İsrail ordusu atəşkəs və çərçivə razılaşmasına baxmayaraq, cənubi Livandakı ərazilərə hava və artilleriya hücumları təşkil edib.
ABŞ-nin Tampa şəhərində Livan, İsrail və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli hərbi görüş keçirilərkən, İsrail ordusu cənubi Livana hücumlarını davam etdirib.
Tezadlar.az xəbər verir ki, Livan rəsmi agentliyi NNA-nın məlumatına görə, İsrail pilotsuz təyyarəsi cənubda Kəfərtabni və Yuxarı Nəbatiyyə şəhərləri arasındakı bir nöqtəni hədəf alıb.
İsrail döyüş təyyarələri Nəbatiyyə yaxınlığındakı Zavtar şəhərinin kənarındakı Həmra kəndinə hava hücumu həyata keçirib. Kəfər Şuba şəhəri ətrafındakı ərazi də İsrail artilleriyasının hədəfinə çevrilib.
Bu arada, İsrail pilotsuz təyyarəsi səhər saatlarından bəri paytaxt Beyrutun üzərində aşağı hündürlükdə uçuşlar həyata keçirir.
Livanda İsrail hücumları və atəşkəs prosesi
İsrail ordusu 2 martda Livana intensiv hava hücumları təşkil edərək ölkənin cənubundakı onlarla şəhəri işğal edib.
Livan hökuməti hücumlar səbəbindən ölkədəki məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.
Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən atəşkəs sonradan bir neçə dəfə uzadılıb.
Livan Səhiyyə Nazirliyi 12 oktyabrda verdiyi son açıqlamada 2 martdan bəri İsrailin ölkəyə hücumlarında ən azı 4389 nəfərin həyatını itirdiyini bildirib.
Digər tərəfdən, İsrail və Livan 26 iyunda ABŞ-nin vasitəçiliyi ilə iki ölkə arasındakı münaqişəyə son qoymaq və uzunmüddətli sülhə nail olmaq məqsədi daşıyan “çərçivə sazişi” imzalayıblar.
Saziş İsrailin işğal olunmuş Livan ərazilərindən tədricən çıxarılmasını və tərəflər arasında danışıqlar prosesinin davam etdirilməsini nəzərdə tutur. Lakin, razılaşmaya baxmayaraq, İsrail Livanda işğalını və hücumlarını davam etdirir.
ELBAR







