…Biz azərbaycanlılar heç qoyun da saxlaya bilmirik… Gürcüstanın rəsmi statistikasına görə, 2025-ci ildə ölkə 250 mindən çox diri qoyun ixrac edərək təxminən 26,9 milyon dollar gəlir əldə edib. Bunun 177 min başdan çoxunu Azərbaycan alıb — təxminən 16 milyon dollara! Gürcüstan Səudiyyə Ərəbistanına, Qətərə, Küveytə və digər ölkələrə də qoyun satır.
Bəs biz? Əsrlər boyu qoyunçuluqla məşğul olmuş xalqıq. Muğanımız, Mil düzümüz, Qarabağımız, Kəlbəcərimiz, Laçınımız, geniş yaylaqlarımız, otlaqlarımız var. Amma indi qonşudan qoyun alırıq. Yəni heç qoyun da saxlaya bilmirik? Nə günə qalmışıq?!
Məsələ xalqın bacarıqsızlığında deyil. Problem kənd təsərrüfatının düzgün idarə olunmamasında, bürokratik maneələrdə, fermerin ehtiyac və təşəbbüslərinin yetərincə nəzərə alınmamasındadır. Torpaq da var, imkan da, təcrübə də. Amma bunları iqtisadi inkişafa çevirmək üçün səmərəli idarəçilik çatışmır.
Belə davam etdikcə nəinki irəli gedirik, bəzi sahələrdə yerimizdə sayır, hətta geriləyirik. Əcdadlarımız sürülərlə dolu yaylaqlarda qoyun saxlayırdılar, biz isə həmin qoyunu Gürcüstandan alırıq. Bədbəxtlik deyil, bəs nədir?!
Elbəyi Həsənli






