Neytral sularda qarğıdalı daşıyan və iki Rusiya pilotsuz uçuş aparatının zərbəsinə məruz qalan Türkiyə yük gəmisinin heyətinin tərkibinə Azərbaycan və Hindistan vətəndaşları da daxildir.
Tezadlar xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, hücum nəticəsində gəminin kapitanı ölüb. Daha bir ekipaj üzvünün taleyi məlum deyil. On bir ekipaj üzvü xilas edilib, onlardan biri yaralanıb.
V.Zelenski qeyd edib ki, Ukrayna Qara dənizdə gərginliyin azaldılması və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üzrə dəfələrlə konkret addımlar təklif edib.
Ukrayna lideri qlobal ərzaq təhlükəsizliyinin bərpası üçün Rusiyaya təzyiq göstərməyə çağırıb və vurğulayıb ki, bu məsələdə maraqlı olan hər kəs gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərməlidir.







