Yaxın Şərqdə İranla ABŞ arasında yaşanan hərbi-siyasi qarşıdurmanın nə qədər davam edəcəyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Münaqişənin mümkün inkişaf ssenariləri, tərəflərin hərbi və siyasi strategiyaları, eləcə də prosesə digər dövlətlərin müdaxiləsi müharibənin müddətinə və miqyasına təsir göstərə biləcək əsas amillər sırasındadır. Bəs İran-ABŞ qarşıdurması uzunmüddətli müharibəyə çevrilərək Rusiya-Ukrayna savaşı kimi illərlə davam edə bilərmi? Tərəflərin mövqeləri və mövcud geosiyasi reallıqlar fonunda prosesin gələcəyi necə görünür? Mövzu ilə bağlı tezadlar.az-a açıqlama verən beynəlxalq hüquq üzrə amerikalı ekspert, siyasi icmalçı İrina Tsukerman bildirib:
“Düşünürəm ki, İran və ABŞ arasındakı qarşıdurma illərlə – ehtimal ki, Rusiya-Ukrayna müharibəsi qədər uzun müddət davam edə bilər; bununla belə, hərbi əməliyyatlar, çox güman ki, tamamilə fərqli bir xarakter daşıyacaq. Rusiya və Ukrayna arasında gedən müharibə böyük orduların, möhkəmləndirilmiş mövqelərin və fasiləsiz hərbi əməliyyatların cəlb olunduğu uzunmüddətli ərazi müharibəsidir”.
Siyasətçinin sözlərinə görə, ABŞ və İran hava zərbələri, dəniz blokadaları, ticarət gəmilərinə hücumlar, iqtisadi təzyiq və bir sıra ölkələrdə fəaliyyət göstərən İranın dəstəklədiyi silahlı qruplaşmalarla müşayiət olunan bir münaqişə içərisindədirlər.
İrina Tsukerman əlavə edib ki, bu vəziyyət müvəqqəti atəşkəslər, hücumların yenidən başlaması və hətta birbaşa hərbi toqquşmalar səngidikdə belə, qarşıdurmanın uzun müddət davam etməsi üçün zəmin yaradır.
Amerikalı siyasətçi qeyd edib ki, Hörmüz boğazında baş verən hadisələr münaqişəyə davamlı son qoymağın nə qədər çətin olacağını göstərir:
“İran beynəlxalq gəmiçiliyə təhlükə yaratmaq, enerji təchizatını pozmaq, Vaşinqtona və onun regiondakı tərəfdaşlarına iqtisadi zərər vurmaq imkanlarını hələ də saxlayır. Eyni zamanda, ABŞ-ın dəniz blokadası İranın ticarət əlaqələrini məhdudlaşdırmaqda davam edir. ABŞ-ın oktyabrın 10-da blokadanı yarmağa cəhd edən ticarət gəmisinə qarşı həyata keçirdiyi zərbə dənizdəki insidentlərin necə asanlıqla növbəti gərginlik dalğasına səbəb ola biləcəyini nümayiş etdirir. Vaşinqtonun nüvə proqramı ilə bağlı ciddi məhdudiyyətlər tələb etməyə davam etdiyi bir vaxtda, Tehranın əlində qalan təzyiq vasitələrindən imtina etmək üçün çox az səbəbi var”, — deyə İ. Tsukerman vurğulayıb.
Siyasətçinin fikrincə, qarşıdurmalar fasilələrlə baş verən hərbi eskalasiyalar şəklində davam edəcək. Noyabrda ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra Amerikanın məhdudmiqyaslı zərbələrinin yenidən başlanması da mümkün ssenarilərdən biridir.
Prezident Donald Trampın seçkilərə qədər əlavə hücumlardan çəkinmək niyyətində olduğunu deyən Tsukerman bildirib:
“Lakin bu öhdəlik seçkilərdən sonra baş verə biləcəklərlə bağlı ciddi qeyri-müəyyənlik yaradır. İran gəmiçiliyə mane olmağa və ya Amerikanın maraqlarına hücum etməyə davam edərsə, Vaşinqton İranın raket obyektlərini, hərbi infrastrukturunu və dəniz əməliyyatları ilə əlaqəli obyektlərini yenidən hədəfə ala bilər. Bununla belə, genişmiqyaslı quru əməliyyatı ilə İrana müdaxilə ehtimalı olduqca aşağıdır. Çünki belə bir addım fövqəladə dərəcədə yüksək hərbi, maliyyə və siyasi xərclərlə müşayiət olunar”.
Siyasətçi əlavə edib ki, qarşıdurmanın müddətinə İranın öz hesablamaları təsir göstərəcək. Onun rəhbərliyi ciddi hərbi itkilərə baxmayaraq fəaliyyətini davam etdirib və anlayır ki, nisbətən ucuz dronlar, raketlər, dəniz hücumları və regional tərəfdaşlar vasitəsilə ABŞ-a ziyan vura bilər.
İrina Tsukerman qeyd edib ki, Husilərin Səudiyyə Ərəbistanına qarşı yenidən başladığı hücumlar və Qırmızı dəniz ətrafındakı vəziyyət, döyüşlərin coğrafi baxımdan məhdudlaşdırılmasına yönəlmiş Amerika səylərini daha da çətinləşdirir. Vaşinqton və Tehran növbəti dəfə atəşkəsə nail olsalar belə, İranın dəstəklədiyi qrupların hücumları davam edə bilər. Xüsusilə də bu təşkilatların öz siyasi və hərbi məqsədlərinin formalaşdığı nəzərə alınmalıdır.
Digər narahatlıq doğuran məqamın Körfəz ölkələrinə qarşı artan iqtisadi təzyiqindən bəhs edən siyasətçi söyləyib:
“Səudiyyə Ərəbistanı və onun qonşuları artıq enerji infrastrukturu, kommersiya aviasiyası və dəniz daşımaları sahəsində fasilələrlə üzləşiblər. Qarşıdurmanın uzun müddət davam etməsi həmin ölkələri alternativ təhlükəsizlik mexanizmlərini gücləndirməyə, hərbi tərəfdaşlıqlarını şaxələndirməyə və Amerikanın müdafiəsindən asılılıqlarını yenidən nəzərdən keçirməyə sövq edə bilər. Çin də Körfəz regionundan enerji ixracının uzunmüddətli pozulmasının qarşısını almaqda ciddi iqtisadi maraqlara malikdir. Pakistan və digər vasitəçilərin iştirakı ilə aparılan danışıqlar məhdud nəticələr verməkdə davam edərsə, Pekin diplomatik prosesdə daha fəal rol oynaya bilər”.
Nüvə məsələsinin də münaqişənin həllini çətinləşdirən əlavə amillərdən olduğunu vurğulayan İrina Tsukerman deyib:
“ABŞ və İranın danışıqlar aparan nümayəndələri uranın zənginləşdirilməsi, mövcud nüvə materialları, sanksiyaların yumşaldılması və yeni hərbi qarşıdurmanın qarşısını almaq üçün tələb olunan təminatlar məsələlərində hələ də ortaq mövqeyə gələ bilməyiblər. İran baş verənlərdən belə nəticə çıxara bilər ki, nüvə imkanlarını qoruyub saxlamaq gələcək hücumlardan müdafiə baxımından daha etibarlı təminatdır. Vaşinqton və İsrail isə həssas nüvə və ya raket infrastrukturunun bərpasına yönələn istənilən cəhdi yeni hərbi əməliyyatlara başlamaq üçün potensial səbəb kimi qiymətləndirməyə davam edəcəklər”.
İ. Tsukermanın qənaətinə görə, qarşıdakı aylarda məhdudmiqyaslı zərbələrin, müvəqqəti razılaşmaların və yenidən başlanan danışıqların bir neçə mərhələsinin şahidi ola bilərik. ABŞ-da keçiriləcək seçkilərdən sonra növbəti ciddi eskalasiya ehtimalı da mövcuddur. İranın hücumları nəticəsində çoxsaylı amerikalı hərbçi həlak olarsa, Səudiyyə Ərəbistanının enerji infrastrukturu ciddi zərər görərsə və ya İsrail genişmiqyaslı cavab əməliyyatına başlayarsa, daha geniş regional müharibənin baş verməsi də mümkündür. Çox şey Vaşinqtonun dəniz təhlükəsizliyi ilə bağlı icrası təmin edilə bilən mexanizmlər yaradıb-yaratmayacağından və Tehranın öz fəaliyyətinə məhdudiyyətlər qoyulmasını qəbul etmək üçün kifayət qədər iqtisadi təşviq əldə edib-etməyəcəyindən asılı olacaq.
“Nəticədə, İran-ABŞ qarşıdurması hazırkı administrasiyanın səlahiyyət müddətini aşa və indiki hərbi kampaniyadan xeyli sonra da davam edə bilər. Hətta Hörmüz boğazının danışıqlar yolu ilə yenidən açılması belə İranın nüvə ambisiyaları, regiondakı silahlı şəbəkələr, sanksiyalar və ABŞ-ın Körfəz regionundakı gələcək hərbi mövcudluğu ilə bağlı mübahisələri aradan qaldırmayacaq. Məhz bu fikir ayrılıqları onilliklər ərzində Vaşinqtonla Tehran arasında düşmənçiliyin davam etməsinə səbəb olub. Hazırkı müharibə isə mövcud ziddiyyətlərə yeni narazılıqlar və təhlükəsizlik problemləri əlavə edərək davamlı sülh razılaşmasına nail olmağı daha da çətinləşdirib”, — deyə amerikalı siyasətçi sonda yekunlaşdırıb.
Dəniz Pənahova
İran-ABŞ münaqişəsi illərlə davam edəcək? – İrina Tsukermandan diqqətçəkən PROQNOZ






