Almaniyada İran yönümlü şəbəkələr: kimlərdir, nə iş görürlər?
Bu yazı ilə Avropada İran İslam Respublikasının dini-siyasi təsir şəbəkələrinə həsr olunmuş silsilə araşdırmalara başlayırıq. Məqsədimiz müxtəlif Avropa ölkələrində fəaliyyət göstərən təşkilatları, onların ideoloji istiqamətlərini, fəaliyyət formalarını, mümkün maliyyə mənbələrini və İran hakimiyyəti ilə əlaqələrini Almaniya və digər Qərb ölkələrinin rəsmi sənədləri, nüfuzlu mətbuat orqanları və müstəqil araşdırma mərkəzlərinin materialları əsasında öyrənməkdir.
1. Azərbaycan mənşəli şəbəkə — Berlin
Almaniyanın taz qəzetinin 2026-cı ilin oktyabrında dərc etdiyi məlumata görə, Azərbaycan mənşəli şiələrdən ibarət dini-siyasi şəbəkənin mərkəzlərindən biri Berlindəki İmam Rza İslam Mərkəzidir. Araşdırmada bu şəbəkənin Hamburq İslam Mərkəzinin 2024-cü ildə qadağan edilməsindən sonra daha çox əhəmiyyət qazandığı bildirilir.
2. Türkiyə mənşəli Avcı şəbəkəsi
Almaniyanın democ araşdırma təşkilatının materiallarında 2019-cu ildə vəfat etmiş Türkiyə mənşəli din xadimi Muhammed Avcının tərəfdarlarından ibarət qeyri-rəsmi şəbəkədən bəhs olunur. Bu şəbəkə Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən şiə dini icmaları ilə əlaqələndirilir. Hamburq mərkəzinin bağlanmasından sonra onun nisbi əhəmiyyətinin artdığı qeyd edilir.
3. Hayhat və Müsəlman Birliyi Hərəkatı
18 oktyabr 2026-cı ildə Berlində keçirilmiş hicab etirazı bu mövzunun diqqətçəkən nümunələrindən biridir. RechercheNetzwerk.Berlin araşdırma qrupunun fotomateriallarında Hayhat və Müsəlman Birliyi Hərəkatının (MBH) birgə aksiyası sənədləşdirilib. Nümayişdə Azərbaycan bayraqları ilə yanaşı İran hakimiyyətinin rəmzlərinin də nümayiş etdirildiyi bildirilir.
MBH-nin aksiya elanında «Avropa nümayəndəliyi» ifadəsindən istifadə olunması da diqqət çəkir. Lakin bu nümayəndəliyin Almaniyada ayrıca hüquqi qeydiyyatı hələ müstəqil təsdiqlənməyib.
4. Frankfurt — yeni fəaliyyət mərkəzi
2026-cı ildə yayımlanan araşdırmalara görə, Frankfurt İran hakimiyyətinə ideoloji yaxınlığı olan dini-siyasi çevrələrin mühüm fəaliyyət məkanlarından biridir. Burada xüsusilə Əl-Qüds günü yürüşləri diqqət çəkir. Hessen əyalətinin Konstitusiyanı Müdafiə İdarəsi bu aksiyaların təşkilində İran İslam Respublikasına ideoloji yaxınlığı olan şəxslərin iştirak etdiyini bildirib.
Almaniyanın democ və American Jewish Committee Berlin təşkilatlarının 2026-cı il araşdırmasında İran, Livan, Azərbaycan və Türkiyə mənşəli dini-siyasi şəbəkələr fərqləndirilir. Onların arasında ideoloji və ictimai əlaqələr müşahidə olunsa da, bütün təşkilatların vahid mərkəzdən idarə edildiyi və ya İran dövləti tərəfindən maliyyələşdirildiyi sübuta yetirilməyib.
Bu yazı silsilə xarakteri daşıyır. Növbəti hissələrdə adı çəkilən təşkilatların yaranma tarixini, rəhbərlərini, fəaliyyətini, maliyyə mənbələrini və mümkün xarici əlaqələrini ayrıca araşdıracağıq. Təsdiqlənmiş faktları, rəsmi ittihamları və jurnalist araşdırmalarında irəli sürülən iddiaları bir-birindən ayıracağıq.
Növbəti hissə: Berlindəki Hayhat təşkilatı — kimlər tərəfindən yaradılıb, nə məqsəd güdür və İran hakimiyyəti ilə əlaqələri barədə nə məlumdur?
P.S Bu fotolar Berlində keçirilmiş son aksiyanı əks etdirir. Almaniyalı ekspertlər bu fotoları araşdırıblar. Mənim diqqətimi daha çox son foto çəkdi. Demək olar ki, onlarla bayrağın az qala hamısı İran bayraqlarıdır…
Elbəyi HƏSƏNLİ,
Surix







