Əsas məzmuna keç

Bakıda 30 illik qətlin təfərrüatı açıqlandı

Bakıda 30 il əvvəl taksi sürücüsünü öldürməkdə təqsirləndirilən Şahin Cəlilov və Hidayət Qafarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Tezadlar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Hidayət Qafarov ifadə verib.

O, hadisə günü Şahin Cəlilovla birlikdə spirtli içki qəbul etdiklərini bildirib:

“Həmin gün ‘Neftçilər’ ərazisi istiqamətində yeyib-içdik. İkimiz də bərk sərxoş olmuşduq. Taksini tapanda Şahin dedi ki, ağsaqqalsan, keç qabaqda otur. Sürücünü öldürmək fikri Şahindən gəldi”.

Hidayət Qafarovun sözlərinə görə, hadisə şəhərdən kənarda baş verib:

“Artıq şəhərdən çıxmışdıq. Maşın dayananda Şahin ipi qəfil sürücünün boğazına keçirib xirtdəyindən sıxmağa başladı. Sürücü çapalayıb xırıldamağa başladı və çox keçmədən öldü. Onun qıçından tutub aparmaqda Şahinə kömək etmişəm”.

Təqsirləndirilən şəxs hadisə barədə polisə niyə məlumat vermədiyini də açıqlayıb:

“Polisə Şahinin qorxusundan xəbər vermədim. Düşündüm ki, dəlinin biridir, sonra gəlib ailəmə xəsarət yetirər”.

Məhkəmədə öldürülən Gülməmməd Bayramovun həyat yoldaşı, zərərçəkmişin hüquqi varisi B.R. də çıxış edib.

O, həyat yoldaşının sakit və ailəcanlı insan olduğunu deyib:

“Gülməmməd çox sakit və ailəcanlı insan idi. Fövqəladə Hallar Nazirliyində işləyirdi, artıq qalan zamanında sürücülük edirdi. Hörmətli məhkəmə, sizdən xahişim budur ki, onlara ən ağır cəzanı təyin edəsiniz”.

Zərərçəkmişin hüquqi varisi təqsirləndirilən şəxslərə qarşı 150 min manat təzminat tələbi ilə mülki iddia ərizəsi də təqdim edib.

Məhkəmənin növbəti iclası noyabrın 11-i saat 14:00-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun məlumatına əsasən, hadisə 1996-cı il aprelin 10-da baş verib.

İstintaqın versiyasına görə, Şahin Cəlilov və Hidayət Qafarov əvvəlcədən əlbir olaraq “Neftçilər” metrostansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşiblər.

Onlar Suraxanı rayonunun Qara-Çuxur qəsəbəsi ərazisinə gedərkən sürücünü iplə boğaraq tamah məqsədilə qətlə yetirməkdə ittiham olunurlar.

İttihama əsasən, hadisədən sonra cinayətin izlərini gizlətmək məqsədilə meyit Qara-Çuxur qəsəbəsində beton boru xəttinin içərisində gizlədilib. Zərərçəkmişə məxsus avtomobil isə hissələrə ayrılaraq satılıb və əldə edilən pul bölüşdürülüb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstünün açıldığı bildirilib.

Təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar zamanı Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar edilib.

Bu il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarova Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…