməmişdik. Biz Ağdama iqtisadiyyatın yenidən qurulacağı bir məkanın özünə getmişdik. Biz dağıdılmış şəhərin, viran qoyulmuş yaşayış məkanlarının, işğalın ağır izlərinin ortasında gələcək haqqında danışasıydıq. Daha doğrusu, gələcəyin özünü qurmağa başlayasıydıq və başlamışdıq da. Mən həmin mənzərəni başqa cür təsəvvür edə bilmirdim. Xarabalıqların tən ortasında kiçik bir oazis yaradılmışdı. Və həmin oazisdə ən müasir texnologiyalarla elmi konfrans keçirilirdi. Bu mənzərənin özü bir mesaj idi. Dağıntının içində elm vardı. Kədərin içində quruculuq vardı.
Keçmişin xarabalıqları içərisində gələcəyin iqtisadi modeli müzakirə olunurdu.
Yolda gördüklərim…
Biz Ağdama dağılmış yollardan keçib getdik. Yol boyu onlarla kəndin dağıdılmış qalıqlarının yanından keçirdik. Bir vaxtlar burada evlər vardı. Burada insanlar yaşayırdı. Uşaqlar böyüyürdü.
Həyətyanı sahələrdə həyat vardı. İndi isə hər yerdə yalnız dağılmış evlərin uçuqları, ovulmuş daşlar və qəribə, susqun “şeytan” dediyimiz yararsız tək-tük ağaclar qalmışdı. Baxdıqca insanın içində qəribə bir ağrı yaranırdı. Torpağın özü sanki ağlayaraq danışırdı. Amma biz oraya ağlayaraq-sızlayaraq getmədik! Biz başqa hisslərlə gedirdik.
İnanaraq. Güvənərək. Ruhlanaraq.
Biz sürətlə tikilən, qaynar işlərin getdiyi, yenidən salınmaqda olan, gələcəkdə möhtəşəm bir yola çevriləcək, toz-torpaq qoxulu yollardan keçib gedirdik.
Bu yollar mənim üçün sadəcə yol deyildi.
Bu yol Ağdamın keçmişindən gələcəyinə gedən uzun yol idi.
Bir tərəfdə dağıdılmış kəndlər… Digər tərəfdə yeni tikinti…
Bir tərəfdə susmuş həyat… Digər tərəfdə yenidən başlayan həyat…
Bəlkə də həmin gün Ağdamın ən böyük mənzərəsi məhz bu ziddiyyət idi.
Keçmiş, indi və gələcək
Ağdamda bizi Qarabağ üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovun rəhbərlik etdiyi komanda qarşıladı. Onlar bizə yalnız Ağdamın dağıdılmış keçmişini göstərmədilər.
Bizə keçmişi də, indini də, gələcəyi də göstərdilər.
Bu, mənim üçün səfərin ən mühüm məqamlarından biri idi. Çünki dağıntını görmək asandır. Əsas məsələ dağıntının arxasındakı gələcəyi görə bilməkdir.
Ağdamda biz həmin gələcəyi görməyə çalışırdıq. Bizə göstərilən hər bir məkanın arxasında yeni şəhər, yeni iqtisadiyyat, yeni həyat təsəvvürü dayanırdı.
Məhz buna görə həmin gün Ağdam mənim üçün yalnız dağıdılmış şəhər deyildi. O, yenidən doğulmaqda olan şəhər idi.
İmarət, çörək muzeyi, teatr, məscid…
Konfransdan əvvəl Ağdamın tarixi və mədəni məkanlarının qalıqlarını ziyarət etdik. Qarabağ xanlarının abidə kompleksi və İmarət qəbiristanlığı… Çörək Muzeyi…Ağdam Dövlət Dram Teatrı…Cümə məscidi…Mərkəzi meydan… Bu adların hər biri mənim üçün sadəcə coğrafi məkan deyildi. Onların hər birində Qarabağın yaddaşından bir parça yaşayırdı. Xüsusilə Cümə məscidinin qarşısında dayanmaq insanın içində başqa bir duyğu yaradırdı. Dağıdılmış bir şəhərin içində məscidin mövcudluğu, onun susqun divarları, keçmişdən bu günə qalan izləri insana bir daha xatırladırdı ki, torpaqlar yalnız binalardan ibarət deyil. Torpaq həm də yaddaşdır.
Torpaq həm də tarixdir. Torpaq həm də insanların sahiblik hissidir.
Müqəddəs məkanda edilən dua
Həmin gün biz müqəddəs məkanda dua etdik. Niyyət etdik. Hər kəs öz daxilində bir arzu tutdu. Mənim üçün həmin anın özünəməxsus mənası vardı. Çünki dua yalnız keçmişə görə deyildi. Dua həm də gələcəyə görə idi. Dualarımız:
Ağdamın yenidən qurulmasına.
İnsanların öz doğma torpaqlarına qayıtmasına.
Yeni həyatın burada möhkəm kök salmasına.
Uşaqların yenidən Ağdam küçələrində böyüməsinə.
Şəhərin yenidən insanların səsi ilə dolmasına, …, görə idi.

Əkdiyimiz iki çinar…
Konfrans sonrası hamılıqla birlikdə Ağdam torpağında çinar ağacı əkdik. İki çinar. Bu, adi ağacəkmə mərasimi deyildi. Mən həmin iki çinarı öz yaddaşımda xüsusi bir rəmz kimi saxladım.
Biri keçmişə hörmət əlaməti idi.
Biri gələcəyimizə inam idi.
Çinar isə təsadüfi ağac deyil.
Çinarın kökü dərinliyə gedir.
Budaqları göyə yüksəlir.
Uzun ömür yaşayır.
Kölgə salır.
Nəsillər dəyişir, çinar qalır.
Bəlkə də buna görə həmin gün əkdiyimiz iki çinar mənim üçün Ağdamın özü kimi görünürdü.
Bir kökü keçmişdə…
Bir budağı gələcəkdə…
Və biz əkdiyimiz o iki çinarın yanında bir niyyət etdik: 10 ildən sonra həmin yerdə, 100 minlik əhalisi olacaq yeni Ağdam şəhərinin tən ortasında, həmin çinarların kölgəsində 10-cu konfransın gənc iştirakçılarına bu günün xatirələrini danışaq.
Onlara deyək ki, bir vaxtlar biz bu şəhərə gələndə burada yalnız dağıntılar görünürdü. Onlara deyək ki, o vaxt gələcəyin belə sürətlə və belə möhtəşəm qurulacağına inanmaq bəlkə də çətin idi.
Amma biz inanırdıq. Çünki biz həmin gün gələcəyin ilk addımlarını öz gözlərimizlə görmüşdük.
Elmin Ağdama qayıdışı
Konfransın özü də mənim üçün məhz bu baxımdan böyük məna daşıyırdı.
“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iqtisadiyyatın yalnız bugünkü problemləri deyil, Qarabağın gələcək inkişafının fundamental məsələləri müzakirə olunurdu. Yeni iqtisadiyyat. İnnovasiya. Rəqəmsallaşma. Postmünaqişə ərazilərinin bərpası. Yeni məskunlaşma. İqtisadi potensial. Yaşıl enerji. Ənənəvi və qeyri-ənənəvi iqtisadi fəaliyyət sahələrinin inkişafı. İnsanların doğma torpaqlarına qayıdışı. Bunlar artıq nəzəri anlayışlar deyildi. Bunlar Ağdamın gələcəyinin konkret məsələləri idi… Və bütün bunların Ağdamın özündə, dağıntıların ortasında müzakirə edilməsi mənəvi baxımdan xüsusi təsir bağışlayırdı. Biz illərlə elmi auditoriyalarda Qarabağ haqqında danışmışdıq. İndi isə Qarabağın özündə onun gələcəyini müzakirə edirdik.
Bu, çox böyük fərq idi.
Ağdamın gələcəyi haqqında düşünərkən…
Həmin gün bir daha düşündüm: Şəhəri yalnız daşdan, betondan, binalardan tikmək mümkündürmü? Əlbəttə, yox.
Şəhər insanla şəhər olur.
İnsan qayıdanda şəhər də qayıdır.
Məktəb açıldıqda həyat qayıdır.
Teatr fəaliyyətə başladıqda həyat qayıdır.
Məsciddə dua səsləndikdə həyat qayıdır.
Alimlər elmi müzakirə apardıqda həyat qayıdır.
Uşaqlar küçələrdə oynadıqda şəhər öz ruhunu yenidən tapır.
Ona görə Ağdamın quruculuğu yalnız infrastruktur layihəsi deyil.
Bu, həm də həyatın, yaddaşın və gələcəyin yenidən qurulmasıdır.
Məhz buna görə mən həmin konfransı sadəcə bir elmi tədbir kimi xatırlamıram.
Mən onu Ağdamda elmin, iqtisadi düşüncənin və gələcək ideyasının ilk böyük səslərindən biri kimi xatırlayıram.

O günün sonunda…
Sentyabrın həmin günü bu səfərin və konfransın əsas hissəsi artıq arxada qalırdı. Amma mənim üçün Ağdam səfəri bitməmişdi. Çünki insan bəzi yerlərdən qayıdır, amma həmin yerlərdən heç vaxt tam ayrılmır.
Ağdam da mənim üçün belə oldu.
Mən oradan yalnız fotoşəkillərlə qayıtmadım.
Oradan xatirə ilə qayıtdım.
Düşüncə ilə qayıtdım. Ümidlə qayıtdım.
İki çinarın xatirəsi ilə qayıtdım… Və içimdə bir niyyətlə qayıtdım: Bir gün yenidən Ağdama gedəcəyəm. Həmin iki çinarın altına. Yeni Ağdamın ortasına. Və bəlkə də həmin gün ətrafımda gənc alimlər, tədqiqatçılar olacaq.
Onlara deyəcəyəm: “Bir vaxtlar biz buraya belə gəlmişdik…”
Onlar isə bəlkə də inanmayacaqlar. Çünki qarşılarında tamam başqa Ağdam olacaq.
Amma həmin çinarlar biləcək.
Torpaq biləcək.
Yaddaş biləcək.
Və biz biləcəyik.
Bu bir qəhrəmanlıqdır!
Bu qürurdur!
Bu şərəfli ömürdür!
Bu bizik!Biz millətik.
Biz xalqıq.Biz dövlətik!
Biz varıq.Və biz var olacağıq!
Ağdamın daşlarında da, yollarında da, çinarlarında da bu inam yaşayacaq.
Mənim yaddaşımda isə 16 sentyabr 2021-ci il Ağdam səfəri iki çinarla əbədiləşib:
BIRI KEÇMIŞƏ HÖRMƏT, BIRI GƏLƏCƏYƏ INAM!
HAŞİYƏ: Ağdamda elmin və yeni iqtisadi quruculuq düşüncəsinin böyük sədası.
16–17 sentyabr 2021-ci ildə Ağdamda keçirilən “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” I Beynəlxalq Elmi-Praktik Konfransı həm elmi məzmununa, həm də keçirildiyi məkana görə Azərbaycanın müasir elm tarixində özünəməxsus hadisə idi.
Konfransın əsas təşkilatçıları Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutu idi. Bu təşkilatçılıq tərkibi də tədbirin mahiyyətini müəyyənləşdirirdi: Ağdamın gələcəyi yalnız tikinti və infrastruktur məsələsi kimi deyil, iqtisadi, institusional, sosial və elmi baxımdan kompleks inkişaf məsələsi kimi nəzərdən keçirilirdi. Konfransdan əvvəl iştirakçılar Ağdamın mühüm tarixi və mədəni məkanlarının dağıdılmış qalıqlarıyla tanış oldular. Qarabağ xanlarının abidə kompleksi və İmarət qəbiristanlığı, Çörək Muzeyi, Ağdam Dövlət Dram Teatrı, Cümə məscidi və Mərkəzi meydanın qalıqları ziyarət edildi. Bu məkanların hər biri Ağdamın tarixi yaddaşının ayrı-ayrı səhifələrini təmsil edirdi. Daha sonra iştirakçılar Ağdam torpağında birlikdə ağac əkdilər. Konfransın açılışında Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonunda xüsusi nümayəndəsi Emin Hüseynov çıxış etdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın konfrans iştirakçılarına müraciəti tədbirdə oxundu. Konfransda Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli və digər alim və mütəxəssislər çıxış etdilər.
Plenar iclasda UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov “İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış” mövzusunda məruzə etdi.
Bu mövzu xüsusilə diqqətçəkən idi. Çünki Qarabağın gələcək iqtisadiyyatının yalnız ənənəvi resurs və istehsal imkanları əsasında deyil, innovasiya və rəqəmsal texnologiyalar üzərində qurulması ideyası həmin dövrdə artıq elmi gündəliyin mühüm istiqamətlərindən birinə çevrilirdi. Dövlət Agentliyi rəhbərliyinin təmsilçisi Ceyhun Salmanov Qarabağda innovativ iqtisadi sahələrin inkişaf potensialı və perspektivlərindən danışdı. Ağdamda yeni iqtisadiyyatın qurulması, iqtisadi potensial, inkişaf prioritetləri və gözləntilər, Qarabağın və Ağdamın təbii resursları, yaşıl enerji potensialı, ənənəvi və qeyri-ənənəvi iqtisadi sahələr arasında balans, məcburi köçkünlərin Ağdama və digər Qarabağ ərazilərinə qayıdışı kimi məsələlər elmi konfransda geniş müzakirə olunurdu.

Beləliklə, Ağdamda keçirilən bu konfransın gündəliyində üç mühüm zaman bir-biri ilə birləşirdi: keçmişin dağıntıları, bu günün quruculuğu və gələcəyin iqtisadi modeli.
Mənim üçün tədbirin ən mühüm mənalarından biri də elə bu idi. Çünki alimlər Ağdamın gələcəyi haqqında başqa bir şəhərin konfrans zalında deyil, Ağdamın özündə danışırdılar. İqtisadçılar yeni iqtisadiyyatın konturlarını müzakirə edir, tədqiqatçılar postmünaqişə ərazilərinin bərpası və məskunlaşdırılması məsələlərini araşdırır, innovasiya və rəqəmsallaşmanın gələcək iqtisadi inkişafda rolunu önə çəkirdilər.
Bu baxımdan Ağdam konfransı yalnız elmi müzakirə platforması deyildi. O, həm də azad edilmiş ərazilərdə yeni iqtisadi düşüncənin formalaşdırılmasına yönəlmiş simvolik və praktik addımlardan biri idi.
Tədbirin təşkilati işləri Qarabağ Dirçəliş Fondu tərəfindən həyata keçirildi, internet resursları ilə bağlı dəstək isə Azercell tərəfindən göstərildi. Amma bütün bu təşkilati və elmi detalların arxasında mənim üçün daha böyük bir həqiqət dayanırdı. Biz Ağdamda bir konfrans keçirməklə əslində bir fikri nümayiş etdirirdik:
Xarabalıqların içində yalnız keçmişi xatırlamaq yox, gələcəyi qurmaq da mümkündür.
Elmin və iqtisadi düşüncənin Ağdama qayıtması bunun simvolu idi.
Həmin gün əkilən iki çinar isə bu yaddaşın ən canlı nişanına çevrildi.
Biri keçmişə baxırdı.
Biri gələcəyə.
Və hər ikisi Ağdam torpağında kök salırdı…
Əlövsət Qaraca Əliyev,
professor
Sentyabr 2026 il
P.S. Bu yazı mənim “Həyatın 101 anı” kitabımda xüsusi yeri olacaq fəsil-xatirələrimdən biridir. 100 minlik müasir AĞDAM şəhərinə növbəti səfərlər arzusuyla…








