Əsas məzmuna keç

“İran daxilində Azərbaycana münasibət birmənalı deyil” – ŞƏRH

İran-Azərbaycan münasibətləri, rəsmi Bakı ilə Tehran arasında əməkdaşlıq və qarşılıqlı etimad məsələləri gündəmdə qalmaqda davam edir. Azərbaycan İranla siyasi, iqtisadi və nəqliyyat sahələrində əlaqələrin inkişafında maraqlı olduğunu nümayiş etdirsə də, Tehranın Azərbaycana münasibəti ilə bağlı müxtəlif narahatlıqlar səsləndirilir. Xüsusilə İranın bəzi siyasi və hərbi dairələrinin Azərbaycana qarşı mövqeyi, mümkün təhdidlər və dini amildən siyasi məqsədlərlə istifadə edilməsi ikitərəfli münasibətlər ətrafında müzakirələri gücləndirir.
Bu barədə politoloq Məhəmməd Əsədullazadə Tezadlar.az-a açıqlamasında deyib ki, İran-Azərbaycan münasibətləri hər zaman müzakirə mövzusu olub:
“Prezident İlham Əliyev İranla münasibətlərin yüksək səviyyədə saxlanılmasına çalışır. Dövlət başçıları arasında keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunur. Türkmənistanda, eləcə də bundan əvvəl Tacikistan və Qırğızıstanda keçirilən görüşlər də iki ölkə arasında münasibətlərin yüksək səviyyədə saxlanılmasına yönələn səyləri göstərir. Lakin İran daxilində Azərbaycana münasibət birmənalı deyil. Xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi dairələrinin Azərbaycana qarşı mövqeyi narahatlıq doğurur. İranın keçmiş xarici işlər naziri Cavad Zərifin də ötən gün İran hakimiyyətinin Azərbaycanı təhdid kimi görməsinin yanlış olduğunu vurğulaması bu məsələnin ölkə daxilində də müzakirə edildiyini göstərir. Belə görünür ki, İranın bəzi dairələri Azərbaycanı özünə təhdid hesab etdiyi halda, rəsmi Bakı İranı qonşu və dost ölkə kimi qəbul edir”.

O qeyd edib ki, İran rəsmiləri, xüsusilə SEPAH-la əlaqəli dairələr qonşuluq və dostluq münasibətlərindən danışsalar da, praktikada Azərbaycana qarşı qeyri-dost mövqe nümayiş etdirirlər:
“Onların Azərbaycanın daxili sabitliyinə təsir göstərməyə çalışdıqları, İslam dinindən siyasi məqsədlər üçün istifadə etdikləri barədə narahatlıqlar var. Bu gün də İran tərəfindən Azərbaycana qarşı hibrid təhdidlərin davam etdiyi müşahidə olunur. Bununla belə, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə İranla iqtisadi əməkdaşlığın inkişafına töhfə verir. Müharibə dövründə də Azərbaycan İrana humanitar və iqtisadi yardım göstərib. Bütün bunlara baxmayaraq, İranın Azərbaycana qarşı qeyri-dost mövqeyi ilə bağlı suallar açıq qalır. İranın Azərbaycana münasibətdə yürütdüyü siyasətin dəyişməsi asan olmayacaq. Bunun əsas səbəblərindən biri Güney Azərbaycan məsələsidir. İranın müəyyən dairələri Azərbaycan Respublikasını Güney Azərbaycanda yaşayan azərbaycanlılar üçün bir nümunə və istiqamət göstəricisi kimi qəbul edirlər. Eyni zamanda, İran daxilində bəzi qüvvələr Azərbaycanı azərbaycanlıların gözündə düşmən obrazında təqdim etməyə çalışırlar”.
Aysel Timur

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…