Əsas məzmuna keç

Bakıda turistə saxta kürü satıldı – Həqiqisini necə ayırd edək?

Bakıda turistə kürü adı ilə saxta məhsul satılması bazarlarda istehlakçıların aldadılması məsələsini yenidən gündəmə gətirib. “Yaşıl bazar”dan kürü aldığını düşünən amerikalı turist məhsulun saxta olduğunu otelə qayıdıb yemək istəyərkən anlayıb. Maraqlıdır, zahirən həqiqi kürüyə bənzəyən saxta məhsulları necə tanımaq olar? Alıcılar keyfiyyətli və orijinal kürü seçərkən hansı məqamlara diqqət yetirməlidirlər?

Hadisə ilə bağlı Tezadlar.az-a açıqlama verən qidə təhlükəsizliyi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib:

“Təəssüflər olsun ki, artıq işbazlar jelatindən, nişastadan süni kürülər hazırlayırlar. Süni kürülər xüsusi texnologiya vasitəsi ilə hazırlanır. Hazırlanma zamanı balıq bulyonundan da istifadə edilir. Eyni zamanda rəngləndirici və balıq ekstraktı da əlavə olunmaqla nişasta və ya jelatinlə qatılaşdırılır”.

Mütəxəssis əlavə edib ki, “aqar-aqar” adlı qatqı maddəsini mayenin içinə damcı formasında əlavə etməklə, süni kürüləri əldə edirlər. Süni və təbii kürülərin xüsusiyyətlərindən bəhs edən qida mütəxəsisi qeyd edib:

“Süni kürülər elastik və sərt olur. Ona görə də süni kürü ağızda partlamır. Amma təbii kürülər ağızda partlayır, dəniz qoxusu və təbii dad hiss olunur. Bunu da hiss edə bilmək üçün mütəxəsis olmaq lazımdır. Yaxud da təbii kürünü mütəmadi olaraq istehlak etmək gərəkdir. Kürünü ayda-ildə bir dəfə alıb yeyən adam onun saxtalığını anlaya bilməz”.

Ağa Salamov sonda vurğulayıb ki, işbazlar öz fəaliyyətini davam etdirirlər. Ümumiyyətlə, işbaz aşkar olunarsa, onun fəaliyyətinə son qoyulmalıdır. Həmin şəxslər heç bir bizneslə məşğul olmamalıdır. Belə şəxsləri daim izləmək lazımdır. Çünki onların fəaliyyətinə son qoyulsa belə, sabah başqa şirkət adı altında yenidən çirkin əməllərini həyata keçirəcəklər.

Dəniz Pənahova

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…