Əsas məzmuna keç

Ərdoğanın Əliyevə zəngi hansı siyasi mesajı verir? – Deputatdan açıqlama

Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi ilə müşayiət olunur. Dövlət başçıları arasında mütəmadi təmaslar ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, regional və qlobal proseslərin müzakirəsi baxımından da əhəmiyyət daşıyır. Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etməsi iki ölkə arasındakı münasibətləri yenidən gündəmə gətirib. Danışıq zamanı əməkdaşlığın gələcək perspektivləri və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Milli Məclisin deputatı Naqif Həmzəyev Tezadlar.az-a açıqlamasında deyib ki, oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə etdiyi telefon zəngi, ilk baxışdan, bayram təbrikinə bənzəyir:

“Lakin, zəngin məzmununa diqqət yetirəndə mesajın daha geniş olduğu görürük. Ərdoğan Azərbaycanın müstəqilliyinin 35-ci ildönümünü təbrik edib və İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib. Zirvə oktyabrın 29–30-da Türkiyənin paytaxtında olacaq. Dəvətin forması da məzmunu qədər əhəmiyyətlidir. Rəsmi dəvətnamə ilə kifayətlənmək mümkün idi, lakin Ankara dövlət başçısının şəxsən zəng etməsini üstün tutub. Bu, diplomatiyada ayrıca məna daşıyır. Türkiyə Azərbaycanın zirvədə təmsil olunmasına xüsusi önəm verdiyini göstərir. Prezident Əliyev isə zəngə və təbrikə görə minnətdarlığını bildirib, iki ölkə arasında qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. Qatılıb-qatılmayacağı barədə rəsmi açıqlama hələ yoxdur. Amma Bakı ilə Ankara arasındakı etimad səviyyəsi nəzərə alındıqda, Azərbaycanın yüksək səviyyədə təmsil olunması gözlənilən ssenaridir. Bu gözləntinin real əsası var. Azərbaycan Türk Dövlətləri Təşkilatının sadəcə üzvü deyil, onun qurucu sütunlarından biridir. Təşkilatın təməli 2009-cu ilin oktyabrında imzalanmış Naxçıvan Sazişi ilə qoyulub, hazırda isə sədr İlham Əliyevdir. Bundan əlavə, Türkiyəni Xəzər vasitəsilə Mərkəzi Asiya ilə birləşdirən nəqliyyat və enerji xətləri məhz Azərbaycan ərazisindən keçir”.

O qeyd edib ki, Orta Dəhliz də, enerji layihələri də bu körpünün üzərində qurulub. 2020-ci il Qarabağ qələbəsindən sonra Azərbaycanın Türk dünyasındakı siyasi çəkisi daha da artıb:

“Odur ki, Azərbaycansız Türk dünyasında real birlik qurmaq çətindir. Çünki birlik yalnız bəyanatlarla deyil, ortaq nəqliyyat, enerji və təhlükəsizlik layihələri ilə möhkəmlənir. Bu zəncirin ən vacib halqalarından biri isə Bakıdır. Ankara ilə Bakı arasında soyuqluq yalnız iki ölkəyə deyil, təşkilatın inteqrasiya hədəflərinə də mənfi təsir göstərə bilər. Buna qətiyyən imkan vermək olmaz.
Bu birliyin arxasında həm də iki liderin şəxsi etimadı dayanır. “Bir millət, iki dövlət” formulu Azərbaycan–Türkiyə münasibətlərinin əsas prinsipinə çevrilib. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb. Əliyev və Ərdoğan bayramlarda, ad günlərində, ildönümlərində bir-birini mütəmadi təbrik edirlər. Bu səmimiyyət protokoldan kənar, real siyasi etimad yaradır və TDT çərçivəsində ortaq mövqe formalaşdırmağı xeyli asanlaşdırır”.

Aysel Timur

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…