ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə müqayisədə razılaşma əldə etməyə daha çox istəkli olduğunu bildirib. Tezadlar.az Reuters-ə istinadla bildirir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib. ABŞ Prezidenti tərəfləri məhdud atəşkəs barədə razılığa gəlməyə məcbur etdiyini qeyd edib: “Onlar enerji atəşkəsinə razılaşdılar. Bilirsiniz, niyə? Çünki mən onlara razılaşmağı dedim. Məhz buna görə. Onlar mən dediyim üçün razılaşdılar. Bu məsələ həll olunmalıdır”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, atəşkəs rejiminin pozulması halları hər iki tərəfdən qeydə alınıb: “Bildiyim tək şey budur ki, Zelenski və Putin görüşməli və bu mənasız müharibəyə son qoymalıdırlar. Təkcə bu ay müharibədə 32 min insan itiriblər. Bu, dəhşətlidir. Buna görə də onlar görüşüb məsələni həll etməlidirlər”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp Rusiya və Ukraynanın razılaşma əldə etmək istədiyini, lakin bunu necə edəcəklərini bilmədiklərini söyləyib: “Düşünürəm ki, onlar razılaşmaq istəyirlər, amma bunu necə edəcəklərini bilmirlər. Bununla belə, biz onların razılığa gəlməsinə nail olacağıq. Putin razılaşmaq istəyir və biz Zelenskinin də bunu istəməsini təmin etməliyik. Düşünürəm ki, əslində Putin razılaşma əldə etməkdə Zelenskidən daha çox maraqlıdır”, – deyə Tramp əlavə edib.






