Ötən gün Tbilisidə yerləşən Müqəddəs Georgi Katedral kilsəsinin həyətində “Dolma festivalı” təşkil olunub. 24News.ge xəbər verir ki, Gürcüstan Erməni Yeparxiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, festival Gürcüstan Erməni Qadınları “Şuşanik” İttifaqının təşəbbüsü ilə artıq 15-ci dəfə keçirilib. Festival Gürcüstan Erməni Yeparxiyasının rəhbəri, yepiskop Kirakos Davtyanın xeyir-duası və dəstəyi ilə təşkil edilib. Tədbirin keçirilməsinə Tbilisidəki Georgi və Eçmiədzin kilsələrinin xaç ataları da dəstək göstəriblər. Təşkilatçılar arasında Yeparxiyanın inzibati şöbəsinin rəhbəri Karen Yeritsyan və “Şuşanik” İttifaqının sədri Susanna Xaçatryan da yer alıblar. Festivalda Yeparxiyanın “Hayartun” və “Hovhannes Tumanyan evi” mərkəzləri, Tbilisinin 104 saylı dövlət məktəbi, “Gürcüstan Erməni İcması – HMEM Tiflis” ictimai təşkilatı, Müqəddəs Georgi kilsəsinin qadınlar qrupu, “Şuşanik” İttifaqının üzvləri və fərdi iştirakçılar iştirak ediblər.
Tədbir zamanı müxtəlif növ dolmalar təqdim olunub. Kilsənin həyətində təşkil edilən festival musiqi, mahnılar və ənənəvi rəqslərlə davam edib. Tədbirdə həm Tbilisidə yaşayan ermənilər, həm də paytaxtda səfərdə olan turistlər iştirak ediblər. Festival çərçivəsində kilsənin fəal gənclərinin iştirakı ilə dolma haqqında biliklərin yoxlanılması və yeməyin hazırlanması üzrə ustalıq müsabiqəsi də təşkil olunub. Tədbir iştirakçılara sertifikatların və simvolik hədiyyələrin təqdim edilməsi ilə başa çatıb.
Məlumat üçün bildirək ki, dolma Azərbaycan mətbəxinin ən qədim və sevilən yeməklərindən biridir. Dolma sözü türk dillərindəki dolmaq felindən yaranıb və “doldurulmuş” mənasını verir. Bu ad yeməyin hazırlanma üsulunu ifadə edir: yarpaqların və ya tərəvəzlərin içərisinə müxtəlif ərzaqlar doldurulur.







