Əsas məzmuna keç

27 Sentyabr – Yaddaşımızda əbədi həkk olunan tarixi gün

Sentyabrın 27-si Azərbaycan xalqı üçün xüsusi məna daşıyan tarixi gündür. Məhz həmin gün 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün 44 günlük Vətən müharibəsinə başladı və nəticədə, otuz ilə yaxın davam edən ədalətsizliyə tarixi Zəfərlə son qoyuldu. Bu səbəbdən 27 Sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur – Birinci və İkinci Qarabağ müharibələrində canından keçmiş bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş rəsmi anım günüdür.

Otuz ilə yaxın müddətdə Azərbaycan xalqı öz doğma torpaqlarının işğal altında olması ilə barışmadı, bütün bu müddətdə beynəlxalq hüquq çərçivəsində, sülh danışıqları yolu ilə məsələnin həllinə çalışdı. Lakin Ermənistanın davamlı hərbi təxribatları və danışıqlar prosesini pozması nəticəsində müharibə qaçılmaz oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən uğrunda savaş noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla başa çatdı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Vətən müharibəsində qazanılan Zəfər yalnız hərbi qələbə deyil, həm də ədalətin, beynəlxalq hüququn və xalqın haqq işinin təntənəsi kimi tarixə düşdü.

27 Sentyabr münasibətilə hər il ölkə üzrə saat 12:00-da bir dəqiqəlik sükut elan olunur. Bu anlarda bütün Azərbaycan dayanır, nəqliyyat vasitələri siqnal verir, insanlar öz işlərini dayandıraraq şəhidlərin xatirəsini ehtiramla yad edirlər. Bu ənənə xalqın vahid mənəvi məkanda birləşməsinin, milli həmrəyliyin əyani təzahürüdür.

Anım Günü həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından da böyük əhəmiyyət daşıyır. Məktəblərdə, ali təhsil müəssisələrində xüsusi tədbirlər təşkil olunur, şəhidlərin həyat yolu, qəhrəmanlıqları gənclərə çatdırılır. Bu, sadəcə tarixi məlumat ötürmək deyil, həm də milli kimliyin, Vətənə bağlılığın formalaşdırılması prosesidir.

Qeyd edək ki, Anım Günü Azərbaycan xalqının yalnız keçmişə deyil, gələcəyə də baxışını formalaşdırır. Şəhidlərin qanı ilə yazılan Zəfər bu gün işğaldan azad edilmiş torpaqların bərpası, Böyük Qayıdış prosesi və regionun davamlı inkişafı üçün möhkəm təməl yaratmışdır. Bu mənada, 27 Sentyabr yalnız kədər günü deyil, eyni zamanda qürur və minnətdarlıq günüdür – Azərbaycan xalqının öz tarixi haqqını necə bərpa etdiyinin əbədi xatirəsidir.

Hər il sentyabrın 27-də bütün Azərbaycan bir araya gələrək şəhidlərimizin, qazilərimizin xatirəsini yad edir və onlara olan minnətdarlığını bir daha nümayiş etdirir. Bu, xalqımızın tarixi yaddaşının, milli kimliyinin və Vətənə bağlılığının ən aydın ifadəsidir.

Bu günün əhəmiyyəti həm də ondadır ki, o, dövlət səviyyəsində rəsmiləşdirilərək daimi xarakter alıb. Hər il təkrarlanan anım mərasimləri, rəsmi bəyanatlar, kütləvi tədbirlər sayəsində Vətən müharibəsinin tarixi heç vaxt unudulmayacaq bir hadisə kimi cəmiyyətin kollektiv yaddaşında qorunub saxlanılır.

Nəhayət, Anım Günü Azərbaycan dövlətinin və xalqının tarixi hadisələrə necə hörmətlə yanaşdığının, keçmişini necə qiymətləndirdiyinin də göstəricisidir. Bu yanaşma yalnız hərbi qələbələrə deyil, ümumilikdə milli tarixə, milli kimliyə sahib çıxmağın nümunəsi kimi qəbul edilməlidir. Bütün həmvətənlərimiz kimi, Nərmin Musayeva, Günel Məmmədova, Gülbəniz Cəfərova, Məhəmməd Əsədov, Əlihüseyn Ağayev, Bəxtiyar Hümbətov, Ədalət Muradov, Akif Abdullayev, Fikrət Ağayev, Çingiz Məmmədov, Natiq Şükürov, Ələmdar Nəbiyev, İmran Ramazanov, Rüstəm Məmmədov, Vidadi Yusifov, İlham Qaraqurbanlı, Yasin Məcidov, Tehran Rəhmanov və Əziz Mərdiyev Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirlər.

CEYHUN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…